Özünüzü kiməsə göstərib, “cəhənnəm yuvası”ndan qurtulun! - AFİŞA
Bizi izləyin

İdman

Özünüzü kiməsə göstərib, “cəhənnəm yuvası”ndan qurtulun! - AFİŞA

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına dekabrın 17-də start veriləcək. İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq.

Abıra qısılmaq - nə vaxta qədər?

Günün yeganə oyununda təhlükəli zonada qərarlaşan komandalar üz-üzə gələcək. Artıq əminliklə söyləmək olar ki, AZAL-ın çempionatda heç bir iddiası qalmayıb. “Təyyarəçilər” belə büdcə və heyətlə elə layiq olduqları yerdə qərarlaşıblar. Baxmayaraq ki, çempionatın əvvəlində klub rəhbərliyinin iddiası yerə-göyə sığmırdı. Elə AZAL-ın baş məşqçisi Tərlan Əhmədov da məqsədlərinin avrokuboklara vəsiqə əldə etmək olduğunu bildirmişdi. İndi AZAL şükür edə bilər. Şükür edə bilər ki, “Araz Naxçıvan” fəaliyyətini dayandırdığı üçün elitadan düşmək təhlükəsindən uzaqdır. Güman ki, mövsümün sonunda “təyyarə”ni anqara göndərəcəklər. Təmir üçün. Amma belə büdcə ilə bu AZAL-ı “təmir” etmək mümkünsüzdür.

“Bakı”dan isə danışmağa dəyməz. “Zolaqlılar” çoxdan göydə Allahdan, yerdə Hafiz Məmmədovdan ümidini üzüb. “Bakı”nın futbolçularının meydana çıxıb oynamasına yalnız bir ad vermək olar: “Abıra qısılmaq”. Ancaq nə vaxta qədər? Belə davam edəcəyi təqdirdə, “Bakı”nın heyətində olan bir-iki gənc futbolçu da inkişaf etmək əvəzinə, mənən sındırılacaq. “Bakı” rəhbərliyi imkanları götür-qoy edib, bu futbolçulara azad agent statusu verməlidi. İddiası olmayan komandaların oyununda qalib gəlməyin və ya məğlub olmağın heç bir əhəmiyyəti yoxdu. İndi AZAL-ın da, “Bakı”nın da futbolçuları yalnız bir məqamı - “özünü kiməsə göstərib, qışda “cəhənnəm yuvası”ndan qurtulmağı” düşünürlər. Yolunuz açıq olsun!

“Bakı” paytaxt derbisində daha çox qalib gəlib. Son 3 qarşılaşmada AZAL xal qazana bilməyib. Paytaxtın eyniadlı təmsilçisi isə 4 görüşdü meydanı qolsuz tərk etmir. 23 oyunda 10 qələbə qazanan “zolaqlılar” 8 dəfə məğlub olub. 5 qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də “Bakı” üstündü - 22:19.

Şərtləri nə dəyişə bilər?

Turun qalan oyunları dekabrın 18-də keçiriləcək. Turnir cədvəlinə nəzər salsaq, mərkəzi qarşılaşma “İnter” - “Neftçi” oyunu sayılmalıdı. Lider “Qarabağ”ın ən yaxın izləyicilərinin mübarizəsində sözsüz ki, hər iki komanda qələbə qazanmağı düşünür. Ancaq necə? Həm Tsxadadze, həm də Əsədovun qələbə resepti belədi: “Müdafiədə diqqətli ol, rəqibin səhvindən yararlan”.

“Qapımızdan qol buraxmayaq, sonrası Allah kərimdi” düşüncəsinə əsaslanan məşqçilərin duelində azarkeşlərin bəxti necə gətirə bilər? Necə gətirə bilər ki, onlar baxımlı futbola tamaşa etsinlər? Sözsüz ki, erkən qol. Erkən qol olsa, şərtlər də dəyişəcək mütləq. “Neftçi”nin “Sumqayıt”la oyunda 3 qol vurması da “ağ-qaralar”ın hücum potensialının açılmasından xəbər vermir. “İnter”in müdafiəsi “Sumqayıt”ın müdafiəsi deyil. Ancaq “Neftçi”nin “kiçik qardaş”ı ilə oyunda 2 qol buraxması Arif Əsədovu mütləq həyəcanlandırmalıdı. Belə “müdafiə divarı”nı yarmaq “bankirlər” üçün çətin olmaz. Hətta onların hücum potensialı zəif olsa belə. Bütün hallarda, bu rəqiblərin qarşılaşmasında məşqçilərin taktiki döyüşü diqqət mərkəzində olacaq.

“İnter” son 4 paytaxt derbisində məğlub olmayıb. Ümumi balansda üstünlüyə malik olan “Neftçi” rəqib meydanındakı son iki görüşdə xal qazanmayıb. 96 qolun vurulduğu derbi məhsuldar olsa, yubiley - 100-cü qol qeydə alına bilər.

“İnter” indiyə qədər keçirilən 40 oyunda 8 qələbə qazanıb, 19 dəfə məğlub olub. 13 oyun heç-heçə başa çatıb. Topların fərqində “Neftçi”nin böyük üstünlüyü var - 36:60.

Azarkeşlər üçün əla fürsət

Turun daha bir prinsipial qarşılaşmasında “Xəzər Lənkəran” “Qarabağ”ı qəbul edəcək. 15-ci turda “Qəbələ”ni darmadağın etməklə, Muntyanunun istefasını rəsmiləşdirən “ağ-yaşıllar”ın “Bakı” ilə oyunda da qalib gələcəyi gözlənilirdi. Ancaq “Xəzər Lənkəran” rəqibin qapısına yol tapa bilmədi. Güman ki, “fırtınalar meydanı”ndan uzaq düşən “Xəzər Lənkəran”ın oyununa süni-təbii örtük amili də təsir edir. “Qəbələ” ilə süni örtüklü meydanda qarşılaşan futbolçular “Bakı” ilə təbii örtükdə oynamalı oldular. Örtüyün dəyişməsi istər-istəməz futbolçuların oyun keyfiyyətinə təsir edir. “Qarabağ”la oyunda isə bu amildən şikayət olmayacaq. “Xəzər Lənkəran” “köhlən atlar”ı “fırtınalar meydanı”nın yenilənmiş təbii örtüyündə qəbul edəcək. Düzdü, yeni qazona ilk dəfə ayaq basan futbolçular uyğunlaşma ilə bağlı çətinliklər yaşayacaqlar. Ancaq elə “Qarabağ”ın futbolçuları da örtük baryerini aşmalıdı. “Köhlən atlar”ın dərdi bu olsaydı, nə vardı ki...

Hələ aradan qalxmayan psixoloji baryer də var axı. Avroliqada “İnter”lə oyunun son dəqiqəsində yaşanan dram hələ də futbolçuların düşüncəsinə hakimdi. Bütün Azərbaycan 5 gündü ki, şokdan ayıla bilmir, bu şoku meydanda yaşamış futbolçular necə ayılsın? Ancaq bütün hallarda, bu qarşılaşmada baxımlı futbola şahidlik edəcəyimiz dəqiqdi. Hər iki komanda yaradıcı oyun sərgilədiyindən, “Xəzər Lənkəran” - “Qarabağ” oyunu rəngarəngliyi sevən azarkeşlər üçün əla fürsətdi.

Yubiley - 30-cu duel öncəsi Lənkəran təmsilçisi top, Ağdam klubu qələbə sayında öndədi. Cəmi 4 heç-heçə edən rəqiblər 11 matçdı “sülh” bağlamır. Cənublular son 3 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

“Xəzər Lənkəran” indiyə qədər baş tutmuş 29 oyunun 12-də qalib gəlib, 13 dəfə məğlub olub. 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində “köhlən atlar” öndədi - 34:31.

Bu da onlar üçün şans

Turun daha bir qarşılaşmasında isə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Muntyanunun istefasından sonra “Qəbələ”nin futbolçuları sanki dirçəliblər. “Qarabağ”la qarşılaşmada oyunçular daha enerjili və yaradıcı görünürdülər. Deyəsən, qəbələli futbolçuları buxovlayan elə Muntyanunun futbol fəlsəfəsiymiş. Hər halda, “Sumqayıt”la oyunda bu məqama aydınlıq gələcək. Üstəlik, “Qəbələ”də yeni baş məşqçi də var. Sumqayıtdakı qarşılaşma ukraynalı Qriqorçuka özünü göstərmək baxımından futbolçular üçün əla fürsət sayılmalıdı. Kim bu fürsətdən yararlanmayacaqsa, özündən küssün.

Ardıcıl 4 oyunda rəqibinə qalib gələn “Qəbələ” “Sumqayıt”la matçlarda böyük üstünlüyə malikdi. Bütün qarşılaşmalarda rəqib qapısına yol tapan şimallılar son 3 görüşdə 3 qol vurub.

“Sumqayıt” indiyə qədər keçirilən 9 oyunda 1 dəfə qalib gəlib. “Sülh”ü sevməyən rəqiblərin qalan 8 duelindən “Qəbələ” qalib ayrılıb. Top fərqində də “Qəbələ”nin əzici üstünlüyü var - 7:22.

Natiq

Azərbaycan Premyer Liqası, 17-ci tur

17 dekabr

14:00 Bakı - AZAL

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

18 dekabr

17:00 Xəzər Lənkəran - Qarabağ

“Xəzər Lənkəran” mərkəzi stadionu

15:00 Sumqayıt - Qəbələ

“Kapital Bank Arena”

17:00 İnter - Neftçi

“İnter Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm