30 saniyəlik “kliniki ölüm” və ya daldan atılan daş hakimə dəyər
Bizi izləyin

İdman

30 saniyəlik “kliniki ölüm” və ya daldan atılan daş hakimə dəyər

Dünən yaşadıqlarımız nə idi? Sözün düzü, mən hələ də o qolun şokundan ayılmamışam. 90+3-cü dəqiqədə yaşadığım 30 saniyəlik sevinc, emosiyadan sonra içimdə qəribə bir boşluq var. Bu gün səhərdən fikirli olmuşam. Ağlıma min cür fikir gəlib.

Vaxt var idi, klublarımızın avrokubokların qrup mərhələsində oynamasını arzu edərdik. İki il əvvəl bu arzumuz yerinə yetsə də, o dövrdən yadda qalan çox şey olmadı. Sadəcə bir-iki heç-heçə və sonuncu yer, bir az da Avropa səhnəsinin atmosferini hiss etdik, vəssalam. Bu il «Qarabağ» qrupa düşəndə nədənsə daha ümidli idim. «Köhlən atlar» ümidlərimi puç etmədi. Bizə ilk qələbə sevincini, qrup sonuncusu olmamaq hissini və ən nəhayət, 1/16 final həyəcanını yaşatdı. Düzdü, biz yazdakı mübarizədən kənarda qalsaq da, xəyali olaraq, özümüzü orda hiss edirik.

Neçə illərdi klublarımızın avrokuboklardakı mübarizəsini izləyirik. Yəqin etiraf edərsiz ki, həmişə püşk atılan ərəfədə ən zəif rəqiblərin bizə düşməsini arzulayardıq. Amma Avroliqanın qrup mərhələsindəki rəqiblər haqda danışanda çoxluq həm «Dnepr»in, həm də «Sent-Etyen»in keçiləsi rəqib olduğunu deyirdi. Biz yanılmamışdıq. Düzgün təhlil etmişdik. «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov isə bizdən də yaxşı təhlil etmişdi qrupdan çıxmağın yollarını. Amma özü ədalətli insan olduğu üçün ədalətsizliyi təhlil etməmişdi.

Hələ də özümə gələ bilmirəm. Adamın ağlına müxtəlif cür versiyalar gəlir. Çexiyalı hakimlər niyə belə elədi? Variantların bir neçəsini deyəcəm. Deməsəm, ürəyim partlayar.

1. Birinci növbədə ağıla gələn Qarabağ adının Avropada populyarlaşmamasıdı. Təsəvvür edirsiz, «Qarabağ» 1/16 final mərhələsinə yüksəlsəydi, bütün dünya bizi daha yaxından tanıyacaq, dolayısıyla Qarabağın Azərbaycana məxsus olduğunu hər kəs bir daha görəcəkdi.

2. Bir versiya da UEFA prezidenti Mişel Platiniylə bağlıdı. Söz-söhbət gəzir ki, guya Platini «Sent-Etyen»in qrupda qaldığını görəndən sonra təcili çexiyalı hakimlərə siqnal gəlib ki, «Qarabağ» da qrupda qalmalıdı. «Dnepr»in pley-offa çıxmasından sui-istifadə edən ali futbol qurumu müharibə şəraitində yaşayan ukraynalılara məhz belə yardım etdiyini göstərmək istəyib.

3. Mövzuya o qədər uyğun olmasa da, dünya praktikasından da bir nümunə çəkmək istəyirəm. İraqda futbolun hansı səviyyədə olmasından yəqin ki, xəbəriniz var. Səddam Hüseynin dövründə milli komanda qitəmiqyaslı yarışlarda 1/4 finaldan uzağa gedə bilmirdi. Amma ABŞ-ın qanadları altına girəndən sonra İraq Asiya çempionatının qalibi oldu. Bunu elə belə xatırlatdım.

«Qarabağ» - «İnter» oyunundakı hakim hoqqabazlığına çox söz qoşmaq olar. Dünəndən bu günə minlərlə status yazılıb, rəylər verilib. İspaniyadan, Braziliyadan, Türkiyədən, hətta xoşumuz gəlməyən Rusiyadan da «Qarabağ»ın haqsızlığa uğramasına şərh verilib. Gör işin harasıdı ki, çex hakim Miroslav Zelinkanın həmvətənləri də onun qərarını absurd adlandırıb.

İş-işdən keçib artıq. Ağlayanlar ağladı, heyifslənənlər heyifsləndi, qınayan qınadı, söyən söydü, udan uddu, uduzan da uduzdu...

Bütün bu yaşadıqlarımız bir müddətdən sonra təsirini itirəcək. Amma...

Hörmətli idman yazarımız, Natiq müəllim demişkən mənfi yüklü hadisədə də müsbət çalar tapmaq mümkündü. “Qarabağ”ın haqqı tapdalandı, qrupdan çıxa bilmədi. Amma əvəzində indi bütün dünya “Qarabağ”dan yazır. Bəlkə də “Qarabağ” qrupdan çıxsaydı, belə ajiotaj olmayacaqdı, belə təbliğat alınmayacaqdı, əksəriyyəti bunu təsadüf kimi qəbul edəcəkdi.

Natiq müəllim düz buyurur. Lap quşu gözündən vurub. İndi Braziliyadan tutmuş Rusiyaya qədər bütün dünya mətbuatı “Qarabağ”dan yazır. Heç Qarabağın işğalına dünya mətbuatında belə reaksiya olmamışdı. Məgər bu müsbət məqam emosiyaları cilovlamağa bəs etmir? Bir az ciddi düşünsək bəs edər. Bu, futboldu. Futbolda belə hallar olur. 32 ildi ingilislər Maradonanın əlini söyür, 50 ildi almanlar Tofiq Bəhramovu lənətləyir. Biz də çexiyalı tapdıq söyməyə. Amma nə deyirsiz deyin, bu məsələdə qalib gələn “Qarabağ” oldu. Sözün bütün mənalarında.

Azarkeşləri başa düşürəm. Üç aydı «Qarabağ»la nəfəs alırdılar. Avropa Liqasındakı hər oyunu səbirsizliklə gözləyirdilər. Bəlkə də bu oyundan o biri oyuna kimi olan dövrdə qəpiyi qəpiyin üstünə qoyub bilet üçün pul yığanlar da olub. İndi onların gücü yalnız çexiyalı hakimi söyməyə çatır. Biz artıq taleyimizlə barışmalıyıq. Bundan sonra deyilən sözlər hesabı dəyişməyəcək. Sadəcə atalar misalını xatırladacaq: daldan atılan daş çexiyalı hakimə dəyər.

Son söz əvəzi: Dünən 30 saniyə müddətində yaşadığım emosiyanı 34 ildə yaşamamışdım. Buna görə Qurban Qurbanova və yetirmələrinə təşəkkür etməyə dəyər. Ruhdan düşməyin. Biz qrupda qala-qala bütün dünyanı lərzəyə gətirməyi bacardıq. Görün, qrupdan çıxanda nələr olacaq. O anları da bizə yaşatmaq üçün ruhdan düşməyin, Qurban müəllim və yetirmələri!

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm