• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Prezident İlham Əliyev: “6 aydan sonra Bakı yeni siması ilə qonaqları qarşılayacaq”

  • İdman
  • 22 Dekabr 2014 17:27
  • 733 Baxış
Prezident İlham Əliyev:  “6 aydan sonra Bakı yeni siması ilə qonaqları qarşılayacaq”

Dekabrın 22-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Publika.az-ın AzTV-nin saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev bildirib ki, artıq ənənəyə çevrilən bu görüşlər ölkədə idman sahəsində aparılan uğurlu siyasətin təcəssümüdür.

İdmana rəhbərlik edən qurumların fəal işlədiyini, Azərbaycanın idman uğurlarının beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini deyən dövlət başçısı dünyada və bölgədə yaşanan böhranlı vəziyyətlərə baxmayaraq, ölkəmizin uğurla inkişaf etdiyini, 2014-cü ili də Azərbaycanın yüksək nəticələrlə başa vurduğunu diqqətə çatdırıb.

Bu inkişafın idman sahəsində də müşahidə edildiyini deyən Prezident İlham Əliyev bu il keçirilən beynəlxalq yarışlarda idmaçılarımızın 805 medal qazandığını, onların da 275-nin qızıl medal olduğunu bildirib.

Qeyd edib ki, 2014-cü ildə Azərbaycanda bir neçə beynəlxalq yarış keçirilib və artıq bu yarışların ölkəmizdə keçirilməsi davamlı hal alıb.

Prezident İlham Əliyev il ərzində idman sahəsində qazanılan nailiyyətlərdən danışarkən gənc idmançılarımızın Çində keçirilən Yeniyetmələrin Yay Oİlimpiya Oyunlarında qazandığı qələbələri xüsusi vurğulayıb. 2014-cü ildə də ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini, hazırda 9 rayonda olimpiya komplekslərinin tikildiyini deyən dövlət başçısı artıq bölgələrdəki idman-olimpiya qurğularının sayının 41-ə çatdığını vurğulayıb.

Azərbaycan Prezidenti ölkəmizin idman nüfuzunun və nailiyyətlərinin Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilən iclasında da mötəbər beynəlxalq idman təşkilatlarının rəhbərləri tərəfindən xüsusi vurğulandığını deyib.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edən Prezident İlham Əliyev artıq hazırlıq işlərinin son mərhələdə olduğunu, işlərin yüksək keyfiyyətlə və qrafik üzrə aparıldığını diqqətə çatdırıb.

Bu Oyunların keçirilməsi ilə bağlı şəhər infrastrukturuna da böyük dəstəyin verildiyini deyən dövlət başçısı yeni yolların çəkildiyini, körpülərin salındığını, nəqliyyat vasitələrinin alındığını bildirib. Bununla yanaşı, ekoloji tədbirlərin də həyata keçirildiyini deyən Prezident İlham Əliyev Böyük Şor gölünün təmizlənməsi istiqamətində mühüm addımların atıldığını, Bakı bulvarının genişləndirildiyini, yeni layihənin icrası nəticəsində bulvarın uzunluğunun daha da artacağını və təxminən 6 aydan sonra Bakının yeni siması ilə öz qonaqlarını qarşılayacağını deyib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ölkəmizin idman uğurları gələn il də təmin olunacaq və idmançılarımız beynəlxalq arenalarda öz sözlərini deyəcəklər.

Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Bu kateqoriyadan olan idmançılara mənzillərin orderləri verilib. İdmanda yüksək nailiyyətlər göstərən bir qrup idmançı isə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif olunub. İdmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri də təqdim edilib.

Daha sonra bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə ölkəmizin bir qrup idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, o cümlədən “Əməkdar müəllim” fəxri adları təqdim olunub.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR