Cinsi zorakılıqda ittiham edildi, vəkili sayəsində azad olundu
Bizi izləyin

İdman

Cinsi zorakılıqda ittiham edildi, vəkili sayəsində azad olundu

O, NBA-nın (Milli Basketbol Assosiasiyası) ən yaxşı basketbolçularından biridir. Hazırda “Los-Anceles Leykers” komandasında forma geyinir.

Brayant komandası ilə 2000, 2001 və 2003-cü illərdə NBA çempionu olub.

Publika.az “II taym” layihəsi çərçivəsində ulduz basketbolçu Kobi Brayant haqqında məlumat verəcək.

1996-cı ildən “Los-Anceles Leykers”də forma geyinən Brayantın maraqlı həyat hekayəsi var.

“Bifşteks”in şərəfinə Kobi

İdmançının əsl adı Kobi Bin Brayantdır. Kobi 1978-ci il avqustun 23-də ABŞ-ın Filadelfiya ştatında yerləşən Pensilvaniya əyalətində anadan olub. Ailəsi onun adını Yaponiyanın Kobi şəhərindəki restoranlardan birinin menüsündə gördükləri məşhur bifşteksdən təsirlənərək qoyub.

Atası Coy Ben də keçmiş “Filadelfiya 76” komandasında oynayıb. Aparıcı oyunçulardan olan ata Brayant komanda yoldaşları arasında “jellybean”(marmelad) ləqəbi ilə tanınıb. Joe Ben və Pam cütlüyünün sonuncu və tək oğul övladı Kobidir. Onun Şaya və Şaria adında əkiz bacıları da var.

Bir maraqlı fakt da var ki, Kobi Brayantın dayısı NBA-nın tanınmış üzvü, keçmiş basketbolçu Con Arturdur.

Erkən bitən futbolçu karyerası

Kobinin hələ 6 yaşı olarkən atası İtaliyada bir basketbol komandasına transfer olunub. Bu səbəbdən bütün ailə oraya köçüb. Məhz burada Kobi futbola meyil salıb. Məşhur “Milan”ın uşaq klubunda futbol oynamağa başlayıb. Lakin bir müddət sonra - 1991-ci ildə Brayant ailəsi Amerikaya qayıtmalı olub. Bununla da onun futbolçu karyerası erkən başa çatıb. O, sonradan mətbuata belə açıqlama vermişdi: “İtaliyada qalsaydım, futbola davam edib peşəkar olardım”.

Basketboldakı uğurları

198 sm boya malik Brayant basketbolla Filadelfiyadakı “Lover Merion” liseyində tanış olub. Basketbolda inanılmaz uğurlara imza atan idmançı tez müddətdə milliyə dəvət alıb. 17 yaşındaykən kollecə daxil olmaq üçün sınaqlara girib. İmtahanda ən yüksək balı toplayan Kobi təhsil yerinə idmanı seçib. Bununla da onun NBA uğurları start götürüb.

Hələ 17 yaşındaykən (1996-cı ildə) - “Şarlott Hortnes” basketbol klubunda forma geyindiyi vaxtlarda NBA-da “ən yaxşı idmançılar” içində 13-cü sırada yer alıb.

“Los-Anceles Leykers” klubuna oyunçu seçimi zamanı Kobinin performansı çox bəyənilib və onu heyətə çağırıblar. Tez zamanda böyük azarkeş kütləsi toplayan Brayant komandadakı ikinci mövsümündə NBA-nın “İlin Ən Yaxşı Altıncı Adamı” mükafatına (NBA’s Sixth Man of the Year Award) layiq görülüb. Bundan əlavə, mövsümün ən gənc ulduzu sıralamasında da 5-ci yerdə qərarlaşıb.

Komanda yoldaşları ilə birlikdə göstərdikləri oyunlara görə 2000, 2001 və 2002-ci illərdə üst-üstə NBA çempionluğunu qazanıb.

2002-2003 mövsümündə Kobinin 22,6 xalı və 4,4 asistinə baxmayaraq, komanda çempionluğu əldən verib. Lakin bir neçə mövsümdən sonra Kobinin komandası yenidən NBA-dakı çempionluqlarını geri qaytardı və 2009, 2010-cu illərdə iki dəfə bu adı yenidən qazandı.

Maykl Cordana oxşarlığı

Hər zaman özünü doğruldan Kobi Brayant əfsanəvi Maykl Cordanla da müqayisə edilir. Belə ki, oyun zamanı start sürəti və topu səbətdən keçirmə qabiliyyətinə görə onu Cordanın davamçısı olaraq göstərirlər. Kobi karyerasında 25,1 xal, 4,6 asist, 5,3 ribaund və 1,5 yüksək playback statistikasına malikdir. Bu da ən yaxşı göstəricilərdən hesab olunur. Bir matçda on iki “üçlük” atması ilə Donyell Marşallın rekordunu təzələmişdir.

Hələ 27 yaşındaykən ümumilikdə 16 min xal qazanan Brayant 2006-cı il yanvarın 6-da baş tutan “Mayami Hit” - “Los-Anceles Leykers” matçında iştirak edib. Həmin qarşılaşma ərəfəsində illərdir küsülü olduğu basketbolçu Şakil O`Nillə əl sıxışıb və aralarındakı soyuqluğa son qoyublar.

45 milyonluq reklam təklifi

Onun uğurları artdıqca gələn reklam təkliflərinin də sayı artmaqda idi. Əvvəl “Adidas”la yüksək qiymətə 4 illik reklam razılaşması imzalayan Brayant, daha sonra da “Nike” ilə 45 milyon dollarlıq bir anlaşmaya qol qoydu və reklam çarxlarına çəkilməyə başladı.

O, rep də deyir

Brayant “Chi Sah” adlı Rep qrupunun da üzvüdür. Basketbol oynamağı ilə yanaşı, rep də deyən Kobini qrup yoldaşları “Eight-Man Kobi-One-Kenobie” kimi çağırırlar. Hətta gənc yaşlarda albom çıxarmaq fikrinə də düşüb. Amma peşəkar idmanla məşğul olduğu üçün bu istəyini arxa plana atıb.

Toylarında, sadəcə, 12 qonaq çağırılır

1999-cu ildə Kobi albom çıxartmaq üçün getdiyi bir binada 17 yaşlı rəqqasə Vanessa Laine ilə tanış olur. Əvvəlcədən qeyd edək ki, albom çıxmadı. Brayant Kaliforniyadakı Marina Liseyində oxuyan Laine ilə 6 ay sonra - 2000-ci ilin mayında nişanlandı.

Təxminən bir il sonra 2001-ci il aprelin 18-də Kaliforniyada evlənən cütlüyün toyuna sadəcə 12 qonaq təşrif buyurdu. Lainenin afrikaəsilli olması və çox gənc yaşda evlənmələri səbəbiylə toya qarşı çıxan ailəsi ilə yanaşı, komanda yoldaşları da bu mərasimə qatılmamışdılar.

Lakin ailələr arasındakı bu gərginliyə cütlüyün 2003-cü il yanvarın 19-da dünyaya gələn qızlarından sonra son qoyulub. Cütlük qızlarına Natalia Diamonte adını verib. 2006-cı il mayın 1-də isə cütlüyün ikinci qızı - Gianna Maria-Onore dünyaya göz açıb. Kobinin həyat yoldaşı Vanessa qızları Natalia və Gianna ilə “Leykers”in matçlarını daim izləyib və hər dəfə yoldaşının uğur qazanması üçün tribunadan dəstək sədaları səsləndirib.

75 milyon dollarlıq təzminat

Son dövrlərdə hər kəsin ən xoşbəxt cütlük adlandırdığı Brayant ailəsinin dağılması ilə bağlı söz-söhbətlər gəzməyə başlamışdı. Əvvəllər boşanma qərarından daşınan cütlük, 2012-ci ildə yenidən məhkəməyə üz tutdular. 2013-cü ildə isə rəsmən boşandıqlarını mətbuata açıqladılar.

Bu üzdən NBA ulduzu Kobi Brayant boşandığı yoldaşına 75 milyon dollar və 3 malikanəni təzminat olaraq verir. Təzminatın bu qədər yüksək olmasının səbəbi isə evli olduqları 10 il ərzində basketbolçu Kobi Brayantın 150 milyon dollar qazanc əldə etməsi olub.

Xoşbəxt ailəni dağıdan seksual gözəl

Boşanma ilə bağlı iddia edilən səbəblərdən biri də Kobi Brayantın “playboy gözəli” deyilən Cessika Bursiaqa ilə sevgi macərası olub. Kobinin seksual model üçün aldığı yüz minlərlə dollarlıq üzük və bahalı hədiyyələr ABŞ-da gündəmi zəb etdiyi vaxtda, ulduz oyunçunun sərvəti də başqa bir müzakirəyə səbəb olmuşdu.

Mətbuatda yer alan xəbərə görə, Kobi Brayantın ümumilikdə 400 milyon dollara yaxın varidatının olduğu bildirilir. Lakin bunun 150 milyonu rəsmi şəkildə göstərilir. Bunun da 45 faizə qədərini imzaladığı reklamlar təşkil edir. Onun adı dəfələrlə ən zəngin idmançılar siyahısında qeyd olunub.

Cinsi zorakılıq iddiası

2003-cü ildə dünyaca məşhur basketbolçu Kobi Koloradodakı villasında 19 yaşlı Katelin Faber adlı gənc qıza təcavüz etməkdə günahlandırılmışdı. Bundan sonra NBA ulduzunun karyerasında sürətli eniş başladı. Üstəlik, milyonluq sponsor müqavilələrini də əldən qaçırdı. İdmançı günahsız olduğunu sübut etmək üçün dünyanın ən məşhur vəkillərini tutdu. Bir müddət çəkən məhkəmə prosesi sonda Kobinin lehinə qərar verdi.

Bu durum idmançının psixologiyasına da təsirsiz ötüşmədi. Ancaq tez zamanda özünü toplayan idmançı meydanlara qayıdıb, yenidən uğurlarını təkrarlamağı bacardı.

Uğurları

NBA çempionluğu - 5 dəfə (2000, 2001, 2002, 2009, 2010)

Ən gənc basketbolçu (1997)

NBA All-Star - 15 dəfə (1998-2013)

All-NBA Birinci Komandası - 11 dəfə (2002-2004, 2006-2013)

All-NBA İkinci Komandası - 2 dəfə (2000, 2001)

All-NBA Üçüncü Komandası - 2 dəfə (1999, 2005)

NBA All-Star matçı MVP - 4 dəfə (2002, 2007, 2009, 2011)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm