Tuyqun Nadirov: “...Oğuz Çətinə mövsümün sonuna kimi şans veriləcək”
Bizi izləyin

İdman

Tuyqun Nadirov: “...Oğuz Çətinə mövsümün sonuna kimi şans veriləcək”

Dünən Klublar Komitəsinin növbəti iclası keçirildiyini xəbər vermişdik. İclasda bir sıra məsələlər müzakirə olunub. Müzakirənin əsas mövzularından biri də “Bakı” klubunun taleyi olub. Bu barədə KK-nın sədri Tuyqun Nadirov Publika.az-a müsahibəsi zamanı daha ətraflı məlumat verdi. O həmçinin “Xəzər Lənkəran”da baş verən son hadisələrə də aydınlıq gətirdi.

- İclasda hansı məsələlər müzakirə edildi?

- Komitənin növbəti iclasında klubları maraqlandıran məsələlər müzakirə olundu. Düzdür, elə məqamlar var ki, ictimaiyyətə açıqlanmır, qapalı şəkildə müzakirə edilməldir. Orada müzakirə olunan əsas məsələlərdən biri “Bakı” ilə bağlı idi. Belə ki, klublar birləşərək qərara gəldi ki, “Bakı”nın maddi durumunu nəzərə alaraq, heç birimiz o klubdan futbolçu “qaçırmayacağıq”, kimisə şirnikləndirməyəcəyik. Ən azı yaya kimi biz hamımız futbolun inkişafını istəyiriksə, kluba imkan verməliyik ki, özləri öz problemlərini həll etsinlər. Təbii ki, kimsə pul ödəyib, qarşılıqlı razılaşma əsasında transfer etsə, bu başqa məsələ. Bir futbolçuya “iki aydır maaş almırsan, o klubda niyə qalıbsan, gəl bizdə oyna” deyilməyəcək. Çox sevindirici haldır ki, bütün klublar bu məsələdə həmfikirdir. Bu, bizim “Bakı”ya bir jestimizdir.

Digər məsələ isə “Topaz” mərc şirkəti ilə bağlıdır. Belə qərara gəldik ki, növbəti iclasda bu şirkətin rəhbər şəxslərindən birini iclasımıza dəvət edək. Çünki şirkət klublarımızın adını öz mərc proqramında qeyd etdiyi üçün pul ödəməlidir. Növbəti iclasda bu məsələyə aydınlıq gətirməliyik.

Daha bir məsələ isə oyunların yayımı ilə bağlıdır. Artıq bu məsələ üçün bir sıra təkliflər var. Biz yayımı hazır edib, siqnalı televiziya kanallarına sata da bilərik. Matçın çəkilişini hazır etmək xərc tələb edir. Ola bilər ki, biz hansısa bir şirkətlə müqavilə imzalayıb, oyunun keyfiyyətli çəkilişini də təmin edə bilərik. Kanallar da sponsor tapa bilər. Hamımız bilirik ki, bölgələrdə oyunun yayımlanması üçün hər bir şərait var. Bunu təşkil etmək çətin məsələ deyil.

Başqa bir məsələ isə hakimlərlə bağlıdır. Ölkəmiz 2020-ci il Avropa çempionatına hazırlaşır. İstərdik ki, hakimlərimiz həmin çempionatda da bizi tanıtdırsın. Məqsədimiz də budu. Əfsuslar olsun ki, qış fasiləsinə kimi bəzi turlarda xoşagəlməz hadisələr oldu. Elə olub ki, hər iki klubun maraqları bir oyunda tapdalanıb. Təbii ki, Hakimlər Komitəsinə (HK) öz tövsiyələrimiz, təkliflərimiz var. Hər şey ola bilər”.

- Komitənin növbəti iclası nə vaxta gözlənilir?

- Növbəti iclasımız yanvar ayının sonlarında baş tutacaq. Yəni komandalar təlim-məşq toplanışlarından qayıtdıqdan sonra.

- Hansı təklif və planlarınız var?

- Yeni təkliflər deyəndə burada əsasən bir neçə məsələ var ki həllini tapmayıb, onlar da klubları çox maraqlandırır. Yenə deyirəm, buna teleyayım məsələsini misal çəkmək olar. Bununla bağlı klublar da əziyyət çəkir.

- Yeni komitənin yeni iş fəaliyyəti klublar tərəfindən necə dəyərləndirilir?

- Çox müsbət. Yəni bu günə kimi, klubların çıxış etməyə, sözlərini çatdırmağa müəyyən tribuna yox idi. Şükür ki, həmin tribuna var, rahat şəkildə fikirlərini çatdıra bilirlər. Elə “Bakı” klubu ilə bağlı yekdilliklə qəbul edilmiş qərar komitənin iş fəaliyyətinin bir sübutudur.

- Gələk “Xəzər Lənkəran” ilə Oğuz Çətinin yollarının ayrılması məsələsinə. Oğuz Çətin komandadan niyə ayrıldı?

- Oğuz Çətinin gedişi bizim üçün də gözlənilməz idi. Baş məşqçinin öz üzərinə götürdüyü məsuliyyət var idi. Bunu yerinə yetirə bilmədiyinə görə istefa verdi.

- Onun müqaviləsi bitməmişdi...

- Bəli, müqaviləsi başa çatmamışdı, mövsümün sonuna kimi idi. Onun klubda işləməsi üçün bütün şərait yaradılmışdı. Bunu özü də etiraf etdi. İstədiyi transferlərdən tutmuş, Avropada toplanışlara qədər. Bir sözlə, ona hər cür dəstək göstərdik. O da bunu etiraf edirdi. Bildirdi ki, bunun qarşılığını ödəyə bilmədiyinə, qış fasiləsinə yollanan zaman komandanın turnir cədvəlində də layiqli yerdə olmamasına görə komandadan ayrıldı. İndi ərizəsi verilib, baxılır. Prezident qərar verəcək, ya qəbul edəcək, ya qəbul etməyəcək.

- Yenə Mirça Rednikin qayıtması variantı gündəmə gəlib...

- Yenə deyirəm, hələ ki Oğuz Çətin ərizəsini verib. Bundan sonra necə olacaq, onun ərizəsi qəbul olunacaqmı, olunmayacaqmı, bilmirik. Klub prezidentinin qərarından asılıdır.

- Komandanı mövsümün sonuna qədər kim çalışdıracaq?

- Onun yerinə kimin gələcəyi, heyətlə bağlı məsələlər bu günlərdə həllini tapacaq. Bir-iki günə bilinəcək.

- Əvəzedici heyətin çalışdırıcısı Elbrus Məmmədovun da əsas komandaya baş məşqçisi keçə biləcəyi gündəmdədir?

- İndi bu posta namizəd kimi müxtəlif adlar çəkilir, müxtəlif namizədlər deyilir. Amma qərarı qəbul edən klubun prezidentidir. O da hələ kimin gəlib-gəlməyəcəyini deməyib. Aydın olduqdan sonra mətbuata açıqlanacaq.

Bəlkə də, Oğuz Çətinə mövsümün sonuna kimi şans veriləcək. Bilmək olmaz, hər şey baş verə bilər.

Transfer məsələsi də qalıb. Baş məşqçi səlahiyyətini kim icra edəcəksə, o məsələlərlə də məşğul olacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm