Messi mövqeyini dəyişir
Bizi izləyin

İdman

Messi mövqeyini dəyişir

Futbol dünyası tezliklə Messini yeni ampluada izləyəcək. “Barselona”nın lideri meydandakı rolunu dəyişir.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Barselona” - PSJ matçı azarkeşləri darıxdırmadı. Bundan başqa, kataloniyalıların qeyri-adi taktikası çoxlarını təəccübləndirdi. “Barsa” Fransa çempionuna qarşı 3 hücumçuyla oynadı və Messi onların arasında yox idi. Argentinalı bu dəfə meydanın dərinliyindən oynayırdı. Hücumçulara “top daşıyırdı”.

Əslində İspaniyada çoxdan belə söz-söhbət gəzir ki, Messi karyerasını yarımmüdafiəçi kimi bitirəcək. Leonun mövqe transformasiyası ləng getsə də, istiqamət doğrudur. Futbol dahisi “Barsa”da sağ cinah hücumçusu kimi oynamağa başlayıb. Sonradan ampluasını dəyişərək mərkəz hücumçusu kimi oynayıb. Bundan sonra o, mövsümdən-mövsümə məhsuldarlıq statistikasını yaxşılaşdırıb. Təsadüfi deyil ki, az qala hər dəfə meydana çıxanda Leo kiminsə rekordunu “məhv edir”.

Yəqin ki, yayda Luis Suaresin “Barsa”ya qoşulması da bu dəyişiklikdə öz rolunu oynayır. PSJ ilə oyunda uruqvaylı hücumun sivri ucunda yer aldı. Messi isə rəqibin bir neçə futbolçusunun diqqətini üzərinə çəkməklə oyundaşlarına boş zona yaradırdı. Nəticə uğurlu alındı. Luis Enrikenin yetirmələri cari mövsümdə ən yaxşı oyunlarından birini keçirdi.

Görünən odur ki, Messi yavaş-yavaş hücumdan yarımmüdafiə xəttinə çəkiləcək. Zaman keçdikcə əvvəlki sürətin də olmayacağı məlum məsələdir. Mərkəzdə isə onun ağıllı oyunu və intellektual ötürmələri komandasına fayda verə bilər.

Messi bu il də saysız-hesabsız rekordlar qırdı. Onların arasında ən yaddaqalanlarını xatırlamaq yerinə düşərdi.

“El-Klasiko”da qollarının sayını 21-ə çatdıran Messi “Real”ın əfsanəvi forvardı Alfredo Di Stefanonu (18 qol) geridə qoydu.

Rumıniyalı superbombardir Dudu Georgesku 1976/77 mövsümündə Buxarest “Dinamo”sunun heyətində 47 qol vuranda ağlına da gəlməzdi ki, 35 ildən sonra - 2011/12 mövsümündə Messi İspaniya çempionatında 50 qol vuracaq. Yeri gəlmişkən, Ronaldo onların hər ikisini üstələyə bilər. Portuqaliyalı hücumçu dekabrın ortalarına kimi aktivinə 25 qol yazıb.

Bu yaxınlarda Messi “Atletik”in forvardı, İspaniya çempionatları tarixinin ən yaxşı bombardiri Telmo Sarranın yarım əsrlik rekordunu da tarixin yaddaşına köçürtdü.

Sarranın rekordunu qırdıqdan üç gün sonra Leo Raulu da geridə qoydu və Çempionlar Liqasının ən sərrast futbolçusu adına sahib çıxdı. Düzdü, Messini bu göstəricidə Ronaldo qarabaqara izləyir.

2012-ci ildə 91 qolla Ginnesin rekordlar kitabına düşən Messi alman Herd Mülleri (85 qol) ordan sıxışdırıb çıxartdı.

Ən əsas və çoxları üçün mübahisəli mövzu: Messi “Qızıl top”u 4 dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm