Emin Mahmudov: “Evdə həmişə Azərbaycan adət-ənənələrini qoruyuruq”
Bizi izləyin

İdman

Emin Mahmudov: “Evdə həmişə Azərbaycan adət-ənənələrini qoruyuruq”

Azərbaycan futbolu 2015-ci ilə yeni simada qədəm qoyacaq. Millinin baş məşqçi postuna Robert Prosineçkinin gətirilməsiylə ümidlər yenidən cücərməyə başlayıb. Deyilənə görə xorvat mütəxəssis milli komandada köklü islahatlar aparacaq. Lazımsız milliləşən futbolçuların çoxu “istifadədən” çıxarılacaq. Belədə təbii ki, yeni futbolçuların çağırılması istisna olunmur.

Diqqətləri Emin Mahmudova yönəltmək istəyirik. Saatlıda anadan olan həmyerlimiz Rusiyada boya-başa çatıb. Hazırda “Krılya Sovetov”da oynayır. Rusiyanın aşağı yaş millilərində top qovub. Amma hələ əsas komandanı seçməyib. İkili vətəndaşlığı olan Eminin Azərbaycan millisini seçəcəyini gözləyənlər çoxdu. Amma o, tərəddüd edir. Niyə?

Mahmudovun vətənə, millətə nə qədər bağlı olduğunu bilənlər bilir. Heç vaxt Rusiyadakı Azərbaycan xeyriyyə fonduna yardımı barədə bir kəlmə kəsməsə də, biz onun bu xoş məramından xəbərdarıq. Bununla belə, millimizin formasını geyməyə hələ də tərəddüd edir. Görün, Azərbaycan futbolu nə vəziyyətdədir ki, belə vətənpərvər bir futbolçu da milliyə gəlməyə risk eləmir. Çünki vaxtilə U-17 millimizə gəlib bəyənilməyəndə bunların iç üzünü, qeyri-peşəkarlıqlarını yaxşı görüb.

Cari mövsümə yaxşı başlayan 22 yaşlı yarımmüdafiəçi 5 oyunda “Krılya Sovetov”un start heyətində yer aldı. Amma sonra ağır zədə onu haqladı. Avqustdan bəri komandasının oyunlarını tribunadan izləmək məcburiyyətində qaldı. Sağalmaq üzrə olan həmyerlimiz Rusiya milli futbol liqasının yaz mövsümündə yaşıl meydanlara qayıtmağı düşünür. Biz isə onu ilk öncə Prosineçkinin sərəncamında görmək istərdik.

Rusiya mətbuatına son müsahibəsində Emin zədəsindən, futbola və riyaziyyat elminə sevgisindən, soydaşları ilə oturub-durmasından, dahi Nizamidən, "Leyli və Məcnun"dan və dini inanclarından danışıb.

Publika.az həmin müsahibənin ən maraqlı hissələrini sizə təqdim edir.

Əvvəlki səviyyəmə qayıtmalıyam

- Zədə üzündən 5 aydır yaşıl meydanlardan uzaq düşmüsən. Yaza kimi ümumi məşqlərə başlaya biləcəksən?

- Optimal formamı yığmağa çalışıram. Təkcə qaçmaqla kifayətlənmirəm, topla da məşq edirəm. İlk təlim-məşq toplanışından əvvəl bir dəfə də kursdan keçəcəm. Ümid edirəm ki, martda komandaya qoşula biləcəm.

- Zədəli olanda “Krılya Sovetov”un oyunlarını izləyirdin?

- Bəli. Bir oyunu belə buraxmamışam. Hətta səfər oyunlarını da izləmişəm.

- Əsas heyətdəki yerini qaytara biləcəksən?

- Mövsümün əvvəlində özümü inamlı hiss edirdim. Oyunumla məşqçilər korpusunun etimadını qazanmışdım. Indi yenidən əvvəki səviyyəmə qayıtmalıyam ki, əsas heyətə düşə bilim.

- “Krılya Sovetov”un qış fasiləsinə 4-cü pillədə yollanmasını necə qiymətləndirirsən?

- Xeyli qazanılası xallar itirdik. Xüsusilə də ev oyunlarında. Biz Premyer Liqaya qayıtmaq üçün keçid oyunlarına qalmaq istəmirik. Qarşımıza qoyulan hədəf ilk iki yerdən birini tutmaqdır. Buna potensialımız da çatar.

- Bir çox məşqçilərlə işləmisən. Sənin inkişafında hansının rolu böyük olub.

- Hər məşqçidən nəsə öyrənmişəm. Əcnəbilərlə işləməkdən xoşum gəlir. İstər Verkoteren, istərsə də “Spartak”da baş məşqçim olan Unai Emeri üçün xırda detal yoxdu. Onlar hər şeyə fikir verirlər. Hətta qidalanmaya da.

- Verkoteren səni yarımmüdafiənin mərkəzində oynadır. Bu mövqedə özünü rahat hiss edirsən?

- İndiki məqamda məhz bu mövqe mənə daha uyğun gəlir. Yeniyetmə yaşlarında hücumçuların arxasında oynayırdım. Amma, necə deyərlər, yaşa dolduqca öz qapına yaxınlaşırsan.

Həyatda futboldan daha vacib şeylər var

- Tətili necə keçirirsən?

- Elə bir ənənə yoxdu ki, mütləq dənizə getməliyəm. Əsasən ailəmin yanında oluram.

- Valideynlərin futbola marağını həmişə dəstəkləyib?

- Heç vaxt buna qarşı olmayıblar. 6 yaşından topun arxasınca qaçıram. Paralel olaraq da karate ilə məşğul olmuşam. Futbola mane olandan sonra əlbəyaxa döyüşü atdım.

- Futbol sənin üçün nə deməkdir?

- Sevgi. Amma futbola peşəkar kimi yanaşıram. Oyundan həzz alıram, başqa oyunlara baxmağı, futboldan danışmağı xoşlayıram.

- Karyeranı bitirəndən sonra baş məşqçi olmaq istəyərsən?

- Bu haqda düşünmək tezdi. Mən hələ bu sahədə tələbəyəm. Bilirəm ki, futbol əbədi peşə deyil, nə vaxtsa bitəcək. Həyatda futboldan daha vacib şeylər var.

- Futboldan vacib olan nədir?

- Ailə və iman. Evdə həmişə Azərbaycan adət-ənənələrini qoruyuruq. Amma dini normalara riayət etməyi özüm seçmişəm. Bu, mənim üçün çox vacibdir. İmanlı olmağa çalışıram, imkan düşəndə dini kitablar oxuyuram.

- Boş vaxtlarını necə keçirirsən?

- Əyləncəli mərasimləri o qədər də sevmirəm. Bəzən azərbaycanlı dostlarımla və ya sinif yoldaşlarımla haradasa oturub çörək yeyirik, çay içirik. Samarada tək yaşayıram. Kitab oxuyanda həm də dincəlirəm. Sonuncu dəfə “Romeo və Cülyetta”nı oxumuşam. Amma bizim dahi Nizami Gəncəvi Şekspirdən neçə əsr əvvəl “Leyli və Məcnun” poemasını yazıb. Hərdən bazada futbolçularla “Pley Steyşn” də oynayırıq, amma damadan xoşum gəlir. Mən riyazi hesablamalarda bir az yaxşıyam. Məktəb vaxtından riyaziyyatı sevmişəm. Indiyə kimi də qohumlarımın uşaqlarına ev tapşırıqlarında kömək edirəm.

- Sənin həm Rusiya, həm də Azərbaycan millisinin formasında meydana çıxmaq şansın var. Nə vaxt son qərarını verəcəksən?

- Hələ ki, milli haqda düşünmək istəmirəm. İndi əsas diqqətimi “Krılya Sovetov”da əsas heyətdəki yerimi qaytarmağa və komandamla birlikdə Rusiya Premyer Liqasına yüksəlməyə yönəltmişəm.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm