Multiçempionlar
Bizi izləyin

İdman

Multiçempionlar

Zlatan İbrahimoviçi hamımız yaxşı tanıyırıq. 21-ci əsrin ən yaxşı hücumçularından biridir. Elə bu qədərmi? Təbii ki, yox. Futbol dünyasında onun adıyla bağlı bir şüar formalaşıb: İbrahimoviç harda, çempionluq orda...

Əlbəttə, isveçli forvardın ustalığına şübhə yoxdur. O, Ronaldo və ya Messi kimi “Qızıl top” “aludəçisi” olmasa da, öz işini məharətlə yerinə yetirən futbolçudur. Zlatan 4 fərqli çempionatın baş mükafatını qazanmağa müvəffəq olub. Amma o tək deyil. İndiyə kimi 4 baş məşqçi və 8 futbolçuya 4 və daha artıq çempionatda qızıl medal qazanmaq nəsib olub.

Publika.az adını futbol tarixinə qızıl hərflərlə yazdırmış qəhrəmanları bir daha xatırladır.

FUTBOLÇULAR

Zlatan İbrahimoviç

Çempionatlar: İtaliya, İspaniya, Hollandiya, Fransa

Hazırda PSJ-nin kapitanlıq sarğısını daşıyan Zlatan karyerası ərzində xeyli titul qazanıb. Bir müddət əvvəl o demişdir: “Karyeramda qarşıma qoyduğum hədəflərə 100 faiz çatmışam. Mümkün qədər çox titul qazanmaq üçün bütün gücümlə mübarizə aparmışam”.

İbrahimoviç 2001/02 və 2003/04 mövsümündə “Ayaks”la Hollandiya çempionu olandan sonra 5 il İtaliyada top qovdu. 2007-2009-cu illərdə “İnter”lə 3 skudetto qazandı. Düzdü, buna qədər “Yuventus”da əldə etdiyi uğurlar məlum “Kalçopoli” qalmaqalı üzündən ləğv edildi. 2009/10 mövsümündə möhtəşəm “Barselona”nın heyətində İbra da vardı. Təbii ki, burda da İspaniya çempionluğunun dadına baxan isveçli yenidən İtaliyaya qayıtdı. Bu dəfə “Milan” onun vurduğu qollar sayəsində skudettonu muzeyinə apardı.

Sonra Parisə yollanan Zlatan kolleksiyasını 2012/13 və 2013/14 mövsümlərində Fransa çempionluğuyla zənginləşdirdi. Maraqlıdı, onun növbəti “dayanacağ”ı hara olacaq?

İrji Yaroşik

Çempionatlar: Çexiya, Rusiya, İngiltərə, Şotlandiya

“Sparta”da oynadığı 7 ildə 6 dəfə Çexiya çempionu olan yarımmüdafiəçi legioner həyatından da razı qala bilər. Rusiyada ÇSKA-yla (2003) ən yüksək hədəfə çatan Yaroşikin “Çelsi”yə transferi çoxları üçün gözlənilməz olsa da, mətbuat bu keçiddə Roman Abramoviç amilini üstüörtülü şəkildə vurğulamışdı.

Hər halda, “Çelsi”nin dirçələn vaxtına təsadüf edən bu transfer İrjiyə İngiltərə çempionu olmaq şansı verdi. Sonra onu “Seltik” çağırdı. Qlazqoda 2006/07 mövsümündə Şotlandiya çempionu olan çexiyalı futbolçunun komandası Çempionlar Liqasında da səs-küy yaratdı.

Mateya Kejman

Çempionatlar: Serbiya, Hollandiya, İngiltərə, Türkiyə

“Futbol məni insan kimi formalaşdırdı. Fərqli mədəniyyətlər və insanlarla tanış oldum” - bu sözlər “Çelsi”nin sabiq oyunçusuna aiddir. Doğrudan da 9 fərqli ölkənin çempionatında top qovan Kejman 5 dil bilir. Serb forvard 5 fərqli çempionatın qızıl medalını boynundan asmaqla tarixə düşə bilərmiş. 2011-ci ildə BATE-nin formasını geyinən forvard kifayət qədər oyun keçirmədiyi üçün bu şansı qaçırdıb. Rəsmi olaraq, o, “Partizan” (1998/99), PSV (2000/01), “Çelsi” (2004/05) və “Fənərbaxça”yla (2006/07) çempionluq sevinci yaşayıb.

Maksvell

Çempionatlar: Hollandiya, İtaliya, İspaniya, Fransa

Braziliyalı cinah müdafiəçisi elə bil and içib ki, İbrahimoviç hara getsə, onun yanından ayrılmayacaq. Maksvell artıq 4-cü dəfə isveçli forvadla komanda yoldaşıdı. Təbii ki, onlar birlikdə xeyli çempionluq sevinci yaşayıblar. Əvvəlcə “Ayaks”da iki dəfə ən yüksək zirvəyə çatan Maksvell sonra Roberto Mançini və Joze Mourinyonun rəhbərliyi altında “İnter”in heyətində 3 skudettoya şahidlik etdi. İbrahimoviçin ardından 2009-cu ildə o da “Barselona”ya keçdi və iki il La Liqa çempionluğunda pay sahibi oldu. Nəhayət, 2012-ci ildə İbrahimoviçin PSJ-yə yollandığını eşidən Maksvell dərhal pal-paltarını hazırladı...

Rade Pritsa

Çempionatlar: Danimarka, Norveç, İsveç, İsrail

İsveçli hücumçu üç Skandinaviya ölkəsində çempion olan yeganə futbolçudu. İlk tituluna 1999-cu ildə vətənində “Helsinborq”un heyətində qovuşan Pritsanın sonra kiçik “Sanderlend” və “Hanza” macərası olub. Növbəti çempionluğu 9 il gözləməli olan Rade 2007/08 mövsümündə “Olborq” formasıyla həsrətə son qoyub. Sonra “Rusenborq”a (2008-2010) Norveçin ən güclüsü olmağa kömək edən Pritsa İsraildən də (Makkabi T-Ə, 2012-2014) titulsuz qayıtmayıb.

Aryen Robben

Çempionatlar: Hollandiya, İngiltərə, İspaniya, Almaniya

“Bu, arzuların reallaşmasıdı. Mümkün olan ən yaxşı ssenarilərdən biridi” - Robben bu sözləri 2012/13 mövsümündə Çempionlar Liqasındakı qələbədən sonra demişdi. Onun finalda Dortmund “Borussiya”sının qapısına vurduğu həlledici qolun dəyəri iki kuboka bərabər idi. Çünki, 2009/10 və 2011/12 mövsümlərində iki dəfə “Bavariya” finaldan boynubükük ayrılmışdı.

Həmin il “Bavariya” Yupp Haynkesin rəhbərliyi altında “qızıl het-trik” edən ilk Almaniya klubu oldu. Buna kimi isə Aryenin kolleksiyasında Hollandiyanın (PSV, 2002/03), İngiltərənin (Çelsi, 2004/05 və 2005/06) və İspaniyanın (Real, 2007/08) qızıl medalları var idi. Ancaq “holland raketi” ən yüksək nöqtəyə “Bavariya”yla çatdı. Lui Van Qal, Haynkes və Xosep Qvardiolanın rəhbərliyi altında 11 titul qazanan Robben üçqat Almaniya çempionudur.

Uesli Sneyder

Çempionatlar: Hollandiya, İspaniya, İtaliya, Türkiyə

Holland pleymeyker Mourinyonun dövründəki “İnter”in lideri olub. Burada üç skudetto qazanan Sneyder 2010-cu ildə “qızıl het-tirk”in qəhrəmanlarından biri idi. Yeri gəlmişkən, “İnter” həm ÇL-də, həm də A seriyası və İtaliya kubokunda birinci olan ilk İtaliya klubu kimi tarixə düşüb.

“İnter”ə gələnə kimi Hollandiya (Ayaks, 2003/04) və İspaniya (Real, 2007/08) çempionatının qızıl medallarını boynundan asan Uesli 2012/13 mövsümündə “Qalatasaray”ın heyətində Superliqada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mark Van Bommel

Çempionatlar: Hollandiya, İspaniya, Almaniya, İtaliya

Universallığı ilə seçilən yarımmüdafiəçi uzun illər Hollandiya millisinin kapitanı olub. Klub səviyyəsində isə 4 müxtəlif ölkədə 8 çempionluq titulu qazanıb. 7 il Sittard “Fortuna”sında top qovduqdan sonra PSV-yə keçən Van Bommel burada qazandığı 4 çempionluqdan sonra uğurlu legioner həyatı yaşayıb. “Barselona”nın (2005/06), “Bavariya”nın (2007/08, 2009/10) və “Milan”ın (2010/11) qələbələrində onun da payı olub.

MƏŞQÇILƏR

Tomislav İviç

Çempionatlar: Yuqoslaviya/Xorvatiya, Hollandiya, Belçika, Yunanıstan, Portuqaliya, Fransa

“Benfika”da onun rəhbərliyi altında oynamış portuqaliyalı hücumçu Joao Pinto İviçi belə xarakterizə edir: “Onun unikal iş metodu var idi. Hər dəfə beyninə nə gəlirdisə, dərhal qeyd edirdi”.

Mərhum xorvat mütəxəssis karyerası boyunca Avropada 15 klub çalışdırıb. 1970-ci illərdə “Hayduk”u üç dəfə ölkənin ən güclüsü edən İviç daha beş ölkədə çempionluq sevinci yaşayıb: Ayaks - 1976/77, Anderlext - 1980/81, Panatinaikos - 1985/86, Portu - 1987/88, Marsel - 1991/92.

Ernst Happel

Çempionatlar: Hollandiya, Belçika, Almaniya, Avstriya

“Gözlədiklərim özünü doğrultdu. Heç nəyə görə peşman deyiləm” - Happel bir dəfə karyerasını belə xarakterizə etmişdi. Avstriya futbolunun əfsanəsi məşqçiliyə 60-cı illərdə gəlib. O, iki fərqli klubla Çempionlar Kubokunu qazanan ilk mütəxəssisdi - 1970-ci ildə “Feyenoord”la və 1983-cü ildə “Hamburq”la.

Happel bütün dövrlərin ən yaxşı məşqçilərindən biri hesab edilir. O, milli çempionatlar səviyyəsində “Feyenoord”u (1970/71), “Brügge”ni (1975/76, 1976/77, 1977/78), “Hamburq”u (1981/82, 1982/83) və varlığını itirən yerli “Svarovski-Tirol”u (1988/89, 1989/90) xoşbəxt etməyi bacarıb.

Joze Mourinyo

Çempionatlar: Portuqaliya, İngiltərə, İtaliya, İspaniya

Mourinyonu ən yeni tarix adlandırmaq olar. “Çelsi”yə ilk gəlişində onun dediyi sözlər bütün Avropa nəşrlərinin manşetlərini bəzəmişdi: “Xahiş edirəm, bu sözlərimə görə məni özündənrazı adlandırmayın. Mən Avropa çempionuyam, zənnimcə XÜSUSİ biriyəm”.

Joze ümidləri puç etmədi. O, “Çelsi”nin İngiltərə Premyer Liqasında 50 illik çempionluq həsrətinə son qoydu. “Xüsusi”nin hesabında bu günə qədər 4 fərqli ölkədə qazandığı 7 çempionluq titulu var: Portu (2002/03, 2003/04), Çelsi (2004/05, 2005/06), İnter (2008/09, 2009/10), Real (2011/12). Mourinyo həmçinin iki klubu Çempionlar Liqasının qalibi edib.

Covanni Trapattoni

Çempionatlar: İtaliya, Almaniya, Portuqaliya, Avstriya

Ömrünün 75-ci qışını yaşayan italyan mütəxəssis keçmişdəki uğurları xatırlamağı xoşlamır: “Olub-keçənlər arxada qalıb, məni daha nələrə nail olacağım maraqlandırır”.

Klub səviyyəsində milli çempionatlarda 10 titul qazanan Trapattoni Happelin nailiyyətini təkrarlayan ilk məşqçi olub. Onun da 4 müxtəlif çempionatdan qızıl medalı var. Ağıllı italyan “Yuventus”u çalışdırdığı 10 il ərzində 6 dəfə skudettoya sahib çıxdı. 1988/89 mövsümündə “İnter” onun rəhbərliyi altında çempionluq həsrətinə son qoydu. Trapattoni “Bavariya” (1996/97), “Benfika” (2004/05) və “Zalsburq”u (2006/07) da öz ölkələrinin ən güclüsü etməyi bacarıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm