• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dahilər niyə bu reytinqdən kənarda qaldı? - FAKTLAR

  • İdman
  • 17 Dekabr 2014 19:46
  • 565 Baxış
Dahilər niyə bu reytinqdən kənarda qaldı? - FAKTLAR

Çempionlar Liqası həyəcanı hələlik səngiyib. Artıq pley-off mərhələsinin püşkü də atılıb. Amma biz qrup mərhələsinin qəhrəmanlarını diqqətə çatdırmaq istəyirik.

Publika.az-ın təqdim edəcəyi reytinqdə Messi və Ronaldo kimi «as»lar olmayacaq. Amma o dəqiqə yazıdan üz çevirməyin. Biz cari mövsümdə ÇL-də «hava»nın temperaturunu müəyyənləşdirən futbolçuları təqdim edəcəyik. Reytinqə qrup mərhələsində ən azı 360 dəqiqə futbol oynayanlar və texniki-taktiki göstəricilərinə görə «Opta» və «Squawka» kimi statistika mərkəzlərində «texniki baxış»dan keçənlər daxil olub. Başqa sözlə, bombardirlərin düşə bilmədiyi siyahıya «payız mövsümü»nün əsas qəhrəmanları qəbul edilib. Qrup mərhələsinin ən etibarlı qapıçısı, ən hücumameylli müdafiəçisi, ən səliqəli yarımmüdafiəçisi və ən dəqiq hücumçusunu tanımaq istəyirsizsə, bu yazını mütləq oxuyun.

Noyerdən də, Buffondan da güclüsü var

Tomaş Vatslik (Bazel), 25 yaş

Dəf etdiyi zərbələr: 75 faiz

Transfer qiyməti: 2,5 milyon avro

Deyə bilərsiz ki, Moyya (Atletiko) və ya Subaşiç (Monako) daha az top buraxan qapıçılardı. Amma onların komandalarının müdafiə xəttinin səviyyəsi nəzərə alındığı üçün əsas kriteriya kimi minimum 15 seyvdən sonra dəf olunan zərbələrin faizi hesablanıb. Belədə «Bazel»in yeni qapıçısı digər həmkarlarıyla müqayisədə daha etibarlı çıxıb. Bir sözlə, isveçrəlilər pley-offa yüksəldiyi üçün Tomaşa minnətdar olmalıdılar.

Ən soyuqqanlı müdafiəçi

Neven Subotiç (Borussiya D), 26 yaş

Müdafiədən çıxartdığı toplar: 54

Transfer qiyməti: 20 milyon avro

Texnikalı müdafiəçi komandanın bir nömrəli düşmənidi. Subotiç isə Yürgen Kloppun dostudu. Çünki o, həmişə sadə oynamağa üstünlük verir. Özündən «Amerika kəşf etmir». Serbiyalı müdafiəçi imkan düşən kimi topu cərimə meydançasından uzaqlaşdırır. Bu, Bundesliqada effekt verməsə də, Çempionlar Liqasında komandanın işinə yarayır.

«İkinci mərtəbə»nin «administratoru»

Emir Spahiç (Bayer), 34 yaş

Qalib gəldiyi hava mübarizələri: 30

Transfer qiyməti: 2 milyon avro

«Bayer»in bosniyalı veteranı ÇL-də iştirak edən müdafiəçilər arasında hava mübarizələrinə ən çox qoşulan arxa xətt oyunçusudu. Bu mübarizələrin də çoxundan qalib ayrılıb. Yəqin ki, Maykl Cordan Spahiçlə bir yerə düşsəydi, danışmağa mövzu tapmaq problem olmazdı.

Ən diqqətli müdafiəçi

Mario Fernandes (ÇSKA), 24 yaş

Rəqibdən top alma: 29

Transfer qiyməti: 14 milyon avro

Çempionlar Liqasında fiaskoya uğrayan Rusiya klubunun futbolçusunun fərqlənməsi ciddi qarşılanmır. Amma Marionun uğuruna diqqət yetirməyə dəyər. Fernandes rəqibin 29 hücumunun qarşısını kəsib. Rəqiblər də kim olsa yaxşıdı: «Mançester Siti», «Bavariya» və «Roma».

«Canlı divar»

Nemanya Matiç (Çelsi), 26 yaş

Top alıb-vermə: 38

Transfer qiyməti: 26 milyon avro

Getdiyiniz yolda Nemanya Matiç qarşınıza çıxsa, yolunuzu dəyişməyiniz məsləhətdi. Yoxsa, o, sizdən nəyisə qoparacaq: ən yaxşı halda topu, ən pis halda topla birlikdə ayağınızı. Onun uğurlu topalmaları ÇL-də çox olmadı. Amma say etibarıyla nə qədər çox müdaxilə edirsə, deməli, o qədər oyunun içində olur.

Ən səliqəli yarımmüdafiəçi

Toni Kroos (Real), 24 yaş

Dəqiq ötürmələr: 95 faiz

Transfer qiyməti: 45 milyon avro

Adətən ən yaxşı dəqiq ötürmə faizi müdafiəçilərdə olur. Çünki onların səhv etməyə haqqı yoxdu və çox vaxt arxada öz aralarında paslaşırlar. Kroos isə bu göstəricidə çoxlarını arxada qoyur. Onun estetik ötürmələrinin çoxu isə birbaşa təhlükəli qol epizodlarına şərait yaradır. Əlbəttə, dəqiq ötürmələr üzrə liderlərin sırasına yalnız dünya çempionu qoşula bilər.

Ən texnikalı oyunçu budu?

mi

Yasin Braimi

(Portu), 24 yaş

Uğurlu keçidləri: 77 faiz

Transfer qiyməti: 7,5 milyon avro

Hamımız bilirik ki, Çempionlar Liqasında driblinqləri və sürətli keçidləri sevən futbolçular Lionel Messi və Eden Hazarddı. Amma onları da kölgədə qoyan tapılarmış, özü də «Portu»da. Hətta Messi və Hazard da Braiminin texnikasına həsəd apara bilər. Düzdü, düşünə bilərsiz ki, «Atletik», «Şaxtyor» və BATE-nin futbolçularını geridə qoymağa nə var? Hər halda, əlcəzairli futbolçunun qrup mərhələsindəki statistikası reytinqdə nəzərə alınıb.

«Çərçivə»nin yerini dəqiq bilən «zadəgan»

Eden Hazard (Çelsi), 23 yaş

Dəqiq zərbələr: 73 faiz

Transfer qiyməti: 48 milyon avro

Qrup mərhələsində qapıya 10 və daha çox zərbə vuran futbolçular arasında ən dəqiqi «Çelsi»nin yarımmüdafiəçisidi. Orta hesabla belçikalı pleymeyker 15 zərbə endirib ki, bunların 11-i «çərçivə»yə gedib. Amma dəqiqlik problemdi. Hazardın cəmi iki zərbəsi qolla nəticələnib.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR