Bu dəfə türkün bəhanəsi də Lənkəranı sakitləşdirməyəcək
Bizi izləyin

İdman

Bu dəfə türkün bəhanəsi də Lənkəranı sakitləşdirməyəcək

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları eyni gündə - dekabrın 21-də keçiriləcək. Bu turdan sonra komandalar qış fasiləsinə çıxacaqlar.

“Qəbələ” ukraynalını necə qarşılayacaq?

Turun ən prinsipial oyunu Qəbələdə baş tutacaq. Lider “Qarabağ”ın ən yaxın izləyicisi “İnter” yeni ili xoş ovqatla qarşılamaq üçün “Qəbələ” sınağından üzüağ çıxmalıdı. Ancaq unutmayaq ki, “Qəbələ” təkcə yeni ili yox, həm də yeni baş məşqçi Roman Qriqorçuku da xoş ovqatla qarşılamaq niyyətindədi. Ukraynalı mütəxəssisin gəlişi “İnter”lə oyunda “Qəbələ”yə nə verəcək? Futbolçuların özünü göstərmək istəyi əzmkarlığı artıracaq, yoxsa yeni məşqçinin yeni tapşırıqları olan-qalan oyun intizamını da pozub, onları çaş-baş salacaq?

“İnter” ötən tur “Neftçi” ilə qarşılaşmada nə qədər təravətli görünsə də, “Qəbələ” “Sumqayıt”la oyunda bir o qədər solğun idi. Amma bu amil əsas vermir ki, situasiyanın dəyişməyəcəyini iddia edək. “İnter” ayda-ildə bir dəfə parlaq oyun göstərir. “Bankirlər”in Qəbələdə də eyni təravətlə meydana çıxacağı inandırıcı deyil. Sözsüz ki, “Qəbələ” Tsxadadzenin yetirmələrinə oynamaq imkanı versə, durum elə “bankirlər” istəyən kimi olacaq. Ancaq bir məqam aydındı: “Qəbələ” bu oyunda məğlub olsa, Qriqorçuk da mövsümü xilas edə bilməyəcək.

“İnter” son 3 oyunda rəqibinə uduzmayıb. “Qəbələ”nin meydanındakı son 3 görüşdə isə hər iki komanda qol sevinci yaşayıb. Əyalət təmsilçisi evdəki son 5 qarşılaşmada qol vurub.

“Qəbələ” indiyə qədər keçirilən 25 oyunda cəmisi 5 qələbə qazanıb, 13 dəfə məğlub olub, 7 görüş isə heç-heçə başa çatıb. Topların fərqində də “bankirlər” üstündür - 19:38.

Adama deyərlər ki...

Uzun müddətdən sonra “fırtınalar meydanı”na qayıdan, ancaq ötən tur “Qarabağ”a məğlub olan “Xəzər Lənkəran” bu dəfə AZAL-ı qəbul edəcək. “Təyyarəçilər” Lənkərana yüksək əhval-ruhiyyədə gediblər. Tərlan Əhmədovun yetirmələri 17-ci turda çempionatın aşkar autsayderi “Bakı”nı məğlub edib. Az qala hər “kvartal”da bir dəfə qələbə qazanan AZAL üçün “Bakı”nı məğlub etmək də sevindirici olmalıdı. Təbii, “Xəzər Lənkəran”la AZAL-ın imkan və iddiaları bir araya sığmır. Ancaq “ağ-yaşıllar” bu oyunda qalib gələ bilməsə... Onda imkanları heç, iddiaları elə AZAL-ın iddiaları boyda olacaq. Bundan sonra Oğuz Çətinin “yaxşı oynayırıq, qələbə qazana bilmirik” bəhanəsi də yersiz olacaq. Adama deyərlər ki, zəhmət çək, pis oyna, amma nəticə olsun. Ancaq yəqin ki, səbr kasası daşan cənublu azarkeşlər “Xəzər Lənkəran” AZAL-a qalib gələ bilməyəcəyi təqdirdə, Oğuz Çətinə başqa söz də deyəcəklər...

Ardıcıl 4 qarşılaşmada qalibi müəyyənləşdirə bilməyən komandalar 26-cı dəfə üz-üzə gələcək. Rəqiblər arasındakı son 5 matçda hər iki komanda qol sevinci yaşayıb. AZAL 8 matçdı meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 4 ev oyununda qalib gəlməyib və ardıcıl 5 dəfə 1 qol vurub.

“Ağ-yaşıllar” 25 oyunun 13-də qalib gəlib, 4 qarşılaşmada isə məğlub olub. 8 oyun “sülh”lə bitib. Topların fərqi də “Xəzər Lənkəran”ın xeyrinədi - 33:18.

Statistika - “Zolaqlılar” üçün yaxşı günlərin təsəllisi

Turun Zaqatalada keçiriləcək oyununda hansısa prinsipiallıq gözlənilmir. Ələyi ələnib, xəlbiri havada fırlanan “Bakı” “Simurq”a necə müqavimət göstərə bilər? İndi “zolaqlı” futbolçular Zaqataladakı oyunu “yola verib” qış fasiləsinə çıxmağın həsrəti ilə yaşayırlar. Yaşayırlar ki, başlarına əncam çəkə bilsinlər. Güman ki, qış transfer pəncərəsi açılan kimi “Bakı”da indiki heyətdən kimsə qalmayacaq. “Simurq” ən azı 4-cü pillədən aralanmamaq üçün əla fürsətə sahibdi. İndi qalır onu dəyərləndirmək. “Simurq” bu oyunda qalib gəlmək üçün əziyyət də çəkməyəcək. Zatən, “Bakı” oyuna çıxmazdan əvvəl məğlub olub.

Amma statistika “Bakı”nın tərəfindədir. Onu da unutmayaq ki, statistika “zolaqlılar” üçün yaxşı günlərin təsəllisindən başqa bir önəm kəsb etmir. “Simurq” son 7 oyunda “Bakı”dan xal almayıb. Paytaxt təmsilçisi isə 11 oyundu uduzmur.

“Simurq” indiyə qədər keçirilən 21 oyunda cəmisi 3 qələbə qazanıb, 11 dəfə məğlub olub. 7 görüş heç-heçə başa çatıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 14:25.

Bu o demək deyil ki, “Sumqayıt”la oyun asan keçəcək

Çempionatın lideri “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəndən sonra qış istirahətinə çıxacaq. Ötən tur “Xəzər Lənkəran”la oyun göstərdi ki, “köhlən atlar” heyətdəki boşluqlarla belə çempionatda istənilən rəqibə qalib gəlmək iqtidarındadı. Ancaq bu o demək deyil ki, “Sumqayıt”la oyun asan keçəcək. Yox, əksinə, indi hər bir komanda “Qarabağ”a qarşı daha motivasiyalı oynayır. Hər bir futbolçu Avroliqanın qrup mərhələsində çıxış etmiş komanda ilə oyunda özünü göstərməyə çalışır. Güman ki, “Sumqayıt”ın futbolçuları da bu iddia ilə yaşayırlar. Arxayınçılıq “Qarabağ”ın yeni ilə bədbin ruhda yollanması ilə nəticələnə bilər.

İlk turda legioner limitinin pozulması üzündən texniki məğlubiyyət alan “Qarabağ” son iki görüşdə xal qazanmayıb. Lakin Ağdam klubu son 3 ev matçında böyükhesablı qələbə əldə edib. Ümumiyyətlə, “Qarabağ” “Sumqayıt”la matçlarda ya böyükhesablı qələbə qazanır, ya da xal itirir. Çünki onların bütün qələbələri 3 və daha çox top fərqilə qeydə alınıb.

“Qarabağ” indiyə qədər keçirilən 9 oyundan 5-ində qalib gəlib, 1 görüş “sülh”lə bitib, 3 qarşılaşmada isə məğlub olub. Topların fərqində “köhlən atlar”ın əzici üstünlüyü var - 21:5.

Natiq

Azərbaycan Premyer Liqası, 18-ci tur

21 dekabr

15:00 Xəzər Lənkəran - AZAL

“Xəzər Lənkəran” mərkəzi stadionu

15:00 Qəbələ - İnter

Qəbələ şəhər stadionu

15:30 Qarabağ - Sumqayıt

Tofiq Bəhramov adına Respublika stadionu

17:00 Simurq - Bakı

Zaqatala şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm