• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Köhlən at”lar şahə qalxdı, tilsimləri qıra-qıra getdi

  • İdman
  • 29 Dekabr 2014 14:51
  • 1 568 Baxış
“Köhlən at”lar şahə qalxdı, tilsimləri qıra-qıra getdi

2014-cü il başa çatmaq üzrədir. Kədərli, sevincli, qələbəli, məğlubiyyətli, həyəcanlı və ən əsası yaddaqalan növbəti futbol ili geridə qaldı. Son 12 ayda xeyli maraqlı hadisələr baş verdi. Xüsusilə də yeniliklərlə, tilsimlərin qırılmasıyla əlamətdar bir il yaşadıq. Gəlin birlikdə 2014-cü ildə baş verən əsas futbol hadisələrini bir daha xatırlayaq.

“Qarabağ”ın ili, “Araz Naxçıvan” və... Foqtsun gedişi

Azərbaycan futbolu 2014-cü ili uzun müddət xatırlayacaq. Həmişəki kimi qalmaqallarla zəngin olan Premyer Liqada bir çox maraqlı oyunlar izlədik. Amma mövsümə damğa vuran “Qarabağ” ilboyu azarkeşlərin dilindən düşmədi. Ağdam klubu tarixində ikinci çempionluğuna qovuşmaqla yanaşı, avrokuboklarda da bizi xeyli həyəcanlandırdı. Əvvəlcə Çempionlar Liqasında uğurlu oyunlar keçirən “Köhlən atlar” Avropa Liqasının qrup mərhələsinə düşməklə tarix yazdı. Sonda baş verənləri isə bütün dünya gördü. Çexiyalı hakimlər briqadasının haqsızlığıyla üzləşən “Qarabağ”ın 1/16 finala yolu bağlandı. Bütün dünyanın bundan xəbər tutması ən böyük təsəllimiz oldu.

Millimizdə də önəmli dəyişikliklər baş verdi. Söhbət seçmə oyunlardakı nəticələrdən getmir. Azərbaycan futbolu 2014-cü ildə Berti Foqts adlı bəladan xilas oldu. AÇ-2016-nın seçmə mərhələsinin startında alınan üç məğlubiyyət alman mütəxəssisin istefasına səbəb oldu. Onun yerinə isə xorvatiyalı Robert Prosineçki təyin olundu.

Milli çempionatımızda ilin əsas hadisəsi “Araz Naxçıvan”ın adıyla bağlı oldu. İlin ilk yarısında xoş xəbərləri gələn klub cari mövsümün əvvəllərində yarışdan çıxdı. Hakimlərin haqsız qərarlarına dözə bilməyən naxçıvanlılar indiki çempionatda iştirak etmək istəmədiklərini bəyan etdi.

İlin sonlarında AFFA-nın təşəbbüsüylə Məşqçilər Komitəsi və Klublar Komitəsi yaradıldı ki, bunun da necə səmərə verəcəyini zaman göstərəcək.

Bir önəmli hadisə də var. Bakının AÇ-2020-yə ev sahibliyi edəcəyi şəhərlər sırasına düşməsi məhz bu ilin aprelində məlum oldu.

Bəd xəbərlə başlayan futbol ili

Bu il futbol dunyası xeyli itki verdi. Saysız-hesabsız tanınmış futbol adamları dünyasını dəyişdi. İlk “qara xəbər” isə yanvarın 5-də yayıldı. Portuqaliya futbolunun əfsanəsi Eysebio 72 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. 1965-ci ildə “Qızıl top”u qazanan “Qara bəbir” yanvarın 6-da torpağa tapşırıldı.

Messinin hegemonluğuna son qoyuldu

Ardıcıl 4 dəfə “Qızıl top” mükafatına sahib çıxan Lionel Messinin seriyası bu il qırıldı. Ronaldo səsvermədə əsas rəqibləri - Messi və Frank Riberini qabaqlayaraq karyerası ərzində ikinci dəfə ən nüfuzlu fərdi mükafata layiq görüldü. Portuqaliyalı ulduzla bağlı bir əlamətdar hadisə də yaşandı. Həyatda ikən hər adama heykəl qoyulmur. Amma Kriştianonun doğulduğu Madeyrada abidəsi ucaldı. Bu, onun futbola olan xidmətlərinin necə böyük olduğuna nümunədi.

“Bavariya”, “Yuventus”, “Atletiko”, “Mançester Siti”, PSJ

Avropanın aparıcı çempionatlarında may finiş ayı sayılır. Amma almanlar artıq apreldən çempionun adını bilirdi. Sona 7 tur qalmış “Bavariya”nın Bundesliqa klubları üçün əlçatmaz olacağı məlum idi.

İtaliyada “Yuventus” rekordu yaxşılaşdırdı. İndi “Qoca Sinyora”nın aktivində 30 çempionluq var. Düzdür, klubdakılar bu rəqəmin 32 olduğunu deyir (“Kalçopoli” qalmaqalında iki çempionluq silinmişdi).

İspaniyada maraqlı mövsüm izlədik. Elə sonluq da həm gözlənilməz, həm də gözlənilən oldu. “Atletiko” bütün mövsümü sabitlik, dözümlülük nümayiş etdirərək, 18 illik fasilədən sonra La Liqanın ən güclüsü oldu. Bununla da “Real” və “Barselona”nın 9 illik hegemonluğu başa çatdı.

Ən dramatik finiş İngiltərə Premyer Liqasında yaşandı. Mövsümün böyük hissəsini lider kimi keçirən “Liverpul” həlledici məqamda lazımsız yerə xallar itirdi. Qırılma nöqtəsi isə “Kristal Pelas”la oyun oldu. Mayın 5-də keçirilən qaşılaşmada hesabda 3:0 irəlidə olsa da, üstünlüyü qoruya bilməyən “qırmızılar” meydandan 1 xalla ayrıldı və 1-ci pilləni “Mançester Siti”yə təhvil verdi. “Şəhərlilər” dəbu həıdiyyəni məmnuniyyətlə qəbul etdi və çempionluğunu rəsmiləşdirdi.

Fransada isə PSJ rəqib tanımadı. Ardıcıl ikinci dəfə çempionluğu bayram edən parislilər Çempionlar Liqasından da xoş xatirələrlə ayrıldılar.

Dramatik finallar və “Desima”

May ayında avrokuboklarda da mövsüm başa çatdı. Əvvəlcə Avropa Liqasının qalibi müəyyənləşdi. Turində keçirilən həlledici qarşılaşmada “Sevilya” “Benfika”nı (0:0) penalti seriyasında üstələyərək, ilk dəfə yeni adlı turnirin qalibi oldu.

Mayın 24-də isə Avropanın ən güclü klubunun adına aydınlıq gəldi. Lissabonda dramatik bir final matçı izlədik. “Atletiko” burda da qələbəyə yaxın olsa da, möcüzə sayəsində “Real” qalib gəldi. 90+3-cü dəqiqədə Serxio Ramos hesabı bərabərləşdirdi və əlavə vaxtda yorğunluq və psixoloji sarsıntı özünü büruzə verdi. “Kral klubu” tarixində 10-cu titulunu qazanaraq “Desima”nı böyük coşquyla bayram etdi.

İlin ikinci yarısında “Real” daha iki titul qazanmağa müvəffəq oldu. Avropa superkuboku uğrunda matçda “Sevilya”nı rahatca məğlub edən madridlilər bu ay Mərakeşdə düzənlənən klublararası dünya çempionatında da hamıdan güclü oldu və tarixində ilk dəfə bu kuboku muzeyinə apardı.

Qapıçıların benefisi, Klozenin rekordu, Braziliyanın qara günü

2014-cü ilin ən böyük futbol hadisəsi təbii ki, dünya çempionatı oldu.

İyunun 12-də San-Pauluda start götürən turnir futbolsevərlərə həyəcanlı anlar bəxş etdi. Braziliyanın təşkil etdiyi 20-ci mundialda bir sıra rekordlar qeydə alındı, tilsimlər qırıldı.

İlk sensasiya son çempiondan gəldi. Əvvəlcə Hollandiyaya biabırçı hesabla uduzan İspaniya millisi ardınca Çiliyə də boyun əyərək qrupdan çıxmaq şansını heçə endirdi.

Turnirdə ən yaddaqalan hesab isə yarımfinalda qeydə alındı. Gələcək dünya çempionu Almaniya millisi Braziliyanı elə bir hala saldı ki (7:1), stadionda balacadan-böyüyə bütün yerli azarkeşlər hönkür-hönkür ağlayırdı.

Finalda Argentinanı məğlub edən almanlar tarixində dördüncü dəfə dünyanın ən güclüsü adını qazandı. Bundestimin veteran qolçusu Miroslav Kloze isə mundiallarda 16-cı qolunu vuraraq əfsanəvi braziliyalı Ronaldonu geridə qoydu. Bununla da Avropa təmsilçisi ilk dəfə okeanın o tayından titulla qayıtmağı bacardı.

Bundan başqa, Braziliyadakı turnir nəhənglərin fiaskosu (İspaniya, İtaliya, İngiltərə), Xames Rodriges (Kolumbiya) və Aryen Robbenin (Hollandiya) parlaq oyunu, Kosta-Rikanın sıçrayışı, bir də qapıçıların fantastik çıxışıyla yadda qaldı.

İlin qalmaqalları

Futbolu qalmaqalsız təsəvvür etmək çətindir. Bu il də kifayət qədər xoşagəlməz olaylar oldu. Amma ən yaddaqalan iki hadisə var ki, aylarla mətbuatda müzakirə olundu.

Ən böyük qalmaqal AÇ-2016-nın seçmə mərhələsində baş verdi. Oktyabrın 14-də Serbiya və Albaniya millilərinin qarşılaşmasında böyük insident yaşandı. “Uçan aparat” vasitəsilə arenaya yönləndirilən Albaniya bayrağı aranı qarışdırdı. Oyun yarımçıq dayandırıldı. Sonra isə hər iki komanda üç xaldan oldu.

DÇ-2014-də də yaddaşlardan silinməyəcək bir hadisə yaşandı. İyunun 24-də Natal şəhərində qrup mərhələsinin üçüncü oyununda Uruqvay və İtaliya milliləri üz-üzə gəlirdi. 78-ci dəqiqədə hamının diqqəti yerdə qıvrılan Kyelliniyə yönəldi. Nə baş verib? Sən demə, Luis Suares hava mübarizəsində nəfsini saxlaya bilməyib və italyan müdafiəçinin çiynini dişləyib. Bütün dünyanın gülüş obyektinə çevrilən uruqvaylı forvard 4 ay futboldan uzaqlaşdırıldı. Həm də “Barselona”ya transferiylə gündəmdə qalmağı bacardı.

İlin qəhrəmanları

Bu nominasiyanı müəyyənləşdirmək üçün dərinə getməyə ehtiyac yoxdur. “Qızıl top”un namizdələrinə nəzər salmaq kifayətdir. 51 ildən sonra ilk dəfə bu mükafatı qapıçı başı üzərinə qaldırmağa çox yaxındır. Dekabrın əvvəlində final üçlüyü açıqlananda çoxları Ronaldoyla Messinin siyahıda olacağını bilirdi. Onlara qoşulacaq üçüncü namizədin kimliyi maraqla gözlənilirdi. Bu, Almaniya millisiylə dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyer oldu. Məsələn, “Ronaldo, yoxsa Messi” sualından bezənlər üçün yaxşı perspektiv yaranıb.

Zarafat bir yana, Noyerin rəqibləri üçün də 2014-cü ili uğurlu adlandırmaq olar. Ronaldo “Real”ın heyətində Çempionlar Liqasının, Avropa superkubokunun və klublararası dünya çempionatının qalibi oldu. Vurduğu qolların da sayı-hesabı olmadı.

Messi isə mövsümü titulsuz başa vursa da, mundialın finalında oynadı, “Barselona”nın və Çempionlar Liqasının tarixində ən yaxşı bombardir oldu.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR