Manipulyasiya elə belə olur - Bakını Zaqatala zənn edirsən...
Bizi izləyin

İdman

Manipulyasiya elə belə olur - Bakını Zaqatala zənn edirsən...

Azərbaycan Premyer Liqasında 16-cı tura dekabrın 13-də start veriləcək.

Alibi də var - “Simurq” bizə işləsəydi...

Turun ilk oyun günündə cəmisi bir qarşılaşma olacaq. Özü də necə “qarşılaşma”. Zaqatalada Azərbaycan futbolunun “qardaşlar”ı üz-üzə gələcək. Futbol ictimaiyyəti “İnter” - “Simurq” qardaşlığından o qədər deyib ki, bu komandaların rəhbərliyi də manipulyasiya etmək məcburiyyətində qalıb. Elə ilk dövrənin Bakıda keçirilən qarşılaşmasında da bu yol tutuldu. Gözlənilməz və dəhşətli bir nəticə qeydə alındı o qarşılaşmada. “İnter” “Simurqa”a qalib gələ bilmədi. Oyun qolsuz bərabərliklə başa çatdı. Bu dəfə “İnter”in qalib gəlməməsi üçün heç bir maneə yoxdu. Hətta əldə alibi də var: “Simurq” bizə işləsəydi, Bakıdakı oyunda qalib gələrdik”.

Manipulyasiya elə belə olur də. Bakını Zaqatala zənn edirsən, ictimai qınağı nəzərə alıb, hərəyə bir xal götürürsən, əvəzində isə Zaqataladan 3 xalla qayıdırsan. Dekabrın 13-də bu ssenari olsa, PFL rəsmilərinin çempionatda sağlam rəqabətin olması ilə bağlı dediklərini nağıl kimi qəbul etmək məcburiyyətində qalacağıq. Statistika da bu komandaların “böyük-kiçik qardaşlığı”ndan xəbər verir. “Böyük qardaş” “İnter” “kiçik qardaş” “Simurq” üzərində əzici üstünlüyə malikdi. 22-ci görüşədək oyunların yarısından çoxunda qalib gələn tərəf “İnter”di. “Bankirlər” son duellərdə də üstündü. “İnter” ardıcıl 4 matçdı ki, rəqibindən qol buraxmır. 15 görüşdə qalib gələn “İnter” cəmisi 3 oyunda məğlub olub. Daha 3 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqi də “bankirlər”in xeyrinədi - 11:32.

Qəbələdə psixoloji baryeri kim adlayacaq?

Turun qalan 3 görüşü isə dekabrın 14-də keçiriləcək. Ən prinsipial qarşılaşma Qəbələdə olmalıdı. Muntyanu ilə yolları ayıran “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşma haqda ikili münasibət bildirmək olar. “Qarabağ”ın Avroliqada “İnter”lə çətin oyundan çıxması meydan sahiblərinin üstünlüyüdü. Üstəlik, hakimin haqsızlığı ilə üzləşən “köhlən atlar”ın psixoloji durumu da qaydasında deyil. Elə oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov da bu amili qabardaraq, futbolçuları belə vəziyyətdən çıxarmağın çətin olacağını bildirmişdi. “Qəbələ”nin baş məşqçi ilə yollarını ayırmasını, düşərgədə əhval-ruhiyyənin qaydasında olmamasını isə “Qarabağ”ın üstünlüyü saymaq olar. Muntyanunun komandasında oyun nizam-intizamı, xətlər arasında əlaqə yox idi. Müvəqqəti məşqçi Sənan Qurbanov bu çatışmazlığı aradan qaldıra biləcəkmi? Olduqca çətindi. “Qarabağ” nə qədər yorğun olsa da, Azərbaycan çempionatında istənilən qarşılaşmadan qalib ayrılmağa qadirdi. “Köhlən atlar”ın ehtiyatda qalan yerliləri də, “Qəbələ”nin daim oynamaq şansı qazanan azərbaycanlılarından diridi. Çox güman ki, məhz bu amil “Qəbələ”dəki qarşılaşmanın taleyini həll edəcək.

“Qarabağ”la son 7 oyunda “Qəbələ” xal qazana bilməyib. Bu qələbə seriyasının son 3 görüşündə ağdamlılar qol da buraxmayıb. Ümumilikdə isə 26-cı duel öncəsi “Qarabağ” böyük üstünlüyə malikdi. “Köhlən atlar” 13 qələbə qazanıb, 5 dəfə məğlub olublar. 7 görüş isə heç-heçə başa çatıb. Top fərqində də “Qarabağ” üstündü - 21:35.

“Xəzər Lənkəran” borcludu...

Ötən tur qazandığı qələbə ilə turnir cədvəlində mövqeyini xeyli yaxşılaşdıraraq “dördlüyə” qoşulan “Xəzər Lənkəran” “Bakı”nın qonağı olacaq. Cənublular yüksəlişi davam etdirmək üçün yaxşı imkana malikdilər. “Bakı”nın futbolçuları nə qədər əzmkarlıq göstərsə də, komandanın durumu istər-istəməz onlara təsir edir. Peşəkar futbolçuların daha nağıllara inanan vaxtı deyil. “Bakı” rəhbərliyi isə nağıl danışmaqdan yorulmur. Güman ki, “Xəzər Lənkəran”la oyundan əvvəl də rəhbərlik futbolçulara şirin nağıl danışacaq, məvaciblərin veriləcəyi ilə bağlı. Amma çətin ki, “zolaqlı” forma geyənlər göydən 3 almanın düşəcəyinə inansın. “Xəzər Lənkəran” mənən sınan bu komandaya qalib gəlməyə borcludu. Yalnız arxayınçılıq və məsuliyyətsizlik cənubluları bu qarşılaşmada qələbədən edə bilər. Belə arxayınçılıq və məsuliyyətsizlik isə indiki məqamda cinayət sayılmalıdı. “Xəzər Lənkəran”ın futbolçuları yəqin ki, belə cinayətə qol qoymazlar. Rəqiblərin yubiley - 30-cu dueli ərəfəsində paytaxtın eyniadlı təmsilçisinin cüzi üstünlüyü var. “Xəzər Lənkəran” qələbə sayında tarazlıq yaratmağa, “Bakı” isə 10-cu dəfə 3 xal əldə etməyə yaxındı. Cənublular son qarşılaşmada böyük hesabla qalib gəlsə də, 5 ildir səfərdə qələbə qazanmır. Belə ki, bakılılar evdəki son 8 qarşılaşmada yenilməyib. “Bakı” indiyə qədər keçirilən 29 oyunun 9-unda qələbə qazanıb, 8 görüşdə isə məğlub olub. 12 qarşılaşma heç-heçə başa çatıb. Top fərqində isə cənublular üstündü - 29:32.

“Ağ-qaralar” qələbə qazanmağa məhkumdu

Turun daha bir qarşılaşmasında Azərbaycan futbolunun yeni “qardaşlar”ı üz-üzə gələcək. Qismən AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətinə keçən “Neftçi” elə onun “fenomenal” layihəsi olan “Sumqayıt”ı qəbul edəcək. “Kiçik qardaş” yəqin ki, tərslik etməz. “Neftçi” bu oyunda asanlıqla qol vurub, qələbə qazanar yəqin. Əslində “ağ-qaralar” qələbə qazanmağa məhkumdu da. Əks təqdirdə, həm “Qarabağ”dan, həm də “İnter”dən uzaq düşə bilərlər. 10-cu dəfə qarşılaşacaq komandaların oyunlarında “Neftçi”nin üstünlüyü var. Öz meydanındakı 4 qarşılaşmada cəmi 1 dəfə uduzan “ağ-qaralar” top fərqində daha böyük fərqə nail olub. Lakin “Sumqayıt” son iki səfər matçında rəqibinə uduzmayıb. Ümumilikdə, indiyə qədər keçirilən 9 oyunun 5-ində “Neftçi” qalib gəlib, 1 görüş heç-heçə başa çatıb, 3 qarşılaşmada isə “Sumqayıt” qalib gəlib. Topların fərqində də “ağ-qaralar” üstündü - 21:10.

Azərbaycan Premyer Liqası,16-cı tur

13 dekabr

17:00 Simurq - İnter

14 dekabr

14:00 Bakı - Xəzər Lənkəran

15:00 Qəbələ - Qarabağ

17:00 Neftçi - Sumqayıt

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm