2014-cü ili major notlarla başa vururuq, amma...
Bizi izləyin

İdman

2014-cü ili major notlarla başa vururuq, amma...

Artıq 2014-cü il başa çatır. Yola saldığımız il Azərbaycan idmanı üçün də təzadlı məqamlarla yadda qaldı. Uğursuzluqla yanaşı, bir sıra mötəbər turnirlərdə diqqətçəkən nailiyyətlərimiz də oldu. Etiraf edək ki, bəzi idman növlərində axsamalar yaşasaq da, ümumilikdə medalların sayı ildən-ilə daha da artır.

Məsələn, 2013-cü il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionatı, kubok yarışlarında medalların sayı 800-ə çatırdı. Bu medallardan da 280-i qızıl idi.

Bu il isə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılıb və onlardan 275-i qızıldır.

Gimnastlardan 114 medal

2014-cü ildə Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış təşkil edilib. Onlardan ikisi Avropa çempionatıdır. Belə ki, ölkəmizdə bu ilin iyunun 13-15-də bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçirilib.

Bakıda üçüncü dəfə baş tutan turnirdə 33 ölkədən 258 idmançı iştirak edib. Onlar 9 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları bu çempionatda 3 medal qazanıblar. Hər il nəticə verən gimnastlarımızın bu il ərzində medallarının sayı doğrudan da bizi sevindirir.

Ümumilikdə gimnastlarımız beynəlxalq turnirlərdən ölkəmizə bu il ərzində 114 medal bəxş edib. Bunlardan 42-si qızıl, 30-u gümüş, 42-si bürünc medaldır.

Taekvondo at ilində...

Taekvondo üzrə Avropa çempionatı da ölkəmizdə keçirildi. Ümumilikdə at ilini taekvondoçularımız üçün kifayət qədər uğurlu hesab etmək olar. Yeniyetmələr arasında dünya birinciliyi ilk dəfə olaraq Bakıda təşkil olundu. Buradan taekvondoçularımız 2 gümüş, 1 bürünc medal qazandılar.

Gənclərdən ibarət dünya birinciliyində isə dayanq ustalarımız 1 qızıl, 1 gümüş medalı ölkəmizə hədiyyə etdilər.

Bakıda keçirilən Avropa çempionatında 1 qızıl və 4 gümüş medala sevinən taekvondoçularımız yekun komanda hesabında 5-ci oldu. Klubların Avropa çempionatında idmançılarımız 5 qızıl, 3 gümüş, 6 bürünc əyarlı medallar qazandı.

Parataekvondoçularımız da bu ili uğurlu bitiriblər. Dünya çempionatından 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan idmançılarımız Avropa çempionatında da bizi sevindirib: 3 qızıl, 2 gümüş, 5 bürünc.

Boksun uğuru...

Yüksək nailiyyətlərə öyrəşdiyimiz boksda Avropa və dünya çempionatı keçirilmədiyindən bu il rinq ustalarımız üçün əsasən beynəlxalq turnirlərdə qazanılan nəticələrlə yadda qaldı. Boksçularımız bu il ərzində ümumilikdə 17 medal qazanıblar. Bu medallardan 3-ü qızıl, 2-si gümüş, 12-si bürüncdür.

Pəhləvanlarımız medalları artırdı

2014-cü il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Güləş üzrə yığma komandalarımızın üzvləri 2014-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 27 qızıl, 22 gümüş, 16 bürünc - toplam 65 medal qazanıb.

Bunların 28-i yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa və dünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər. Bu nəticə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə ötənilki nəticədən üstündür.

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa və dünya çempionatında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini yaxşılaşdırıblar. Gənc güləşçilərin nailiyyətində bu ilki qızıl medalların sayında müşahidə edilən ikiqat artım xüsusilə diqqəti cəlb edir.

Böyüklərdən ibarət yığma komandalarımız isə 4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla 17 medal qazanıb.

Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 229 medal qazanıb. Bu medalların 75-nin əyarı qızıl, 59-u gümüş və 95-i isə bürünc olub.

Uğursuz çıxışlar - Qalmaqallar

Bu ili bərbad başa vuran federasiyalarımız da oldu. Onlardan biri Ağır Atletika Federasiyasıdır - dopinq problemi yaşayan idmançılarımız yeni uğurlardan məhrum olunmaqla yanaşı, medalları da əllərindən alındı.

Beynəlxalq federasiyaya 500 min dollar borclanan yerli federasiya bir müddət turnirlərdən uzaqlaşdırıldı. Borc ödənildikdən sonra cəzaları yüngülləşdi. Amma indi də Azərbaycan Ağır Atletika federasiyası idmançı qıtlığı yaşayır.

Digər məyusedici federasiyamız isə Azərbaycan Cüdo Federasiyası oldu. Avropa çempionatında 1 gümüş, 1 bürünc medalla kifayətlənən tatami ustalarımız dünya çempionatında medalsız qaldı. Bu da keçən ilə nisbətdə zəif nəticədir. Demək olar ki, cüdo federasiyası bizi digər beynəlxalq turnirlərdə də məyus etdi, medalsız qayıtdılar.

Hətta Füzuli Ələkbərovun federasiyası qalmaqalları ilə də yadda qaldı. Maaş ala bilməyən idmançılarımız, idman xadimlərimiz oldu. Baş məşqçi Hacıağa Hacıəhmədov isə postunda qalsa da, getmə təhlükəsi ilə üz-üzədir.

Qeyri-olimpiya idman növlərində də xeyli nəzərəçarpan uğurlar qazanıldı. Karate, sambo və kikboksinq kimi növlərdə mübarizə aparan idmançılarımız ayrı-ayrı turnirlərdə adlarını ən güclülər sırasına yazdırdılar.

Yubiley hədiyyəsi və 196 medal

Karateçilərimiz üçün bu il uğurlu alınıb. İdmançılarımız bu il ərzində 17 beynəlxalq yarışda 67 qızıl, 37 gümüş və 92 bürünc qazanıb.

2 Avropa və 1 dünya çempionatı, tələbələr arasında dünya çempionatı, yeniyetmə və gənclərin dünya kuboku, o cümlədən 3 Premyer Liqa və 9 nüfuzlu beynəlxalq turnirdən ümumilikdə 196 medal ölkəmizə gətirilib.

Federasiyanın yaranmasının 20 illik tarixinə təsadüf edən bu ildə kişilərdən ibarət milli komandamız ilk dəfə kumite yarışlarında Avropa çempionu olub.

Komanda idman növlərində isə qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqasının bürünc medallarını qazandı.

Turnirin "dördlər finalı"nın paytaxtımızda təşkil edilməsi isə xüsusi vurğulanmalıdır. Yığma komandamız dünya çempionatında iştirak etdi. Nəticə olmasa da, qadın voleybolçularımızın çıxışını ümumilikdə qənaətbəxş adlandırmaq olar.

Cüdo və ağır atletika kimi basketbol, həndbol və digər komanda idman növləri də bizi sevindirməyib.

Daha bir məqam Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getməsi, nüfuzlu beynəlxalq qurumların bunu qiymətləndirməsidir.

Eyni zamanda Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 204 ölkə arasında 10-cu yerə çıxdı.

Bu il həm də "Bakı-2015” I Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq dövrü olub.

İnanırıq ki, idmançılarımız I Avropa Oyunlarında uğurlu çıxış edəcək, qarşıdan gələn Rio-de-Janeyro Olimpiadasına mümkün qədər çox lisenziya qazanaraq bizləri sevindirəcəklər.

Bundan əlavə 2014-cü ildə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən idmançılarımız və məşqçilər mükafatlanıblar. “2014-cü ilin ən yaxşı”larını diqqətinizə çatdırırq:

İlin ən yaxşı yığma komandası

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması

İlin ən yaxşı futbol komandası

“Qarabağ”

“Qızıl onluq”

Hacı Əliyev (sərbəst güləş, dünya və Avropa çempionu)

Mariya Stadnik (qadın güləşi, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu)

Yelena Vıstropova (boks, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu)

Eduard Məmmədov (kikboksinq, dünya və Avropa çempionu)

Marina Durunda (bədii gimnastika, dünya kubokunun bürünc mükafatçısı)

Xetaq Qazyumov (sərbəst güləş, dünya və Avropa çempionatının gümüş mükafatçısı)

Radik İsayev (taekvondo, Avropa çempionu)

Fərid Mayılov (kunq-fu, dünya və Avropa çempionu)

Rəsul Çunayev (guləş, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionu)

Elmar Qasımov (cüdo, Avropa çempionatının gümüş mükafatçısı)

İdmanımızın ən böyük itkisi...

2014-cü ildə Azərbaycan idmanında baş vermiş ən böyük itki şübhəsiz, Vüqar Həşimovdu. 27 yaşlı şahmatçı uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etdi. Yanvarın 11-də dünyasını dəyişən qrossmeyster 3-cü Fəxri Xiyabanda dəfn edildi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm