"Zadəganlar"ı dayandıran bəxtəvər
Bizi izləyin

İdman

"Zadəganlar"ı dayandıran bəxtəvər

Ötən həftəsonu Avropanın aparıcı çempionatlarında çoxdan gözlənilən bir suala aydınlıq gəldi. «Çelsi»ni kim dayandıracaq» sualının cavabını «Nyukasl» verdi.

Bütün Avropa Joze Mourinyonun komandasının cari mövsümdə ilk məğlubiyyətini aldığını bar-bar bağırdı. Amma heç kim onları dayandıranların kim olduğuna ciddi fikir vermədi. Heç kim vurğulamadı ki, «Nyukasl»ın baş məşqçisi hələ 1-2 ay əvvəl Premyer Liqada ən uğursuz mütəxəssis hesab edilirdi. Bəs nə dəyişdi? Necə dəyişdi? Alan Pardyu yatıb yuxusunda nə gördü ki, nəhənglərin qəniminə çevrildi?

«Nyukasl»ın baş məşqçisi Alan Pardyunun cari mövsümdə yaşadıqlarına bir ad vermək olar - macəra. Adam 10 tur əvvəl demək olar ki, işini itirmişdi. İpdən asılı vəziyyətdə qaldığı vaxtda hər şey 180 dərəcə dəyişdi. Elə bil «Nyukasl» mövsümün startında məğlub olduğu oyunlarda «zaryadka» yığırmış. Qələbələr ardıcıl gəldi. Əvvəlcə «Tottenhem»i səfərdə məğlub edən «sağsağanlar» ardından Brendan Rocersin «Liverpul»una badalaq vurdu. Bir sözlə, ardıcıl 5 qələbə Alan Pardyuya qarşı olan fikirləri kökündən dəyişdi. İngiltərə mətbuatını izləyənlər bilər ki, bu məşqçi haqqında nələr yazılırdı. Azarkeşlər hər oyunda yekə-yekə banerlər açır və onu rədd olmağa çağırırdı.

Pardyu çox səbrli insandı. Bu qədər tənqidə dözmək və hələ üstəlik, öz işini görüb nəticəni səbrlə gözləmək hər məşqçinin işi deyil. «Nyukasl» tərəfdarları ona maraqlı tərif fikirləşib: «Sürüşkən bəxtəvər». Doğrudan da ingilis mütəxəssis bu günə kimi baş məşqçi postunda qaldığına görə bəxtinə minnətdar olmalıdı.

«Nyukasl» ötən mövsümü son 15 oyunda 11 məğlubiyyətlə başa vuranda Pardyunun işinə narazılıq edənlərin sayı xeyli artmışdı. Bu azmış kimi cari mövsümün startında da 6 turdan sonra «zolaqlılar»ın aktivində 3 xal vardı. Səbr kasaları ağzınacan dolmuşdu: həm azarkeşlərdə, həm də rəhbərlikdə. 53 yaşlı mütəxəssis Premyer Liqada istefa verməyə əsas namizəd idi. Hər oyunda «Sent-Ceyms Park»da ənənəvi «Pardew Out» plakatını görmək olardı.

Amma Pardyu hamının ona qarşı olduğu vəziyyətlə ilk dəfə qarşılaşmır. Azarkeşlər lap əvvəldən onun təyinatına etiraz edirdi. Çünki sabiq çalışdırıcı Kris Hyustonun qalmasını istəyirdilər. 2013-cü ilin əvvəlindən başlayaraq, istefa şüarları səslənməyə başladı. 22 oyunda 4 qələbə qazanan komandanın baş məşqçisini başqa aqibət gözləyə bilərmi? Ötən mövsümün sonlarında, Kabaye satılanda istefa dalğası yenidən şiddətləndi.

Bununla belə, ingilis mütəxəssis vəziyyətdən çıxa bildi. Komandanı 18-ci pillədən 4-cü pilləyə kimi (hazırda 7-ci yerdədi) yüksəldən Pardyu bütün mənfi rəyləri aradan qaldırdı. «Tottenhem», «Liverpul», son olaraq da «Çelsi»nin məğlub edilməsi, Liqa kubokunda da «Mançester Siti»nin mübarizədən kənarlaşdırılması suları tam durultdu. Oktyabrın əvvəlində «son ana qədər döyüşəcəm» deyən Pardyu bu gün yetirmələrinin uğurundan şəstlə danışır, Avropanın ən yaxşı komandasını məğlub etdiyini fəxrlə deyir. Onun fəxr etməyə haqqı çatır. Onun komandası «zadəganlar»ı cari mövsümdə məğlubiyyətə uğradan ilk komandadı. Pardyu isə Joze Mourinyonun məğlubiyyətsiz mövsüm arzusunun üstündən qalın xətt çəkən bəxtəvərdi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm