İspaniya hökuməti “Barselona” və “Real”ın hegemonluğuna qarşı
Bizi izləyin

İdman

İspaniya hökuməti “Barselona” və “Real”ın hegemonluğuna qarşı

İspaniya hökuməti “Barselona” və “Real”ın hegemonluğuna qarşı

İspaniya hökuməti La Liqanın yayım gəlirlərinin paylaşdırılması üçün yeni qanun layihəsi hazırlayır. Publika.az xəbər verir ki, bu barədə İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas məlumat verib.

Tebas bildirib ki, hökumətin hazırladığı yeni qanun layihəsi "Real" və "Barselona"nın yayım gəlirlərini azaldacaq.

İspaniyada "hovuz sistemi" 2001-ci ildə ləğv olunub. Bundan sonra yayım gəlirlərinin bölgüsünda "Real" və "Barselona" ilə digər klublar arasında uçurum yaranıb. Hazırda bu iki futbol nəhəngi digər La Liqa klublarından 7 qat artıq yayım gəliri əldə edir. İngiltərədə bu rəqəm 1.5, Almaniyada 2.1, Fransada 3.2, Türkiyədə 3.7, İtaliyada isə 4.5-di. "Real" və "Barselona" özlərinə ən çox yaxınlaşa bilən "Valensiya" və "Atletiko"dan 3 qat artıq qazanır.

Bu vəziyyət La Liqanın turnir cədvəlində də öz əksini tapır. Cari mövsümdə "Atletiko" möhtəşəm şəkildə mübarizə aparsa da, son 10 mövsümdə ilk iki yerdə "Real" və "Barselona"dan başqa sadəcə bir dəfə "Vilyarreal" düşə bilib. Bu durumu düzəltmək üçün yenidən "hovuz sistemi"nin bərpası gündəmə gəlsə də, Madrid və Barselona təmsilçilərinin böyük pay istəyi anlaşmanın baş tutmasını əngəlləyir. İki nəhəng mövcud anlaşmalarla ildə 140 milyon avro yayım gəliri əldə edir.

Xavyer Tebas bildirib ki, yeni qanun layihəsi "Real" və "Barselona"nın La Liqanın ən az qazanan klubundan 4.5 dəfədən artıq gəlir əldə etməsini əngəlləyəcək.

O həmçinin qeyd edib ki, hökumət İspaniyanın önəmli markası hesab etdiyi futbolla bağlı bir çox qanunlarda dəyişikliklər etməyi planlaşdırır.

Ölkənin idman naziri Migel Kardenal da uzun müddətdi ölkədə futbolu qaydaya salmağa çalışır. Böyük maliyyə böhranı zamanı Avropa Birliyindən yardım istəyən hökumət futbola görə sərt xəbərdarlıqla qarşılaşmışdı. Belə ki, hazırda klubların 1 milyard avrodan artıq vergi borcu var. Bundan başqa, iflasa uğrayan banklarda klublara verilmiş milyardlarla avro dondurulmuş kreditlər var.

Artıq klubların borcları yenidən düzənlənib və qəbul olunan yeni qanunla borcların ödənilməsi üçün dövlətə yayım gəlirlərini müsadirə etmək hüquqi verilib. Bundan başqa Avropa Birliyi İspaniya klubları ilə bağlı araşdırmalara başlayıb.

Qurumun Rəqabət Komissiyasına daxil olan şikayətlər əsasında 7 klubla bağlı iş açılıb. Onların arasında "Real", "Barselona", "Valensiya" və "Atletik" kimi İspaniyanın önəmli klubları da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm