Onu satqın adlandırmaq olarmı? - Prosineçkinin dünəni, bu günü və sabahı...
Bizi izləyin

İdman

Onu satqın adlandırmaq olarmı? - Prosineçkinin dünəni, bu günü və sabahı...

2014-cü ilin sonlarında Azərbaycan futbolunda bir canlanma yaşadıq. Əvvəlcə milli komandamızın baş məşqçi postunda dəyişiklik oldu. Sonra «Qarabağ» Avroliqada bizə həyəcanlı anlar yaşatdı. Düzdür, sonluq məyusedici olsa da, bu anları yaşamağa dəyərdi. Bu yazıda birinci hadisədən danışacağıq.

Berti Foqtsun millidən gedişi nə qədər gözlənilən idisə, onun yerinə Robert Prosineçkinin təyinatı bir o qədər ani oldu. Məsələn, AÇ-2016-nın seçmə tsikli başlayanda heç kimin ağlına gəlməzdi ki, 3-4 aydan sonra Balkan futbolunun əfsanələrindən biri ölkəmizin fəxri sakinlərindən biri olacaq. Bu gün isə Prosineçki millimizin baş məşqçisidir. Onu nə qədər tanıyırıq? Keçmişindən, futbolçu karyerasından məlumatımız varmı?

Cənab Prosineçki Bakıya gələndən bəri yalnız Azərbaycanla bağlı müsahibələr verir. Biz isə bir az ətraflı tanıtmaq istədik xorvatiyalı mütəxəssisi. Onunla dünən keçirilən Azərbaycan çempionatının «İnter» - «Neftçi» qarşılaşmasında görüşdük. Fasilədə müsahibə götürmək istəyimizi məmnuniyyətlə qəbul etdi. Baxmayaraq ki, Azərbaycan millisinin baş məşqçisi kimi ilk müsahibəsini də xorvatiyalı mütəxəssis məhz Publika.az-a vermişdi. Bu dəfə mövzu nisbətən fərqli idi. Onun keçmişini, futbolçu karyerasında yaşadıqlarını öz dilindən eşitmək niyyətindəydik. Sonda istiqamət seçimində yanılmadığımı anladım. O, maraqlı suallara görə bizə təşəkkür edəndə...

O, tarixdə yeganə futbolçudur ki...

Robert Prosineçkinin futbol karyerasını stajlı futbol həvəskarları daha yaxşı xatırlayar. O, 7 ölkədə top qovub, iki fərqli millinin heyətində dünya çempionatında oynayıb, barışmaz rəqiblər - «Real» və «Barselona»nın şərəfini qoruyub. O, yeganə futbolçudu ki, iki ayrı millinin heyətində dünya çempionatlarında qol vurub.

Məşqçilik karyerasında hələ ki heç nəyə nail olmayıb. Azərbaycana da məhz bu boşluğu aradan qaldırmağa, nüfuz qazanmağa gəlib. Prinsipcə məntiqli addımdı. Futbolu zəif olan bir ölkədə ciddi uğur tramplin rolunu oynaya bilər. Bizə nə lazımdı ki? Uğur. Onun strategiyasına müdaxilə etmək fikrimiz yoxdu.

Prosineçkinin ilk qəzası... Salamatçılıqdı

Ölkəmizə gələn gündən klubların oyunlarını diqqətlə izləyən xorvatiyalının ilk baxışdan futbolumuza can yandırdığı hiss olunur. Bunun davamlı olacağına ümid edirik. Hələ ki, Azərbaycan futbol təsərrüfatında olan potensial imkanları müşahidə edən Prosineçki iki gün əvvəl Azərbaycan çempionatının növbəti oyunlarından birini izləməyə gedərkən yüngül avtomobil qəzası keçirmişdi. Onunla söhbətimizə də elə bu xəbərdən başladıq.

- Əvvəla, keçmiş olsun. Eşitdik dünən (qəza srağagün olub - m.) yüngül qəza keçirmisiz...

- Çox sağ olun. Şükür Allaha, ciddi bir şey olmadı.

- Xəsarət almamısız ki?

- Yox, hər şey qaydasındadır. Yüngül toxunma oldu, vəssalam.

Öz millətini təmsil etməkdən qürurlu heç nə ola bilməz

- Cənab Prosineçki, uğurlu futbolçu karyeranız olub. İstərdim keçmiş günləri yada salaq. Siz iki ayrı milli komandada dünya çempionatında qol vuran yeganə futbolçusuz. Həmçinin əzəli rəqiblər sayılan «Real» və «Barselona»nın şərəfini qoruyan beşinci əcnəbi olmusuz. O dövrləri necə xatırlayırsız?

- Uzun illər keçib. Mənim futbolçu karyeram keçmişdə qalıb. Dünyanın ən güclü klublarından sayılan «Real»da və «Barselona»da oynadığıma görə özümü xoşbəxt sayıram. Futbolçu karyeramı hər zaman xoş hislərlə xatırlayıram. Şadam ki, o anları yaşaya bilmişəm.

- Çox maraqlıdı ki, həm Xorvatiya, həm də Yuqoslaviya millisində ən yaxşı futbolçulardan biri sayılmısız. Klub karyeranız da zəngin olub. Amma «Real» və «Barsa»nı götürək. Hansı komanda sizə daha yaxın olub?

- Hər bir komandada yaşadığım anlar mənim üçün dəyərlidir. İstənilən futbolçunun əsas məqsədi milli komandanın formasını geyinmək olur. Öz millətini təmsil etməkdən qürurlu heç nə ola bilməz. Amma klub karyerası da vacibdi. Mən xeyli klubda oynamışam, «Srvena Zvezda»dan tutmuş «Sevilya»ya kimi. Hər biri mənə əzizdir.

Prosineçki xorvat, serb, yoxsa yuqoslavdır?

Bu məqamda onun karyerasını vərəqləmək yerinə düşər. Robert futbol oynamağa ötən əsrin 80-ci illərində başlayıb. İlk klubu Zaqreb «Dinamo»su olub. Hərçənd o dövrlərdə Yuqoslaviyanın ən perspektivli gənc futbolçularından sayılsa da, heyətə düşə bilməyib. Nə üçün? Ekspertlərin çoxu bunu «Dinamo»nun o vaxtkı baş məşqçisi Miroslav Blajeviçin xarizmatik futbolçuyla yola getməməsiylə bağlayır. O, Prosineçkini oyun fəlsəfəsinə uyğun görmürmüş. Xoşbəxtlikdən atası onu Zaqrebdən tez apardı. Valideynləri başa düşmək olar. Övladlarının gələcəyini fikirləşirdilər. 1987-ci ildə Prosineçki gözlənilmədən «Dinamo»nun əsas rəqiblərindən olan «Srvena Zvezda»ya keçdi. Bundan başqa, Yuqoslaviya millisində onun vətəndaşlığı barədə uzun müzakirələr oldu.

O, azarkeşlərin yaddaşında Xorvatiya millisindəki oyunuyla qalıb. Komandanın liderlərindən biri olan Robert 1998-ci ildə Fransada təşkil olunan dünya çempionatında bürünc medal qazanmaqla adını Xorvatiya futbolunun tarixinə qızıl hərflərlə yazdırdı. Amma o həm də Yuqoslaviya futolunun rəmzlərindən biri sayılırdı. Daha bir maraqlı məqam isə onun vaxtilə açıqlamalarının birində özünü serb hesab etməsiylə bağlı işlətdiyi ifadədi. Düzdür, indi bunun nə dərəcədə doğru olduğunu, tərcüməçilərin təfsirdə səhv yol verib-vermədiyini anlamaq çətindi. Hər halda, qeyd etmək yerinə düşər ki, onun anası serb olub.

Onu satqın adlandırmaq olarmı?

Yuqoslaviya parçalananda futbolçular da diqqət mərkəzində idi. Prosineçkinin iki seçim imkanı vardı: Yuqoslaviya və Xorvatiya. O, istədiyi seçimi edə bilərdi və buna görə heç bir cəza almayacaqdı. Mərkəz yarımmüdafiəçisi 1987-ci ildə 20 yaşlılar arasında dünya çempionu olmuş və həmin «qızıl nəsil»lə «Srvena Zvezda»da Avropa çempionlar kubokunu qazanmışdı. Bu üzdən çoxları onun Yuqoslaviyanı seçəcəyini düşünürdü. Amma o, atasının vətənini seçdi. Həmin vaxt yuqoslavlar onun bu hərəkətinə çox qəzəblənmişdi və Prosineçkini «satqın» adlandıranlar da vardı. Amma zaman göstərdi ki, o, doğru addım atıb. Çünki gələcəkdə o, iki fərqli milli komandayla dünya çempionatında oynamaq və qol vurmaqla tarixə düşücəkdi...

«Real» və «Barselona» macərası

«Srvena Zvezda»da qazanılan uğurlar Avropa klublarının da diqqətindən yayınmadı. Növbəti dayanacaq dünyanın ən yaxşı klublarından sayılan «Real» oldu. Hərçənd İspaniyanın paytaxtında yaşadığı üç ili futbol baxımından onun üçün əlahiddə adlandırmaq olmaz. Düzdür, burada ölkə kubokunu və superkubokunu qazansa da, start heyətinin daimi üzvü sayılmırdı. Artıq getmək vaxtı idi. Sonra birillik qısa «Ovyedo» macərası oldu. 1996-cı ildə Prosineçki Andalusiyadan Kataloniyaya köçdü. Bununla da xorvatiyalı hər iki İspaniya nəhəngində forma geyinən beşinci qeyri-ispan futbolçu oldu. Onun karyerasını vərəqləyərkən bir məqam diqqəti çəkir. Dahi futbolçular karyerası boyu parlaq olmaya bilər. Ayrı-ayrı vaxtlarda qitənin böyük klublarında oynasa da, heç vaxt diqqətdən kənarda qalmayıb.

Balkanın fəxri

Karyerasının son illərində Belçika, İngiltərə və Sloveniya çempionatlarında da futbol oynayıb. Amma son nöqtəni onu yetişdirən Zaqreb «Dinamo»sunda qoyub. Butslarını 2004-cü ildə mismardan asan Prosineçkinin Balkan yarımadasında böyük nüfuzu var. O, Davor Şuker və Deyan Saviçeviçlə birlikdə əfsanə sayılır. Onun vətənində populyarlığına şübhə yoxdu. Bunu balkan mətbuatında çıxan müsahibələrindən də görmək olar.

Doğrudan da, maraqlı və təzadlı həyat hekayəsidir. Karyerası boyu Avropanın bir çox klublarında top qovmağa imkan tapan Prosineçki futbol tarixinə ən məşhur «satqın» kimi düşsə də, Balkanda ən yaxşı futbolçulardan biri hesab olunur.

«Yadıma sala bilmirəm ki, axırıncı dəfə nə vaxt getmişəm»

- Məşqçiliyə yeni başlamısız. Təbii ki, istənilən mütəxəssisin daxilində bir arzusu olur. Siz nə vaxtsa futbolçu kimi şərəfini qoruduğunuz komandalardan birini çalışdırmağı arzulayırsız?

- «Srvena Zvezda»da iki il çalışmışam. O da oynadığım klubdu. Sözsüz ki, hər bir insanın ürəyində gizli saxladığı arzular var. Hal-hazırda isə Azərbaycan millisinin baş məşqçisiyəm. Yalnız bu barədə fikirləşirəm. Bütün diqqətimi Azərbaycana yönəltmişəm. Məqsədim burada futbolun inkişafına əlimdən gələn köməyi göstərməkdi. İstəyirəm ki, komandamız gözəl futbol oynasın. Bütün gücümü məhz bu məqama sərf edəcəm.

- Almaniyada anadan olmusuz və uşaq yaşlarından ailənizlə birlikdə doğma vətəninizə köçmüsüz. Körpə vaxtı yaşadığınız və ya doğulduğunuz məhəlləyə baş çəkmisiz indiyə kimi?

- (gülür)... Çoxdandı ora getmirəm. Yadıma sala bilmirəm ki, axırıncı dəfə nə vaxt getmişəm. Vaxt olmur sözün düzü. Aktiv peşəkar futbolçu karyerasına başladım, sonra ailə qurdum, uşaqlar oldu. Həmin yerlərə qayıtmağa vaxt çatmırdı.

«O baxımdan müəyyən çətinliklər ola bilər»

- 20 günə yaxındır Bakıdasız. Buradakı mühitə alışa bilmisiz?

- Alışmışam. Amma buna tam alışmaq demək olmaz. Azərbaycan Premyer Liqasının növbəti oyunlarından sonra vətənimə yollanacam. Yanvarın əvvəlində ailəmlə birlikdə Bakıya qayıdacam. Ondan sonra yəqin ki, özümü tam rahat hiss edərəm. Burada mənə yaradılan hər bir şəraitdən razıyam. Xeyli oyunlar izləmişəm. Meydançaları, bazaları gəzmişəm. Sizə açığını deyim ki, Azərbaycanda işləməyə şərait var. Bakı gözəl şəhərdi, gündən-günə dəyişilir, insanları olduqca mehribandı. İnanıram ki, burada yaşamaq çətin olmayacaq.

- Azərbaycana ayaq basandan bəri xeyli oyun izləmisiz. Yəqin ki, bu, bizim futbol haqda müəyyən fikir yürütməyə imkan verər. Azərbaycanda futbolu inkişaf etdirmək, irəliyə addım atmaq mümkündürmü? Gördüyünüz kimi, bizdə oyunlar həm təbii, həm də süni örtüklü meydançalarda keçirilir. Süni meydançalarda da uşaq futbolunu inkişaf etdirmək çətin məsələdi. Necə fikirləşirsiz, burada qalacağınız müddətdə uşaq futbolunda da hansısa tərəqqiyə nail ola biləcəksizmi?

- Mən heç bir problem görmürəm. Buradakı süni meydançalar çox keyfiyyətlidi. Avropa standartlarına cavab verir. Sözsüz ki, klublar və ya milli komandalar beynəlxalq səviyyəli qarşılaşmalarda təbii ot örtüyündə oynayırlar. O baxımdan müəyyən çətinliklər ola bilər. Amma süni meydançanın futbolçunun inkişafına çətinlik yaratması fikriylə razı deyiləm.

«İstərdim ki, azarkeşlər stadionlara getsinlər, futbolları canlı izləsinlər»

- Hər bir məşqçi yeni iş götürərkən və ya bir məsuliyyətin altına girərkən müəyyən şərtlər irəli sürür. AFFA sizin bütün tələb və şərtlərinizi yerinə yetiribmi?

- İndiyə kimi nə söz verilibsə, hamısı yerinə yetirilib. Öz adımdan deyə bilərəm ki, hər şeydən razıyam. Nə demişəmsə, problemsiz həll olunub. Mən görürəm ki, Azərbaycanda futbolun inkişaf etməsi üçün AFFA əlindən gələni edir. Bizə isə yalnız və yalnız işləmək qalır. Ümidlərinizi boşa çıxarmamağa çalışacağıq. Ölkə çempionatına azarkeş marağı narahatlıq doğurur. İstərdim ki, azarkeşlər stadionlara getsinlər, futbolları canlı izləsinlər. Biz bu çatışmazlığı da işimizlə aradan qaldırmağa çalışacağıq.

- Son sualım futboldan kənar olacaq. Azərbaycana yeni gəlmisiz və həddən artıq diqqət mərkəzindəsiniz. Demək olar, hər gün sizdən müsahibə götürmək istəyirlər. Bu diqqət cənab Prosineçkini yormur ki?

- Xeyr. Müsahibə vermək problem deyil. Amma hər gün eyni şeyi soruşanda maraqsız olur. Bu dəfə bir az fərqli oldu. Heç yorulmadım (gülür və sağollaşırıq)...

Pərviz Hikmət

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm