Hamı ehtiyatlı danışır, amma... - “Tarixi şansı əldən qaçırmamaq üçün...”
Bizi izləyin

İdman

Hamı ehtiyatlı danışır, amma... - “Tarixi şansı əldən qaçırmamaq üçün...”

Xəbər verdiyimiz kimi, bu gün Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqanın F qrupunun son turunda İtaliyanın "İnter" klubunu qəbul edəcək.

Bir çox mütəxəssislərin fikrincə, italyanlar, adətən, müdafiə futboluna üstünlük verir. Görəsən, təmsilçimiz italyanların müdafiəsini qıra biləcəkmi? Maraqlıdır, bugünkü oyunla bağlı mütəxəssislərimiz nə düşünür?

Publika.az bununla bağlı bəzi mütəxəssislərimizin fikirlərini öyrəndi.

Şahin Diniyev, Azərbaycanın tanınmış, təcrübəli mütəxəssisi:

“Qarabağ”ın qrupda bütün oyunları çətin idi. Bu, həlledici oyundur. Təmsilçimizin taleyi öz əlindədir. Belə deyərdim, tarixi şansı əldən qaçırmamaq üçün “İnter”ə qalib gəlməliyik. Ancaq qarşısındakı rəqib də sıradan biri deyil. İtaliyanın ən güclü klublarından biridir. Hamımız bir azərbaycanlı, “Qarabağ”a dəstək olan biri kimi ümid edirik ki, təmsilçimiz bu imtahandan üzüağ çıxacaq. 22:45-də hamı kimi biz də “Qarabağ”ın qələbəsinə sevinək.

Klubumuzu olduqca çətin oyun gözləyir. Çox söz demək olar. Amma “İnter” ikinci heyətlə gəlir” söhbəti ilə razı deyiləm. Ola bilər ki, oyun praktikası əsas heyətdən az olsun. Ancaq bu o demək deyil ki, “İnter” zəifdi.

İtalyanların müdafiədə oynayacağı yanlış fikirdir. “İnter” klubu “Barselona” ilə müdafiədə oynaya bilər, ancaq inanmıram ki, “Qarabağ”la müdafiədən oynasın.

Orada olan futbolçuların potensialı təkcə müdafiədə oturmağa yönəlmir.

Düşünürəm ki, az qollu bir oyun olacaq”.

Vəli Qasımov, U-19 millimizin sabiq baş məşqçisi, veteran futbolçu:

“Qarabağ” həm Avroliqada, həm də ölkə çempionatında özünü yaxşı tərəfdən göstərir. “İnter”lə oyun isə bu günə qədərki ən vacib matçlardan biridir. Məncə, “İnter” cütün favoritidir. Ancaq “Qarabağ”ın qalib gəlmək şansı var. Bütün hallarda komandamızdan nəticə gözləyirəm.

“Qarabağ”a çox çətin olacaq. Komandamız “İnter”ə qalib gələ bilməsə də, buna təəssüflənmək lazım deyil. Çünki qrup mərhələsinə vəsiqə qazanmaq “Qarabağ” üçün böyük uğurdur.

Komandamızın zədəli futbolçuları var. Zədəlilərin hər biri vacib futbolçulardır. Ancaq “Qarabağ”ın oyun sistemi elədir ki, hər bir futbolçunu əvəz etmək mümkündür. Düşünürəm ki, onların yoxluğu “Qarabağ”a problem yaratmaz

“Qarabağ”ın taleyi öz əlindədir. Qalib gəlməklə, pley-offa yüksələ bilər. Yəqin ki, komandamız meydana yalnız qələbə üçün çıxacaq.

O ki qaldı ikinci heyətlə gəlməsinə, düşünürəm ki, Mançininin ehtiyat qüvvəyə şans verməsi "Qarabağ"ın işini çətinləşdirəcək”.

Nazim Süleymanov, tanınmış futbol mütəxəssis:

“Bütün oyunlar vacibdir. Ancaq bu oyunun əhəmiyyəti daha böyükdür. Çünki tarixdə ilk dəfə avrokubokların pley-off mərhələsinə yüksəlmək imkanımız var. Hər şey "Qarabağ"ın öz əlindədir. Bizim bir səfər qələbəmiz var. İstərdim ki, komandamızın ev qələbəsinin də şahidi olaq. Çünki həmin qələbə Ağdam klubunu qrupdan çıxaracaq.

“İnter”in ikinci heyətlə gəlməsini "Qarabağ" ümumiyyətlə düşünməməlidir. Komandamızı İtaliyanın nəhəng klublarından biri ilə çətin mübarizə gözləyir. “İnter” artıq növbəti mərhələyə vəsiqəni təmin ediblər. Onu da bildirim ki, Mançininin ikinci heyətə şans verməsi "Qarabağ"ın işini çətinə sala bilər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm