Kimisi üçün ölüm-qalım döyüşü, kimisi üçün "məşq" - Təhlil
Bizi izləyin

İdman

Kimisi üçün ölüm-qalım döyüşü, kimisi üçün "məşq" - Təhlil

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start veriləcək. Demək olar ki, bütün qruplarda baş tutacaq oyunlar səviyyəsindən asılı olaraq prinsipiallığını qoruyur. Yalnız bir qrupda intriqa can üstündədir.

Komanda.az Çempionlar Liqasının son turu ərəfəsində komandaları qane edəcək hesabları incələməyə çalışıb. Əvvəlcə son oyuna arxayın çıxanlara nəzər salaq.

5 turdan sonra pley-offa vəsiqə qazanan komandaların sayı 11-ə yüksəldi. Yerdə qalan 5 vəsiqə sahibini bu gün və sabah keçirilən oyunlardan sonra tapacaq.

“Atletiko”, “Real”, “Bayer”, “Borussiya D”, “Arsenal”, “Bavariya”, PSJ, “Barselona”, “Çelsi”, “Portu” və “Şaxtyor” avrokubok macərasını Çempionlar Liqasında davam etdirməyi təmin edib.

“Real”, “Bavariya”, “Çelsi” və “Portu”nun qrup mərhələsini lider kimi başa vuracağı dəqiqləşib. “Şaxtyor” isə 2-ci pilləni təmin edib.

Belçika təmsilçisi “Anderlext” qrup üçüncüsü kimi Avroliaya vəsiqəni ötən turdan cibinə qoyub.

“Benfika” və “Qalatasaray” isə 6-cı turdan sonra da qrup sonuncusu olmaqdan qaça bilməyəcəklər. Onlar üçün avrokubok mövsümünü bitmiş hesab etmək olar. İndi isə son oyuna ciddi hazırlaşanları hansı nəticənin qane edəcəyini sadalayaq.

A qrupu

Yuventus - Atletiko: “Yuventus” qrup lideri olmaq istəyirsə, “Atletiko”nu ən azı iki top fərqiylə məğlub etməlidi.

Olimpiakos - Malmö: “Malmö” avrokuboklarla birdəfəlik vidalaşmaq istəmirsə, Avropa Liqasında oynamaq istəyirsə, qələbədən başqa şansı yoxdu. Yunanıstan təmsilçisi isə pley-offa yüksəlmək üçün son oyunda qələbə qazanmaqla yanaşı, “Yuventus”un da məğlubiyyətini arzulamalıdı.

B qrupu

Liverpul - Bazel: “Liverpul” qələbə qazanacağı təqdirdə qrup ikincisi kimi pley-offa vəsiqə əldə edəcək. “Bazel”ə isə heç-heçə də bəs edir.

Real - Ludoqorets: Bolqarıstan təmsilçisi öz aralarındakı oyunlarda həm “Liverpul”dan, həm də “Bazel”dən geri qaldığı üçün şansı yox dərəcəsindədi. “Real” qrup liderliyini təmin edib.

C qrupu

Benfika - Bayer: “Benfika” üçün avrokubok dəftəri bağlanıb. Portuqaliyalılar nüfuz matçına çıxacaq. Pley-offa vəsiqəni təmin edən “Bayer” isə liderliyi əldən verməməyə çalışacaq.

Monako - Zenit: “Monako”ya heç-heçə kifayət edir. “Zenit” yalnız qələbə sayəsində pley-offa yüksələ biləcək. Bir məsələ də var ki, qələbə qazanan komandanın “Bayer”in oyununun nəticəsindən asılı olaraq, liderliyə yüksəlmək şansı var. Almaniya klubuyla şəxsi oyunlarda “Monako” irəlidə, “Zenit” isə geridədi.

D qrupu

Borussiya D - Anderlext: Dortmund klubu şəxsi oyunlarda “Arsenal”Ia bərabərdi. Topların nisbətində isə almanlar ingilislərdən xeyli qabaqdadı. Böyük bir möcüzə baş verməsə, heç-heçə “Borussiya”nın qrup lideri olmasına kifayət edəcək.

Qalatasaray - Arsenal: “Arsenal” qrup lideri olmaq üçün İstanbulda qələbə qazanıb, “Borussiya”nın məğlubiyyətini gözləyəcək. Dortmundlular heç-heçə etsə, “Topçular” “Qalatasaray”ı 6 top fərqiylə məğlub etməlidi ki, bu da inandırıcı görünmür.

E qrupu

Bu qrupda vəziyyət çox mürəkkəbdi. “Bavariya” liderliyi təmin edib. Moskva ÇSKA-sı şəxsi oyunlarda “Roma”dan geri qalsa da, “Mançester Siti”dən öndədi. MS ilə “Roma” arasında ilk oyun 1:1 olub. Turnir cədvəlində vəziyyət 6-cı turdan sonra da olduğu kimi qalsa, “Roma” növbəti mərhələyə daha yaxın olacaq.

Roma - Mançester S: “Roma”nın taleyi öz əlindədi. Qələbə qazansa, ikinci vəsiqə “canavarlar”a çatacaq. MS qalib gəlsə, ÇSKA-nın xal itirməsini arzulayacaq.

Bavariya - ÇSKA: ÇSKA heç-heçə etsə, digər oyunda “sülh” qeydə alınmasa, Avroliqaya vəsiqə verən 3-cü pilləni tutacaq. Amma “hərbiçilər” qalib gəlsə və eyni zamanda “Roma” məğlub olsa, möcüzə gerçəkləşəcək. ÇSKA qrup ikincisi kimi mübarizəni ÇL-də davam etdirəcək.

F qrupu

Ayaks - APOEL: Burada Avropa Liqasına vəsiqə uğrunda mübarizə gedəcək. APOEL mütləq qalib gəlməlidi. “Ayaks”ı isə heç-heçə də qane edir.

Barselona - PSJ: “Barselona”nın qrup lideri olmaq üçün tək şansı var - qələbə.

G qrupu

Çelsi - Sportinq: Lissabon təmsilçisinə qrupdan çıxmaq üçün bərabərlik bəs edir. Məğlubiyyət təqdirində, portuqallar “Şalke”nin qələbə qazanmamasını gözləyəcək.

Maribor - Şalke: “Maribor” qrupu 3-cü pillədə başa vurmaq üçün qələbə qazanmalıdı. “Şalke” şəxsi oyunlarda “Sportinq”dən geri qaldığı üçün qələbə qazanıb “Sportinq”in məğlubiyyətinə bel bağlayacaq.

H qrupu

Atletik - BATE: BATE-nin Avroliqaya getmək üçün tək yolu qələbədən keçir.

Portu - Şaxtyor: Bitmiş bir fikri ifadə etmək üçün... Nəysə... Mövzudan uzaqlaşmayaq. Bu oyunda heç bir intriqa yoxdu. Hər iki komanda nüfuzuna görə oynayacaq.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm