UEFA Azərbaycanın legionerlərindən yazdı
Bizi izləyin

İdman

UEFA Azərbaycanın legionerlərindən yazdı

UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasının ilk yarısında özünü təsdiq etməyi bacaran ən yaxşı 7 əcnəbi haqda yazı hazırlayıb.

Publika.az Qaynar.info-ya istinadən yazını təqdim edir:

Legionerlər müxtəlif cür olur. Bəziləri oyun üslubuna və ya ölkədəki həyat tərzinə alışa bilmirlər. Belələri başını aşağı salıb yeni "transfer pəncərəsi"ni gözləyir. Digərləri komanda yoldaşlarından bir baş üstün futbol sərgiləyir, məhsuldar ötürmələr verir, qolları sıralayır, klublarının liderləri olurlar.

Bir də var işləyən legionerlər. Onlar göydən ulduz tutmurlar və heç də həmişə azarkeşlərin sevimlilərinə çevrilmirlər. Onlar hansısa məhsuldar və ya statistik göstəricilər üzrə seçilmirlər. Sadəcə, bu uşaqlar vicdanla öz işlərini görür, klublarına xallar toplamaqda yardımçı olurlar. Məhz bu futbolçular da arxada qalan 18 turun nəticələrinə gorə TOP-komandaya daxil ediliblər.

Leroy Corc ("Qarabağ"), yarımmüdafiəçi, 27 yaş

Bəzən elə təəssürat yaranır ki, nigeriya əsilli holland yorulmur. O, həm Avropa Liqasında, həm də ölkə çempionatının hər oyununda var gücünü ortaya qoyub. "Köhlən atlar"ın baş məşqçisi sıx qrafiklə əlaqədar bəzi aparıcı futbolçularına istirahət verdikdə belə, onun xidmətindən yararlanıb. Sağ cinahı eşən Corc qapıya zərbə vurmağı da unutmayıb və aktivinə 5 qol yazdırıb. Bir neçə dəfə isə özünü pleymeker kimi ən yaxşı tərəfdən göstərməyi bacarıb.

Aleksandr Amisulaşvili ("İnter"), müdafiəçi, 32 yaş

"Ağ-göylər"in son zamanlar aldıqları futbolçuların səviyyəsi qeyri-qənaətbəxş olurdu. Ancaq "bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadze demək olar ki, həmyerlilərini heyətə gətirdikdə heç vaxt yanılmadığını ortaya qoyub. Yaşlı olsalar belə, o, komandasına daim keyfiyyətli gürcüləri cəlb edib. Belələri sırasına Amisulaşvili də daxildi - müdafiənin mərkəzinin əsl sementi. O, rəqibin hansı gedişə əl atacağını əvvəlcədən duymaq qabiliyyətinə malikdi. Yeri gəlmişkən qeyd edək ki, "İnter" keçirdiyi görüşlərin tən yarısında qapısında qol görməyib. Bu göstəricidə böyük pay sahibi kimi Amisulaşvilini göstərmək olar.

Karlos Kardoso ("Neftçi"), müdafiəçi, 30 yaş

Baxmayaraq ki, "ağ-qaralar"ın ən zəif yeri müdafiə hesab olunur, bu braziliyalı stopperi qeyd etməmək olmur. O olmasaydı, "Neftçi" indikindən xeyli çox qol buraxardı. Özü də Kardoso tək müdafiədəki işiylə kifayətlənmir, o, standart vəziyyətlərdən sonra komandasının vacib qollarını vurmağa da macal tapıb.

Adrian Skarlatake ("Xəzər Lənkəran", müdafiəçi, 28 yaş)

Rumıniyalı Skarlatake - Lənləranla çoxdan vidalaşmış Mirça Rednikin mirasıdı. Cənubluların düşərgəsini mərkəz müdafiəçisi də tərk etmişdi, lakin bir müddət sonra "ağ-yaşıllar" vətənində sevilən Skarlanı qaytarmağı qərara aldılar. Müdafiədəki səliqəli oyunu ilə seçilən bu futbolçu daim stabilliyi ilə də göz oxşayıb. Doğrudu, ondan tələb olunandan artığını etmir, ancaq komandasının cərimə meydançasında gəzintiyə çıxmaq qeyri-mümkündü. Sıx oynayan müdafiəçi demək olar ki, "Xəzər-Lənkəran"ın bütün hücumlarını başlayır.

Draqan Çeran ("Simurq"), yarımmüdafiəçi, 27 yaş

"Simurq"un transfer siyasəti daim xoş təəccüb doöurmağı bacarır. 2013-ün yayında Zaqatala klubuna keçən yarımmüdafiəçi daha çox hücum xəttində yer alır. Özü də bunu çox uğurla həyata keçirir. Ötən mövsüm 12 qol vuran Çeran, bu çempionatın ilk yarısında 7 dəfə fərqlənib. Özü də nəzərə almaq lazımdı ki, çempionatın əvvəlində o, 4 oyunluq diskvalifikasiyaya məruz qalmışdı. Çeran "sarı-qaralar"ın əvəzolunmaz simasıdı.

Derlis Meza Koli ("İnter"), yarımmüdafiəçi, 26 yaş

Müasir futbolda dayaq yarımmüdafiəçisi yalnız dağıdıcı olmalı deyil. Bu ampluanın oyunçusu sürət, texnika, meydanı görmək qabiliyyəti və kəskin ötürmələr etmək bacarığı ilə seçilməlidi. Kiçik qardaşı ilə birlikdə "İnter"in şərəfini qoruyan yarımmüdafiəçi bütün bu komponentləri özündə toplamağı bacarıb. Turdan tura artıran paraqvaylı 90 dəqiqə ərzində yorulmaq bilmir və baş məşqçinin etimadını doğrulda bilir.

Muarem Muarem ("Qarabağ"), yarımmüdafiəçi, 26 yaş

Muaremin son yarım ildə necə artırdığı və onun avrokubok qolları haqda çox danışılıb. Texnikalı makedoniyalı həm sol cinah, həm də mərkəz yarımmüdafiəçisi mövqeyində uğurla çıxış etməyi bacarır. Onun daha bir bacarığı avrokubok oyunlarından daxili çempionata keçməsidi. Səviyyəli futbolu ilə göz oxşayan Muarem mövsümün ilk yarısında özü haqda söz etdirə bilib. Maraqlıdır ki, yenicə transfer olunanda bu seçim tənqid olunurdu.

Həmçinin mənbədə qeyd olunub ki, Azərbaycan çempionatında Ansi Aqoli, Riçard Almeyda (hər ikisi "Qarabağ"), Mikel Alvaro ("İnter"), Sadio Tounkara ("Xəzər Lənkəran"), Rafael dos Santos ("Qəbələ"), Viktor İbekoyi (AZAL) və Georgios Pelagiosun ("Bakı") kimi, güclü legionerlər də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm