• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəbələnin yeni baş məşqçisi: “Çernomorets”dən futbolçu gətirmək fikrim var”

  • İdman
  • 20 Dekabr 2014 17:57
  • 764 Baxış
Qəbələnin yeni baş məşqçisi: “Çernomorets”dən futbolçu gətirmək fikrim var”

Azərbaycan Premyer Liqası qış fasiləsinə yollanmaq ərəfəsindədi. 15 turdan sonra 18 xalla 6-cı pillədə qərarlaşan “Qəbələ” qeyri-sabitlik “mərəz”indən qurtula bilmir. Nəticədə baş məşqçi dəyişikliyinə gedən rəhbərlik Dorinel Muntyanunu Roman Qriqorçukla əvəzlədi. Ukraynalı mütəxəssisin işinin öhdəsindən necə gələcəyini zaman göstərəcək.

“Qəbələ”nin qış hazırlıq proqramı da artıq məlumdu. “Qırmızı-qaralar” sabah “İnter”lə keçirilən oyundan sonra istirahətə yollanacaq.

Publika.az xəbər verir ki, komanda mövsümün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq. “Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq. Əvvəlki təlim-məşq toplanışlarında olduğu kimi, “qırmızı-qaralar” bu dəfə də Antalyanın Belek bölgəsində yerləşən “Qloriya Sereniti” otelində məskunlaşacaq.

Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək.

“Qəbələ” hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü birinci, 4-ü ikinci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək. Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda 19-cu turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.

“Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.

Dünən isə “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun Ukrayna mətbuatında müsahibəsi dərc olunub. Ukraynalı mütəxəssis yeni komandasındakı hədəflərindən və transfer planlarından danışıb.

- Azərbaycan klubunu seçməyinizə nə səbəb oldu?

- Bu, mənə maraqlı gəldi. "Qəbələ" rəhbərliyi ilə görüşdən sonra başa düşdüm ki, ciddi və iddialı insanlardır. Onlar böyük uğurlar qazanmaq istəyirlər. Bu yolda çoxlu işlər görüblər və indi də davam etdirirlər. Bu şəxslərlə söhbətdən sonra məndə çox yaxşı təəssürat yarandı. Məhz bu görüşdən sonra seçimimi "Qəbələ"nin lehinə etməli oldum.

- Təklif üzərində çox düşündünüz?

- Bizim hələ yayda da əlaqəmiz olmuşdu. Ona görə də münasibətimiz yaxşı idi. Bu dəfə isə təklif gələndə Azərbaycana getməyə, yerində danışıb, şəraitlə tanış olmağa qərar verdim.

- Köməkçiləriniz kimlər olacaq?

- "Çernomorets"dəki məşqçilər heyəti tam olaraq Azərbaycana gələcək.

- Hansı mövqeləri gücləndirmək istəyirsiz? Artıq konkret adlar var?

- Güclənmək hər bir komandaya lazımdır. Konkret mövqelər və adlar açıqlamaq istəmirəm (Qriqorçuk ad çəkməsə də, gətirmək istədiyi oyunçuların qapıçı Dmitri Bezotosnı, yarımmüdafiəçilər Kiril Kovalçuk, İvan Bobko və müdafiəçi Yevgeni Zubeyko olduğu ehtimal edilir). Çünki dekabrın 21-də "Qəbələ"nin daha bir çempionat oyunu var.

- "Çernomorets"dən kimisə "Qəbələ"yə aparmaq istəyərdiniz?

- Bəli. Düzünü demək lazımdırsa, bu komandadan "Qəbələ"yə gətirmək istədiyim oyunçular var.

- Ukraynanın digər klublarından da təkliflər vardı?

- Artıq bütün bunlar geridə qalıb. Ona görə də bu barədə danışmaqda məna görmürəm.

- "Qəbələ"nin qarşısına hansı hədəflər qoyulub?

- Əlbəttə, komanda liderlər qrupunda olmaq və mütləq avrokuboklarda oynamaq istəyir. Bütün bunlar mənim də iddialarımla üst-üstə düşür. Əlimdən gələn hər şeyi etmək istəyirəm ki, yüksək səviyyəyə qalxaq, avrokuboklarda uğur qazanaq, hədəflərimizi daha da yüksəldək.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR