Dünyanı heyrətə salan “əl” - Gizli saxlanılan “miras”
Bizi izləyin

İdman

Dünyanı heyrətə salan “əl” - Gizli saxlanılan “miras”

O, yarımmüdafiəçi mövqeyində forma geyinib, milyonlarla adam tərəfindən dünya futbol tarixinin ən yaxşı futbolçularından biri kimi qəbul edilib. O, futbolun ən dəcəl oğlanı adlandırılıb.

Publika.az bu dəfə oxucularına “II taym” layihəsi çərçivəsində karyerasının zirvəsində ikən etdiyi səhvlərlə futbola son qoymalı olan Dieqo Maradona haqqında məlumat verəcək.

Maradona Argentina millisinin heyətində 1986-cı ilin dünya çempionu, 1979-1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu, İngiltərə millisinin qapısına vurulan və “Əsrin qolu” adını alan topun müəllifidir.

Kasıb ailənin arzularının hədiyyəsi

O, 1960-cı il oktyabrın 30-da Argentinanın paytaxtı Buenos-Ayres şəhəri yaxınlığında yaşayan don Dieqo və Don Dalmanın ailəsində 4 qızdan sonra ilk varis olaraq dünyaya gəlib. Don Dieqo ilk oğluna öz adını qoymağı qərarı alıb. Həqiqətən də, kiçik Dieqo dörd bacı - Rita, Ana, Elza və Mariyadan ibarət səs-küylü qadın kampaniyasını vaxtında sakitləşdirib. Daha sonra Maradona ailəsində daha iki oğlan - Uqo və Raul dünyaya göz açıb.

Ailənin “arzularının hədiyyəsi” hesab edilən Dieqo Maradonaya 7 yaşının tamamında ilk futbol topu hədiyyə verilir. Bu, onun xəyallarının, arzularının hədiyyəsi idi.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə gerçəkləşib. Belə ki, dostu Maradonanı o vaxtlar "Los Sebollitas" komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış edib. Amma onun futbolçu kimi yetişməsində atasının rolu böyük olub. Belə ki, kiçik Dieqoya ən vacib futbol fəndlərini atası öyrədib. Məktəbdə isə tez zamanda məşhur “Argentinos Xuniors”un gənclərdən ibarət komandası sayılan “Los Sebollitas” klubuna qəbul edilib.

Elə ilk məşqlərdə də o, ən yüksək nəticələr göstərib. Hətta bir dəfə gənc Dieqo sınıq ayağı üzündən oynaya bilməyən yoldaşına deyib ki, onun əvəzinə 3, öz yerinə isə 2 qol vuracaq. "Los Sebollitas" onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb.

Maradona xatirələri ilə bağlı müsahibələrinin birində belə demişdi: “Biz meydançada maşına bənzəyirdik. Hamını hətta 20:0 hesabı ilə məğlub edirdik. Biz Argentina çempionu olan “River Pleyt”in məşhur yeniyetmələrinə qarşı oynamağı arzulayırdıq. Nəhayət, bu matç baş tutdu. 7:1 hesabı ilə qalib gəldik. Özüm gözəl qol vurdum. Ümumilikdə isə vəd etdiyim kimi, 5 qola imza atdım. Rəqibin necə qəzəbləndiyini və bütün meydança boyunca arxamca qaçdığını görmək mənə həzz verirdi”.

Gizli saxlanılan “miras”

1976-cı ildə - 12 yaşında "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb. Komandanın məşqçisi Dieqonun əsl yaşını gizlətməli olub. Çünki yaşı minimal həddən də aşağı idi. Yeniyetmə futbolçu başqa adla oynamaq məcburiyyətində qalıb. 1973-cü ildə “Argentinos” Evita Kubokunun finalında 5:4 hesabı ilə “River Pleyt”i məğlub etdi. Bu oyunda Maradona 7 nəfəri keçərək, qol vurdu. Qısa müddət sonra o, “Argentinos”un 7-ci, ardından 5-ci, 3-cü və nəhayət, əsas komandasında peyda oldu.

“Dəyirmançı atam”

Dieqonun bütün uğurlarına baxmayaraq, ailəsi ehtiyac içində idi. Lakin ata-Dieqo oğlunun futbola şiddətli həvəsinə heç vaxt sədd çəkmirdi. “Atam dəyirmançı işləyirdi. Dəyirmançı atam, daim işdən yorğun qayıdırdı. İki növbədə - səhər və axşam işləyirdi. Dəyirmana dəni, demək olar ki, sutka boyunca gətirirdilər və narın un dərhal sahibinə qaytarılırdı. Lakin günorta nahar edəndən sonra əlimdən tutaraq, məni kluba aparırdı” deyə Maradona müsahibələrinin birində keçmişi xatırlayaraq danışmışdı.

Cazibədar həmsöhbətinə həsr etdiyi qol - “Ona təşəkkür edin”

Onun ilk ən parlaq və vacib debütü kimi “Argentinos”un heyətində 1976-cı ildə keçirdiyi matç sayılır. Həmin vaxt Dieqonun komandası uduzsa da, onun meydançadakı çıxışı milyonlarla fanatına sevimli klubunun məğlubiyyətini unutmaq imkanı vermişdi. Maradona məşqçidən tutmuş jurnalistlərədək hamını təəccübləndirmişdi. Onun peşəkarlığına və ustalıqla çıxışına hətta rəqibləri də qibtə ediblər. Lakin bu matç onun yaddaşında təkcə istedadı ilə hamının qürur duyması kimi yox, bundan heç də az əhəmiyyət kəsb etməyən daha bir fakt kimi qaldı. Məhz həmin matçdan sonra ona Kristina adlı bir qız yaxınlaşıb və gənc futbolçuya təşəkkür edib. Deyib ki, komandanın məğlubiyyətində onun günahı yoxdur. Əvəzində Maradona söz verib ki, növbəti dəfə qollarından birini cazibədar həmsöhbətinin şərəfinə vuracaq. Belə də olub. Düz iki həftə sonra “San-Lorenso” ilə matçda o, həddən artıq gözəl qol vurub. Bu zaman komanda yoldaşları onu təbrik etməyə tələsərkən, Dieqo həmklublarını dayandırıb və üzünü Kristinanın oturduğu tribunaya tərəf tutub, “Mənə yox, bax, ona təşəkkür edin” - deyə qışqırıb.

“Tanrının əli”

18 yaşında ikən Maradona öz ölkəsinin milli komandasında heyrətamiz qollara imza atıb. Sonra isə 1982-ci ildə İspaniyada keçirilmiş dünya çempionatında bir çox oyun keçirib. 1986-cı il Meksika mundialında 5 qol vurub və komandasını dünya futbolunun liderinə çevirib. 1980-ci illər argentinalılar üçün ən parlaq dövr olub.

Məhz həmin vaxt Maradonanın gözəl oyunu sayəsində Argentina millisi dünya çempionu olub. Həmin turnirdə Dieqo əllə qol vurub. 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub.

Dieqonun özü isə sonralar müsahibələrinin birində belə şərh vermişdi: “Bu, mənim əlim deyildi, Tanrının əli idi”.

O vaxtdan Maradonanı “Tanrının əli” adlandırmağa başladılar. Meksikadakı mundialdan sonra Maradona İtaliyaya yollandı. Yerli azarkeşlər üçün bu, əsl bayram idi. O dövrdə argentinalı ulduz üçün italyan azarkeşlər xüsusi himn də bəstələmişdi.

12 milyon dollarlıq transfer - qadağan olunmuş maddə

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə - 12 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub. O vaxtlar Dieqo “Mən “Napoli”də oynadığım üçün xoşbəxtəm” deyirdi.

1994-cü ildə Amerikada təşkil edilən dünya kubokunda qadağan olunmuş maddə istifadə etməsi səbəbindən turnirdən kənarlaşdırılan Maradona 15 ay yaşıl meydanlardan uzaq qaldı. Həmin vaxt argentinalı futbolçunu ilyarımlıq diskvalifikasiya etdilər. Bütün “günah”larına baxmayaraq, Maradonanı Neapolda səbirsizliklə gözləyirdilər. Bu arada o, 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında Argentina yığması ilə gümüş medal qazanmışdı. Lakin Dieqo mundialdan bir il sonra “Napoli” ilə müqaviləni birtərəfli qaydada pozmağı və öz cibindən təzminat pulu ödəməyi qərara aldı.

Bundan əlavə, Maradona zaman keçdikcə yaşıl meydanlardan daha da uzaqlaşırdı. Gecə həyatı, spirt, kokain aludəçiliyi onun futbol həyatını məhv edirdi. İtaliyada futbol oynayarkən tanış olduğu və yaxın əlaqələri olan mafiya üzvləri ona başağrısı verirdi. Ona verilən qüsursuz istedadı məhv etmək üçün sanki əlindən gələni edirdi. Amma o, belədir: yaxşı, ya da pis, hər qərarı özü verir və ürəyi istədiyi zaman hər kəsə meydan oxuyur. ABŞ-dakı mundialda ikinci oyunundan sonra futbolçunun qanında efedrin tərkibli preparat izləri aşkarlandı. Beləliklə, Maradonanı dünya çempionatından kənarlaşdırdılar.

Qalmaqalların adamı

Məşqçilik karyerası da qalmaqalla yadda qalıb. Cəzalı olduğu müddətdə o, vətənində “Deportivo Mandiyu” və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Xuniors"a qayıdıb. 1997-ci ildə futbolçu karyerasını başa vurandan sonra o, özünü məşqçi kimi sınamağa başlayıb. Lakin futbolçu kimi qazandığı şöhrəti məşqçilik karyerasında qazana bilməyib. Əvəzində əsas qalmaqallı şəxs kimi o, hamıdan çox gündəmdə qalmağı bacarıb. 2004-cü ildə təyyarəyə gecikərkən, dostları ilə birgə Rio-de-Janeyro hava limanında VİP-personalar üçün zalda çaxnaşma törədib. O, dəfələrlə “ürək aritmiyası” diaqnozu ilə xəstəxanaya düşüb. Lakin həqiqətdə diaqnoz bir qədər fərqli olub.

Maradona bir neçə dəfə narkotik asılılığından müalicə olunub. 2008-ci ilin oktyabrından 2010-cu ilin iyununadək Maradona Argentina yığmasının baş məşqçisi olub, komanda ilə dünya çempionatının 1/4 finalınadək irəliləyib.

Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh etmişdi: "Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər".

Adına kilsə açdılar - Narkotiklə mübarizə kampaniyasına qatıldı

2002-ci ildə Buenos-Ayresdən 300 km aralıdakı Rosario şəhərində Maradonanın fanatları onun şərəfinə “İqlesiya Maradoniana” adlı kilsə açıblar. Həmin vaxt onlar “Dahi idmançı əbədi yaşamalıdır” deyirdilər.

Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona, Uruqvayda narkotiklə mübarizə kampaniyasına qatılıb. Bundan əlavə, o, dəfələrlə bu cür kampaniyaların təşkilatçısı olub. Xəstəxanalarda narkotikdən mübarizə aparanları da həmişə ziyarət edib. Onları iradəli olmağa çağırıb.

Ləqəbləri

Armando Maradonanın “Kosmik Məngənə”, “Tanrının əli”, “Qızıl övlad”, “Qol Kralı” kimi ləqəbləri olub.

Milli komandadakı karyerası

95 dəfə Argentina millisinin formasını geyinən əfsanəvi Maradona bu matçlarda 36 qola imza atıb.

Komanda uğurları

Dünya Çempionu -1986

Vitse-dünya çempionu - 1990

İspaniya kubokunun sahibi - 1983

İspaniya liqa kubokunun sahibi - 1983

İspaniya superkubokunun sahibi - 1984

İtaliya çempionu - 1987, 1990

İtaliya kubokunun qalibi - 1987

UEFA kubokunun qalibi - 1989

İtaliya superkubokunun sahibi - 1990

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm