“İnter” müdafiəyə “oturub”, əks-hücuma bel bağlayacaq? - TƏHLİL
Bizi izləyin

İdman

“İnter” müdafiəyə “oturub”, əks-hücuma bel bağlayacaq? - TƏHLİL

Sabah Azərbaycanda tarix yazılacaq. Tərəddüd etməyin, düz eşitdiniz. Nəticədən asılı olmayaraq, sabah Tofiq Bəhramov adına Respublika stadionunda yaddaşlara həkk olunacaq matç keçiriləcək. «Qarabağ» 21:00-da dünyanın köklü klublarından sayılan Milan «İnter»ini qəbul edəcək. Artıq bir dəfə onlar Bakının qonağı olub. İki il əvvəl italyanlar bura tam fərqli əhvali-ruhiyyədə gəlmişdi. İndi vəziyyət bir qədər fərqlidi. Amma...

Mançini ikinci heyətə güvənəcək

«İnter» Avropa Liqasında qrup liderliyini təmin edib. Bunun üstünə Milan klubunun prioritet hədəfinin A seriyası olduğunu da gəlsək, «Qarabağ» üçün geniş imkanlar açılır. Amma arxı tullanmamış "hop" deməyək. Əvvəlcə baxaq görək, sinyor Roberto Mançini Bakıya kimlərlə gəlib:

Qapıçılar: Karrizo, Berni, Kosta;

Müdafiəçilər: Andreolli, Kampanyaro, Mbaye, D'Ambrozio, Donkor, Yao Skiaçça, Dimarko;

Yarımmüdafiəçilər: Obi, Krhin, M'Vila, Palazzi;

Hücumçular: Osvaldo, Bonazzoli, Baldini.

Göründüyü kimi, italyan mütəxəssis aparıcı futbolçuların çoxuna istirahət verib. Lap dəqiq təsəvvür yaratmaq üçün Roberto Mançini gələndən sonra «İnter»in meydana çıxdığı təxmini optimal heyətə diqqət edək:

Handanoviç - Naqatomo, Ranokkya, Juan Jezus, D'Ambrozio - Hernanes, Quarin, Kuzmanoviç, Kovaçiç - Palasio, Osvaldo/İkardi.

Fikirləşməyin ki, «İnter» Bakıya uduzmağa gəlir. Sadəcə olaraq, lazımsız oyuna görə futbolçuların yorulmasına ehtiyac yoxdu. Belə formal oyunlar mövsüm ərzində bir və ya iki dəfə olur. Həm də «İnter» üçün A seriyası əsas turnir olaraq qalır. Belə olmasaydı, Avropa Liqasında onsuz da işləri yaxşı gedən Valter Matsarri postundan qovulmazdı.

İndi hamını düşündürən suallardan birincisi «İnter»in «Qarabağ»a qarşı hansı əsas heyətlə meydana çıxacağıdı. Bu suala bir az sonra aydınlıq gətirməyə çalışacağıq.

Motivasiya həlledici olacaq

Çoxları Milan nəhənginin Bakıya motivasiyasız gəldiyini söyləyir. Hardasa bu fikrə haqq qazandırmaq olar. Düzdü, qonaqların baş məşqçisi son açıqlamasında ehtiyatda qalan futbolçuların da oynamalı olduğunu bildirib. Onlara özlərini göstərmək üçün şans verəcəyini vurğulayıb. Amma yenə də motivasiya həlledici məqamdı. Sabah saat 21:00-da meydana hansı tərəf daha çox istəkli çıxsa, üstünlük onun tərəfdə olacaq.

Təbii ki, hər iki tərəf rəqibə hörmət əlaməti olaraq ehtiyatlı danışır. Mançini «Qarabağ»ı tərifləyirsə, Ağdam klubunun kapitanı Rəşad Sadıqov düşünür ki, aparıcı futbolçuların Bakıya gətirilməməsi qələbənin asanlıqla qazanılacağı anlamına gəlmir.

Kimin ağlına gələrdi ki...

Əslində hər iki tərəfin fikirlərinə hörmət etmək lazımdı. Gəlin əyri oturaq, düz danışaq. Avqustda Avropa Liqasının qrup mərhələsinin püşkü atılanda kim inanırdı ki, son tur ərəfəsində 2-ci vəsiqəyə daha yaxın olan klub «Dnepr», «Sent-Etyen» yox, məhz «Qarabağ» olacaq. Bura kimi gəlməklə Qurban Qurbanovun komandası böyük nailiyyət əldə edib. Avrokubokların qrup mərhələsində ilk qələbə qazanan və ən çox xal toplayan «Köhlən atlar»a daha bir tarixi uğura imza atmaq üçün bircə qələbə lazımdı. Doğma azarkeşlərin dəstəyi altında bunu bacarmaq olar.

Yeri gəlmişkən, əks effekt deyilən bir nüans da var. Stadionun dolu olacağı dəqiqdi. Hamı «Qarabağ»ı qələbəyə səsləyəcək. Amma bu çağırışlar futbolçularn üzərində psixoloji təzyiq yaratmamalıdı. Meydana çıxıb rahat oynamaq və rəqibə öz oyununu diktə etmək vacibdir.

«İnter» qapalı oynayacaq

Mançininin Bakıya gətirəcəyi futbolçuları amplua üzrə nəzərdən keçirəndə belə təsəvvür yaranır ki, «İnter» qapalı futbol oynayacaq. 8 müdafiəçi, 4 yarımmüdafiəçi və 3 hücumçuya bel bağlayacaq italyan mütəxəssis yəqin ki, müdafiə taktikası seçəcək. Onun meydana buraxacağı start heyəti təxminən belə olacaq: Karrizo, Andreolli, Vidiç, Mbaye, D'Ambrozio, Donkor, Obi, Krhin, M'Vila, Osvaldo, Bonazzoli. Bu, sadəcə ehtimaldı. Müəyyən dəyişikliklər ola bilər. Amma ümumi fikir beder ki, Bakıda meydana «İnter»in ikinci heyəti çıxacaq. Hər halda, bu futbolçuların çoxunu əsas heyət üzvləriylə müqayisə etmək olmaz. Mançininin onlara ilk tapşırığı qapını toxunulmaz saxlamaq olacaq. «Qarabağ» pley-offa vəsiq qazanmaq istəyirsə, ilk növbədə hücum haqda düşünməlidi. Rəqib də buna anlayır və əks-hücumlardan maksimum yararlanmağı düşünür.

Özünüzə inanın, meydanı qolsuz tərk etməyin!

«Beynəlmiləlçilər» çoxlu sayda qol buraxmaları ilə fərqlənirlər. Bu mənada «İnter» A seriyasının cari mövsümündə ən zəif 7 komandadan biridi. Amma Avroliqada F qrupunda ən az top buraxan komandada «göy-qaralar»dı. Həm də Roberto Mançininin gəlişinə baxmayaraq, Milan klubu hələ də relsə düşməyib. Komanda tarixinin ən pis mövsümlərindən birini yaşayır. A seriyasında son 5 oyunda qələbəyə həsrət qalan «neradzurra» 4 oyundu qapısını toxunulmaz saxlaya bilmir. Avropa Liqasında da qrup mərhələsinin birinci yarısında heç kim italyanları məyus edə bilməmişdi. Amma son iki oyunda həm «Sent-Etyen», həm də «Dnepr» onlara qol vurub. «Qarabağ» niyə vurmamalıdı ki? Yeri gələndə, ağdamlılar həm ukraynalılardan, həm də fransızlardan üstün olduğunu göstərib. Odur ki, özünüzə inanın, meydanı qolsuz tərk etməyin, tarixin növbəti səhifəsini yazın!

Belə fürsət bir də Allah bilir nə vaxt əlimizə düşəcək...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm