• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

203 sm boya malik azərbaycanlı idmançı: “Danışdıqlarımı məşqçi oxusa, məni öldürər”

  • İdman
  • 25 Dekabr 2014 17:21
  • 9 620 Baxış
203 sm boya malik azərbaycanlı idmançı: “Danışdıqlarımı məşqçi oxusa, məni öldürər”

Amil Həmzəyev azərbaycanlı basketbolçudur. İdmana elə doğulduğu şəhərdə - Gəncədə başlayıb. Tez zamanda milli rəhbərliyinin diqqətini çəkərək Bakıya dəvət alıb. Həmzəyev həmçinin İlk Avropa Oyunlarının idman elçiləri olacaq 11 Azərbaycan idmançısı sırasında yer alıb.

Həmzəyev Publika.az-a müsahibəsi zamanı qarşıdakı hədəflərindən və anasının onu necə dəstəkləməsindən danışdı.

Tanışlıq: “Mən Amil İlyas oğlu Həmzəyev 1990-cı ildə Gəncə şəhərində anadan olmuşam. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. İdmana elə doğulduğum Gəncə şəhərində başlamışam. 2004-cü ildə basketbola yazılmışam. 2005-ci ildə isə Bakıya gənclərdən ibarət milli komandaya çağırılmışam. Həmin ilin dekabrından da kişilərdən ibarət milli komandaya seçilmişəm”.

- İdmana elə basketbolla başlamısan?

- Uşaqlıqdan, demək olar ki, bütün idmanlara getmişəm. Futbol, güləş, karate, boks...

- İlk dəfə zala kiminlə getmişdin?

- Basketbola ilk dəfə atamla getmişəm. Hətta ilk 2 məşqimdə oturub axıra qədər məni gözləmişdi (gülür).

- Bəs atan məşqlərinə baxanda nə düşünürdü? Hər halda, fikrini səninlə bölüşüb?

- Sözün düzü, o yaşda bu boya malik olanda məşqçilər uşağı valideyninə çox tərifləyir. Buna görə də atamda başqa fikir yarana bilmirdi (gülür).

- Sən basketbol oynamağa başlayanda bu idman növü bir o qədər də məşhur deyildi, maraq da az idi. Necə oldu ki, basketbolu seçdin?

- Əksinə, mən başlayan vaxtlar basketbol yeni-yeni inkişaf edirdi. Xaricdən məşqçi dəvət olunmuşdu və çempionat yüksək səviyyədə keçirilirdi. Ucaboy olduğum üçün yaxın adamlar məsləhət gördü ki, basketbola gedim. Hər şey də burdan başladı.

- Amma futbol, güləş, boks daha populyar idi...

- Fiziki göstəricilərim basketbola uyğun idi. Mən basketbola başlayanda 14 yaşım vardı, boyum 194 sm idi.

- Boyunun uca olması genetik əlamətdir, yoxsa basketbolun da təsiri olub?

- Basketbolun təsiri, əlbəttə olur, amma gendən də çox şey asılıdır.

- Maraqlıdır, “mən basketbola başlamaq istəyirəm” deyəndə buna qarşı çıxan olmadı? Adətən, valideynlər təhsildən yana olur.

- Atamla qardaşım dəstəkləmışdi. Amma anam həmişə təhsilimə davam etməyimi istəyirdi.

“İlk yarış, ilk nəticəsi”

“Basketbola cəmi 5 gün idi başlamışdım. İlk yarışa çıxmalı oldum. Cəmi 2 xal atdım və həmin turniri qazandıq. Yaxşı nəticə isə 2006-cı ildə olub. Avropa çempionatının C divizionunun qalibi olmuşduq. Yarış böyüklər arasında Albaniyada keçirilirdi”.

- “Anam razı deyildi” dedin. Bəs ananın fikrini necə dəyişdin?

- Əslində anamın könlünü qırmamaq üçün idmanla paralel təhsilimi də davam etdirirdim. Ancaq universitet vaxtı gələndə seçim etməliydim. İdmanı seçməli oldum. Yaxşı ki, böyük qardaşım var, o, anamın təhsil arzusunu davam etdirdi, mən idmana getdim. İndi anam da məni dəstəkləyir.

- Atandan başqa yarışlara, ya da məşqlərinə ailə üzvlərindən kim gəlib?

- Atamla qardaşım çox gəlib. Anam ancaq Avropa miqyaslı yarışlara gəlir. Deyir “adi çempionatlar maraqsız olur” (gülür).

- Yarışı izləyənlər arasında oturanda, top oğlunda olarkən həyəcanını necə büruzə verib?

- Onu ifadə etməyə sözlər çatmaz. O zaman çox həyəcanlanır.

- Analar çox kövrək olur. Bəs heç qələbənə sevinc göz yaşları tökübmü? Bunun şahidi olmusan?

- Məncə, olmayıb (anasından soruşur - red.). Deyir həmişə qələbə gözləyirəm deyə, qeyri-adi gəlməyib. Amma çox sevinib.

Bu günə qədərki nəticələri ...

“2006-cı ildə Albaniyada Avropa C divizionunun qalibi olmuşam. 2008-ci ildə Şotlandiyada yenə Avropa C divizionunun çempionu, gənclər və kişilərdən ibarət çempionat daxil olmaqla 8 qat respublika çempionuyam. 3x3 basketbol üzrə Avropa turunun qalibi, dünya turunun bürünc mükafatçısı, 1x1 basketbol üzrə “Redbull king of the rock”-2013-ün Azərbaycan çempionu, 3x3 üzrə 2 qat respublika çempionu olmuşam. Ən uğurlu nəticəm bir oyunda 144 xal atmaq olub, Avropa tarixində “ilk üçlük”dəyəm. 20 yaşlıların Avropa çempionatında - 2008-ci ildə ən yaxşı müdafiəçi seçilmişdim”.

- İdmandakı çətinliklərin səni yorduğu, bezdirdiyi anlar olubmu?

- Mən milli komandada oynayanda 15 yaşım var idi. Əlbəttə böyük komanda ilə məşq etmək mənə çətin gəlirdi. Hətta bacarmayacağımı düşündüyüm anlar olub. Ancaq sonra hər anından həzz almağa başladım, indi də elədir.

- İlk Avropa Oyunlarının idman elçilərindən biri seçilmisən. Səncə, seçilmə səbəbin nədir?

- Avropa Oyunlarında basketbolun 3x3 növü olacaq. Elə 3x3 basketbolda da əsas reytinqə üstünlük verilir. Dünya üzrə, bizdə də respublikada reytinq üzrə 1-ci yerdə mənəm. Məncə səbəb budur. Əslində boy amili adi insanlar arasında seçilir. Amma komandada elə deyil, normal boya sahibəm (gülür).

- Bu gün bütün idman növlərində legionerlər var. Sizdə necədir? Yerlilərlə legionerlər arasında fərq qoyulurmu?

- Bəli, bizdə də var. Məncə buna fərq qoyulur demək olmaz. Ancaq istər-istəməz hər hansı bir kombinasiya oyunda icra olunanda onlara üstünlük verilir. Məncə bu təbii haldır. Çünki onlar hazırda xarici liqalarda çıxış edirlər, güclü çempionatlarda oynayırlar, onlar yayda bizə qatıldıqda daha hazır olurlar.

- Maraqlıdır, komandanızda ən hündürboy basketbolçu kimdir?

- Hazırda milli komandada ən ucaboy Aleksandr Rindindir. Onun boyu 226 sm-dir. “Qala” klubunda isə 206 sm boyunda olan Bəxtiyar Ələkbərovdur.

3x3 komandasının tərkibi hələ tam dəqiqləşməyib. Ancaq yerlilər arasında hələ ki, ən hündür mənəm - 203 sm (gülür).

- Hakim ədalətsizliyi ilə üzləşmisən? Olubmu ki, xalların sayılmasın?

- Son Avropa çempionatında 3x3 növü üzrə Rumıniyada iştirak etmişdik, yerli komandayla oyunda ən böyük haqsızlığı gördük. Tək bizə qarşı yox, bütün komandalara qarşı edilmişdi. Bu çempionatın qalibi Rumıniya oldu.

- Bəs bu haqsızlıq qarşısında nə etdiz?

- Məcburi susduq. Eybi yoxdur, Bakıda heyfimizi çıxarıq (gülür).

- Arxayınlaşma olur? Məsələn, növbəti yarışda da qalib gələcəyini düşünürsən, amma məyus olursan...

- Heç vaxt olmayıb. Hər yarışı, hər oyunu ayrı düşünməyə çalışmışam.

- Təsadüfi, təəccübləndirən nəticələr olub?

- Demək olar ki, yox. Şəxsi göstəricilərimə təəccübləndiyim vaxtlar olub, ancaq komanda nəticəsinə yox.

“Qarşısındakı hədəflər”

“İlk növbədə I Avropa oyunlarında qalib gəlmək, ardından 2016-cı ildə Avropa seçmə mərhələsini uğurla keçmək, sonra isə İslam ölkələri Olimpiadasında 2017-ci ildə uğurlu nəticə əldə etmək istəyirəm”.

- Nə vaxta qədər idmanla məşğul olmaq fikrin var?

- Sözün düzü, qüvvəm çatana qədər oynamaq istəyirəm. Ancaq lap əldən düşən vaxt oynamağı da sevmirəm. İdmanı da hörmətli tərk etmək lazımdır.

- Karyeranı bitirdikdən sonra məşqçi işləmək istəyərsən, ya başqa sahəni seçəcəksən?

- Əslində basketbol yaxşı səviyyədə olsa, işləmək istəyərəm, belə olsa yox.

- Son olaraq başına hansı maraqlı hadisə gəlib?

- Bir dəfə Astanadan Bişkəkə uçanda bir hadisə oldu. Belə ki, Astanada tranzit yolçular əvəzinə mən gedib səhv şəhərə çıxmışdım. Sonra reysin vaxtına kimi 8 saat Astanada tək fırlanmışdım (gülür). Başqalarını deyə bilmərəm. Danışaram, sonra danışdıqlarımı məşqçi oxusa, məni öldürər (gülür).

Aygün İlqarqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR