Messi şair olsaydı
Bizi izləyin

İdman

Messi şair olsaydı

Çox adam bilmir ki, "Çelsi"ylə oyundan sonra Messi evə getmədi. Həmişə yalnızlığı ilə baş-başa qaldığı kafeyə yollandı. Qoca Xose həmişəki kimi onu mehribanlıqla qarşıladı, qabağına pivə qoydu. Bu kişi bəlkə də Messini sevən ən səmimi adamdı. "Sən şair olmalıydın, Messi. Oğlum, sənin bu qaçdı-tutduda, top-topda nə işin var? Sənin içində böyük bir istedad yatır".

Qoca Xose həmişə ona belə deyirdi. Əslində qocanın dediyini yaxşı başa düşürdü. Bəlkə də içindəki adını qoya bilmədiyi hiss onun şairliyinə aid idi. Bunu bilmirdi.

Futbola təzə başladığı vaxtlar idi. Hansısa komandayla qarşılaşmışdılar. Onda Messi yaxşı oynaya bilmədi. Meydançanı tərk edəndə özündən asılı olmadan ağladı. İçindəki sıxıntını yalnız bu cür çıxara bilmişdi. Sevgilisi o gün onu yad adam kimi qarşıladı. Hələ qonşular Messinin eşidə biləcəyi bir tərzdə: "Futbol hara, bu hara?" dediklərini də eşitdi.

Halbuki bu adamlar Albacete ilə oyundan sonra onu Maradonın davamçısı adlandırmışdılar. Onun haqqında kitab da yazılmışdı, mahnı da. Arda Turan Messi haqda: "O bu dünyadan deyil" deyəndən sonra Messi futbolun zirvəsində olduğunu anlamışdı. Amma həmin gün bürkülü istidə o başa düşmüşdü ki, həyatda çox yalnızdır. Onun tənhalığını pozan tək şey isə futbol oyunları idi. O zaman ona elə gəlirdi ki, insanlar da onun yanındadır.

İndi pivəni yudumlaya-yudumlaya Messi düşündü ki, gərək onun yalnızlığına heç kim toxunmasın. Axı, "İncil"də İsa peyğəmbər nə demişdi? "Tənhalıq bir istedaddır, bunu Tanrı hər kəsə vermir".

Bəlkə də onun yalnızlığı oynadığı futbollarda göstərdiyi mükəmməl oyunların fövqündə dururdu. Yalnızlıq Messinin içindəki şairliyin əyani göstəricisi idi.

Qoca Xose qarşısında dayandı: "Messi, insan tək olanda dünyanı daha yaxşı anlayır. Tanrı ona görə bəzi insanları tənhalığa yuvarlayır ki, Ona öz yalnızlığı bəs eləmir. Sən oynadığın bütün oyunlarda da tənhasan. Sanki sən oynayanda ətrafında hər şey sükutla əvəzlənir".

Qoca belə danışmağı hardan öyrənmişdi? Necə ola bilərdi ki, onun içindəki sıxıntını düppədüz üzünə deyə bilir? Messi Xoseyə baxanda düşündü ki, həyatın dibində çapalayan hər adamın insanları oxumaq istedadı var. Messi indi dostlarının arasında olsa onlar onu tərifləyəcək, bəlkə də göyün yeddinci qatına qaldıracaqdılar.

Ancaq heç kim bu qoca kimi səmimi ola bilməzdi. Onun gözlərindəki sükut Messiyə uşaq vaxtı atasının ona aldığı velosipedi, "Qvardiola"da oynadığı oyunları, ilk sevdiyi qadını, yalnızlığını, insanları anladırdı.

Messi daha burda dura bilmədi. Çıxıb şəhəri gəzməyi qərara aldı. Küçə işıqlarının söndüyü, tək-tük insanların göründüyü yerlər Messiyə öz çıxılmazlığını xatırladırdı. Uşaq olanda böyümə hormonunun çatışmazlığı xəstəliyi ucbatından evə anlaşılmaz bir kədər çökmüşdü. Onda atası əlini hər şeydən üzmüşdü.

Anası gecələr Messini qucaqlayıb səbəbsiz ağlayırdı. O zaman Messi öləcəyini, bir daha topa toxuna bilməyəcəyini düşünmüşdü. Gecə yuxuda özünün öldüyünü dəfələrcə görmüşdü, ölümü duymuşdu. Ancaq sonra hər şey yaxşı oldu, "Barcelona" onu transfer etdi və Messinin əməliyyat xərcləri üstələndi.

Bütün bu uzaq xatirələr indiki bu məqamda daha acı gəlirdi insana. Anasının: "Messi, sən mənim ən böyük ağrımsan" deməsini heç vaxt unuda bilmirdi. Uşaq vaxtı yaddaşında qalan tək şey adamların gözlərindəki çıxılmazlığın işarəsiydi. Bəlkə də onun futbola qoşulmağı o çarəsiz insanların arasından çıxmaq cəhdiydi. Lakin indi düşünür ki, əslində hər yerdə bir çıxılmazlıq var. İnsanlar hər yerdə eynidir və nə qədər yaxşı olsan da Tanrı ancaq səni sınağa çəkir, sənə əzab verir.

Messi parkdakı kətildə oturub kirimişcə dinləyirdi. Ona həmişə elə gəlib ki, dünyada ən böyük çığırtı sükutdur. Messi evə getmək istəmirdi. Bilirdi ki, onu orda futboldan ayıran bir şey var, o evdə ya şair olmalısan, ya qatil.

Atasının sözləri yadına düşdü: "İnsanlar belədi, Messi. Unutma, nə vaxt ki, zəif bir yerin oldu, həmişə ordan tutub sənin hətta yalnızlığına belə əngəl ola bilərlər. Yadından çıxartma, həyat ciddi adamları sevmir heç vaxt".

Messi bu sözləri öz-özünə deyəndə içindəki adını bilmədiyi hissin tərpəndiyini anladı. İndi hətta bu çıxılmazlığına belə ağlaya bilməyəcək qədər tənhaydı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm