“Azarkeşlərimiz bu oyunu həmişə 1:0 bizim xeyrimizə xatırlayacaqlar”
Bizi izləyin

İdman

“Azarkeşlərimiz bu oyunu həmişə 1:0 bizim xeyrimizə xatırlayacaqlar”

"Qarabağ" - "İnter" oyunuyla bağlı bu gün Ağdam klubunun rəhbərliyinin mətbuat konfransı keçirəcəyini xəbər vermişdik.

Publika.az xəbər verir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlər qarşısına çıxaraq, çex hakimin komandasının qolunu qeydə almamasından danışıb:

"Dünən stadionda epizodu görə bilmədim. Daha sonra epizodlara baxarkən, hər şey aydın oldu. Siz də həmin epizodu gördünüz. Biz dekabrın 15-də Nyonda püşkatmada olmalı idik. Amma təəssüf ki, burda hakim səhvini müzakirə edirik. Biz etiraz haqqımızdan istifadə etmək istəyirik. Azərbaycan futbolunu Avropada layiqincə təmsil etdik. Ümid edirik ki, UEFA bu səhvi etiraf edəcək.

Nəticə dəyişməsə də, səhvin etirafı bizə mənəvi təsəlli olar. Bu məsələnin üstünə getmək istəmirəm. Bu həm bizə, həm də futbolçulara pis təsir edə bilər. Dünənki oyunda nə baş verdiyini bilmirəm. Nəsə söyləyə bilmərəm, çünki heç bir sübutum yoxdur.

Biz gələcəkdə bu cür səhvlərin təkrarlanmayacağına inanırıq. Bütün ziddiyyətli məqamlar üzrə şikayət edəcəyik. Çalışacağıq ki, bu hal bir də təkrarlanmasın. UEFA bununla bağlı tədbirlər görməlidi. Tarixdə bu oyunun hesabı 0:0 kimi qalsa da, azarkeşlərimiz bu oyunu həmişə 1:0 bizim xeyrimizə xatırlayacaqlar".

Mətbuat konfransında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da iştirak edib. Komitə sədri "Qarabağ"a qarşı hakim haqsızlığının olduğunu deyib:

“Hakimlərin oyunu idarə etməsində ciddi problem vardı. Hakimlər briqadası oyunu düzgün idarə etmədilər. Həmin epizodda Leroy Corc oyundankənar vəziyyətdə olsaydı belə, FİFA və UEFA-nın qaydalarına görə oyunu dayandırmaq olmazdı.

Corc topa müdaxilə etmirdi. Müdafiəçidən də 3-4 metr aralı idi. Bu, təmiz qol idi. Baş hakim özü məsuliyyəti üzərinə götürüb qərar verə bilərdi. Hakimin qərəzli olması barədə əlimizdə sübut yoxdur. Amma UEFA-nın hakimlərinin bu cür kobud səhv etməsi şübhələrə əsas verir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm