Avropanın ən güclü 8 komandası hansılar olacaq? - TƏHLİL
Bizi izləyin

İdman

Avropanın ən güclü 8 komandası hansılar olacaq? - TƏHLİL

Dünən İsveçrənin Nyon şəhərində avrokubokların pley-off mərhələlərinin püşkatma mərasimi keçirildi. Qitənin ən nüfuzlu klub turnirində maraqlı cütlər yarandı. Bir az tez olsa da, indidən kimin növbəti mərhələyə adlamağa şanslı olduğunu təhlil etməyə çalışdıq.

PSJ - Çelsi

1/8-ə kim gedəcək: Çelsi

Blanın hiyləgər taktikası, Demba Banın uğurlu toxunuşu, Joze Mourinyonun künc bayrağı tərəfə şığıması və İbrahimoviçin kədərli baxışları - bütün bunlar 8 ay əvvəl, apreldə bu komandalar arasında Londonda keçirilən oyundan qalan xatirələrdi. Bu ilin yazında PSJ tarixinin ən vacib oyunlarından birini uduzdu. Halbuki parislilər «Çelsi»ni mübarizədən kənarlaşdıra bilərdi. Amma İbrahimoviçin yoxluğu bütün planları pozdu.

İndi vəziyyət tam fərqlidi. «Çelsi» hazırda çox güclü təsir bağışlayır. Hücum xəttindəki problem Dieqo Koştayla yoluna qoyulub, Hazardla Fabreqas yarımmüdafiədə «at oynadır». Joze Mourinyo da ayağını ayağının üstünə qoyub Mançester nəhənglərinin çabalamasını izləyir.

PSJ isə ötən mövsümlə müqayisədə böhrandadır. İbrahimoviç tez-tez «xəstələnir», Kavani qol vəziyyətlərini sağa-sola xərcləyir, baş məşqçi Loran Blan isə gündə bir bəhanə fikirləşir. Çox güman, bu dəfə şeyxlər onun qarşısına konkret tələb qoyacaq: ya «Çelsi»ni keç, ya da şələ-şüləni yığ get...

Bayer - Atletiko

1/8-ə kim gedəcək: Atletiko

Almaniya Çempionlar Liqasında tam heyətlə irəliləyir. Amma hamı bilir ki, «Bavariya»dan, bir az da köhnə nüfuzuna görə Dortmund «Borussiya»sından başqa, heç bir Bundesliqa təmsilçisinə etibar yoxdu.

«Bayer» qrup mərhələsinin yalnız iki oyununda - «Zenit»lə duellərdə gücünü göstərdi. Qalan oyunları isə Rocer Şmidtin yetirmələri loru dillə desək, yola verdi və «Monako»nun xal itirəcəyinə bel bağladı. Nəticə məntiqli alındı: leverkuzenlilər qrup liderliyini fransızlara təhvil verdi.

Bəlkə də püşkdən əvvəl leverkuzenlilər «Portu»yla qarşılaşmağı arzulayırdılar. İndiki məqamda «əczaçılar» «əjdahalar»la daha rahat başabaş mübarizə apara bilərdi. Amma onların bəxtinə turnirin son finalçısı «Atletiko» düşdü. Düzdür, madridlilər ötənilki kimi məğlubedilməz görünməsə də, qrup mərhələsində nəhəng «Yuventus»u asanlıqla ram etdi. Turinlilər güclə ikinci vəsiqəyə nail oldu.

«Atletiko»nun yazda nə vəziyyətdə olacağı Dieqo Qodindən asılı olacaq. «Mançester Yunayted» uruqvaylı müdafiəçini «yoldan çıxara» bilsə, Dieqo Simeone «Atletiko» üçün yeni oyun modeli fikirləşməli olacaq.

Mançester Siti - Barselona

1/8-ə kim gedəcək: Mançester Siti

Dərhal proqnoza sərt reaksiya verməyin. Bu o halda baş tutacaq ki, yanvarda «şəhərlilər» Lionel Messini dilə tutacaq.

Qrup mərhələsində 4 turdan sonra fiasko həddində olan MS Qvardiolanın motivasiyasız komandası üzərində qələbədən sonra «bataqlıq»dan çıxdı. «Roma»nı da məğlub edən Pelleqrininin yetirmələri üçün «Barselona» layiqli rəqibdi. Həm də çilili mütəxəssis məğlubiyyətdən nəticə çıxarmağı bacarır. Bundan başqa, MS-nin motivasiya problemi olmamalıdır. Samir Nəsrinin «turnirdən kənarda qalsaq, komanda dağılacaq» sitatı bu gün də aktuallığını qoruyur.

Şalke - Real

1/8-ə kim gedəcək: Real

Ötənilki fiasko almanların yadından çıxmayıb. 1/8 finalda «Kral klubu» «Şalke»ni ümumi hesabda 9:2 məğlub etmişdi. Bu dəfə vəziyyət daha acınacaqlı ola bilər. Ronaldo fantastik formadadı, Benzema da qol vurmağa başlayıb, Beyl də artıq İspaniyaya tam uyğunlaşıb. «Şalke»nin qapıçısı Ralf Fermannın işi çətin olacaq. Karlo Ançelottinin komandası Roberto Di Matteonun komandasını bütün xətlərdə üstələyir. Bu cütdə intriqa yaradan bir səbəb var: görəsən «Şalke» «Real»a qol vuracaqmı və bunu kim bacaracaq?

Yuventus - Borussiya D

1/8-ə kim gedəcək: Yuventus

2015-ci ildə Berlində keçiriləcək final matçının səfiri Karl-Haynts Ridle səbətdən bu iki komandanın adını çıxaranda özünü saxlaya bilmədi və gülümsündü: 1997-ci ildə Çempionlar Liqasının finalında «Yuventus»u məğlub edən «Borussiya»nın heyətində o da vardı. Amma indi bu dueldə sadəcə 1/4 finalçı müəyyənləşəcək. İndiki məqamda «Yuventus»un yolu açıq görünür. Dortmund klubu əvvəlki gücünü itirməkdədi. Yürgen Klopp Bundesliqadakı problemləri yoluna qoymalıdı. Yoxsa gələn il dortmundlu azarkeşlər üçün nə ÇL olacaq, nə də ümumiyyətlə avrokubok həyəcanı.

«Yuventus» isə başını aşağı salıb sakitcə işini görür. Massimiliano Alleqrinin əlinin altında komplektləşmiş heyət var.

Şaxtyor - Bavariya

1/8-ə kim gedəcək: Bavariya

Bu mərhələnin ən zəif və ən güclü klublarının qarşılaşmasında Noyer şousu mütləq olacaq. O, yenə cərimə meydançasının həndəvərində müdafiəçilərə dəstək verəcək və həvəsi olsa, bir-iki driblinq də edə bilər.

Arsenal - Monako

1/8-ə kim gedəcək: Arsenal

Yəqin ki, Arsen Venger vida oyunu keçirsə, məhz bu komandaları üz-üzə gətirəcək. Fransız mütəxəssis yazda nostalji anlar yaşayacaq. «Monako» onun sabiq klubudu. Bu gün «topçular»a sinə gərmək gücündə deyil. Bir il əvvəlki «Monako» olsaydı...

Bazel - Portu

1/8-ə kim gedəcək: Bazel

1/8 final mərhələsində çoxları bu cütü ən maraqsız sayır. Onlardan hansının yoluna davam etməsi vacib deyil. Əsas odu ki, 1/4 finala yüksələnlər bu komandalardan biriylə düşməyi arzulayacaqlar.

Bu cütdə ilk baxışdan «Portu» favorit görünür. Amma «əjdahalar» əvvəlki əzəmətini itirib. Amma «Bazel» növbəti mərhələyə çıxmaq üçün hər şeyini ortaya qoyacaq. Belə fürsət hər deyəndə ələ düşmür. İsveçrə klubunun portuqaliyalı baş məşqçisi Paulu Souza vətənində ad qazanmaq üçün «Portu»nu məğlub etməyə çalışacaq və çox güman onda alınacaq.

Proqnozlar həmişə doğru çıxmır. Odu ki, sensasiya mütləqdi. Bunun üçün iki ay gözləmək lazımdı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm