«Bermud üçbucağı»: «Qızıl top» haqda proloq
Bizi izləyin

İdman

«Bermud üçbucağı»: «Qızıl top» haqda proloq

Futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan «Ballon d`Or» sahibini gözləyir. Noyabrda açıqlanan və dekabrın əvvəllərində sayı üçə enən namizədlərin siyahısı yenə mübahisələrə səbəb oldu. Amma bu mübahisələrin artıq yeri yoxdu. Çünki «final üçlüyü» məlumdu. Ronaldo ardıcıl ikinci «qızıl top»una qovuşmaq üçün Messi və Noyerlə rəqabətdən qalib çıxmalıdır.

Ümumiyyətlə, artıq ənənəyə çevrilib. Hər ilin sonunda mübahisə üçün əla imkan yaranır. Futbolçular «qızıl top» həyəcanını yaşadığı vaxtda ictimaiyyət «23 nəfərlik» siyahıya düşən və düşməyən futbolçuların layiq olub-olmadığını müzakirə edir.

«Qızıl top» mükafatının tarixinə nəzər salsaq, görərik ki, seçimlərdə Çempionlar Liqası və dünya çempionatlarında qalib gələn komandaların futbolçuları üstünlük təşkil edir. Bəlkə də bu üzdən indi «bermud üçbucağı» yaranıb. Məsələ burasındadı ki, bu gün hamı bir ağızdan Ronaldo və Messiyə bərabər futbolçu tanımadığını deyir. Amma...

Almaniya millisinin dünya çempionatında qalib olması vəziyyəti qəlizləşdirir. Müəyyən kütlə, hətta tanınmış futbol adamları da qənimətin alman futbolçulardan birinə (indiki məqamda Manuel Noyerə) çatmalı olduğunu bildirir. Həm də ədalət naminə, alman qolkiper həm dünya çempionatını, həm də 2014-cü ili yüksək səviyyədə keçirib. Bundan başqa, Noyer müasir futbolda kiçik inqilab edərək qapıçının da müdafiəçi kimi oynamaq bacarığını göstərib.

«Qızıl top»un son sahibi Ronaldo rəqiblərindən bir addım öndə görünür. 2014-cü ili fantastik keçirən portuqaliyalı ulduz «Real» azarkeşlərinin «Desima» həsrətinə son qoyaraq Çempionlar Liqasının qalibi olub, İspaniya kubokunu və UEFA superkubokunu qazanıb. Onun vurduğu qolları saymaq üçün az qala kalkulyatora ehtiyac duyulur. Hər şeydən əvvəl Ronaldo bir döyüşçüdü. Meydanda həm psixoloji, həm də fiziki cəhətdən hamıdan güclü təsir bağışlayan Kriştianonun DÇ-2014-ə getmək üçün keçirilən İsveçlə pley-off oyunları da göstərdiyi qəhrəmanlıq da az əhəmiyyət daşımır. Demək olar ki, Ronaldo Portuqaliya millisini təkbaşına Braziliyaya apardı. Orada uğursuzluqla üzləşməsi isə onun günahı deyil. Sadəcə komandanın potensialı daha yüksək yerlər uğrunda oynamağa imkan vermir...

Messidən nə yazasan? Adam nə lazımdırsa, meydanda özü «yazır». O, bir fenomendi, dahidi, azarkeşlər demişkən «yadplanetlidi». Hərdən fikirləşirsən ki, bundan sonra dünyaya onun kimi futbol sehrbazı gəlməyəcək...

Bəzən bir titul çox şeyi həll edir. Məsələn, Argentina dünya çempionu olsaydı, bütün dünya birmənalı şəkildə «Qızıl top»u Leoya verəcəkdi. Çünki onun kolleksiyasında yalnız bir çatışmayan kubok var. Amma olmadı. Ötən mövsümün «Barselona» üçün uğursuz olduğunu da nəzərə alsaq, məntiqlə Messi «final üçlüyü»ndə şansı ən az olan namizəddir.

Ümumiyyətlə, sona qalan üç namizəd haqda çox danışmaq olar. Amma bir yazıya yerləşdirmək çətin olar. Qarşıdakı günlərdə «Qızıl top»un hər üç namizədi haqda xüsusi yazımız olacaq.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm