Azərbaycanın ən çox güvəndiyi gəncin ölümünə xərçəng səbəb oldu – Dünya yasa büründü
Bizi izləyin

İdman

Azərbaycanın ən çox güvəndiyi gəncin ölümünə xərçəng səbəb oldu – Dünya yasa büründü

O, Azərbaycan şahmatçısı, qrossmeysteri (2002), şahmat üzrə üçqat Azərbaycan çempionudur. Hər kəsin dediyi bir fikir var - “O, bir şahmatçı kimi fitri istedada malik idi”. Azərbaycanlılar ondan çox şey gözləyirdi.

Publika.az II taym layihəsi çərçivəsində ölümü ilə tək Azərbaycanı yox, bütün dünya şahmatını yasa qərq edən Vüqar Həşimov haqqında məlumat verəcək.

Vüqar Həşimov dünyanın ən güclü şahmatçılarından idi. O, komandasının 2009-cu ildə Avropa çempionu olmasına yardımçı olmuşdu.

Şahmatı atası öyrətdi

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Azərbaycanın paytaxtı Bakıda doğulub. 6 yaşından atasından şahmat oynamağı öyrənib. 9 yaşında ikən Azərbaycan çempionu olub, sonradan iki dəfə - 1996-1998-ci illərdə respublikanın ən yaxşı şahmatçısı adını qazanıb.

1996-2001-ci illərdə Vüqar Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq görülüb. O, 1999-cu ildə beynəlxalq şahmat ustası, 2002-ci ildə isə qrossmeyster tituluna yiyələnib.

Vüqar Həşimov dörd dəfə - 2002, 2004, 2006 və 2008-ci illərdə şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış edib. 2009-cu il mayın 7-9-da Azərbaycan Prezidenti Heydər Əliyev kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanıb. 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub. (bu çempionatın sonuncu turunda komandamıza həlledici xalı məhz Vüqar qazandırıb).

2011-ci ildə Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olub.

FİDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olan Vüqar Həşimov 26 yaşlı Teymur Rəcəbov və 28 yaşlı Şəhriyar Məmmədyarovla birgə çox güclü bir komanda təşkil edirdilər və onların iştirak etdiyi Azərbaycan milli komandası daima beynəlxalq yarışlarda qızıl medallara iddialı olub. Lakin ağır xəstəlik Vüqarın turnirlərdə iştirakını dayandırmağa məcbur etdi.

Ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirdi

2008-ci ildə FİDE tərəfindən ilk dəfə keçirilən Qran-pri turnirində Vüqar indiki dünya çempionu Maqnus Karlsen ilə bərabər qalib gəlmişdi. Son 15 ildə o, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş, dünya kuboku yarışlarında iştirak etmişdi. Beynəlxalq yarışlarda Vüqarın böyük uğurları ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1998-ci ilin yanvar və dekabr aylarında ulu öndər onu şəxsən qəbul edib.

2009-cu ildə Serbiyada keçirilən Avropa çempionatının qalibi olmuş Azərbaycan yığmasının üzvləri sırasında Prezident İlham Əliyev də bu gənc idmançını qəbul edib.

Amasız xəstəlik - Azərbaycanda və respublikadan kənarda çoxlarını narahat etdi

Vüqarın səhhəti ölkəmizin bütün şahmat ictimaiyyəti ilə yanaşı, Azərbaycanda və respublika hüdudlarından kənarda çoxlarını narahat edirdi. Vüqar Həşimovun Almaniyada müalicə kursu başa çatmaqda idi və 2014-cü ildən onun yarışlarda iştirak edəcəyi gözlənilirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Vüqar dünyanın ən yaxşı klinikalarında dövlət hesabına müalicə olunurdu. Hamı, ailəsi belə düşünürdü ki, ən qorxulu anlar geridə qalıb, Vüqar tezliklə vətənə qayıdacaq. Lakin ümidlər boşa çıxdı, arzular ürəklərdə qaldı.

Vüqar vətəni sevirdi, ölkəmizin xaricdə təbliği işində həmişə ön sıralarda idi. O, əsl mübariz idi və sona qədər mübarizə apardı. O, müsahibələrinin birində belə demişdi:

Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam. Bundan başqa, hamı bilir ki, mənim sağlamlığımla bağlı problemlərim olub. Sağlamlıq problemlərim olan vaxt mən çox az şahmat oynayırdım. 7 ildən artıq müddət ümumiyyətlə şahmata hazırlaşmamışam. Hətta o zamanlar da, sağlamlıqla bağlı problemlərim olmasına baxmayaraq, mən yığma komandada hər zaman oynamışam”.

Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatı və ümid...

2011-ci ildə Portu-Karrasda növbəti Avropa komanda çempionatı keçiriləndə Vüqar Həşimov bu titulu qorumaq üçün Azərbaycan yığmasının heyətində yer almışdı. Həmin turnirdə onun problemləri yenidən üzə çıxmışdı.

Belə ki, Fransa komandasına qarşı matçda Vüqarın qan təzyiqi kəskin qalxıb və o, oyunu davam etdirə bilməyib. Fransa ilə görüşdə qəfil ürəyi gedən şahmatçı 2012-ci ilin payızından yenidən xəstəliyə məruz qalıb.

Yenidən xəstəliyə məruz qalan şahmatçımızın Hamburqda müalicəsi üçün dövlət tərəfindən də yardım ayrılmışdı.

İlkin olaraq, 35 min avroluq müalicə kursunu keçən qrossmeyster ötən ilin fevralında vətənə qayıtmışdı. Vüqar feysbuk səhifəsindəki son statusu da ötən il fevralın 27-də yazmışdı: “At home finally!” (“Nəhayət, evdəyəm!”) Başında bədxassəli şiş olduğu deyilən şahmatçının gözündəki çəpləşmənin də məhz şişin təsiri altında artdığı güman olunurdu. Hətta xəstəlik üzündən V.Həşimovun dilinin tutulduğunu iddia edənlər də var idi.

Bundan əvvəl o, bir neçə mürəkkəb cərrahiyyə əməliyyatı keçirmiş, lakin yenidən şahmata qayıtmışdı, çünki həyatını şahmatsız təsəvvür etmirdi.

O vaxt Azərbaycan komandasının kapitanı olan Vladimir Tukmakov Vüqarı sonrakı turlara buraxmaq istəmirmiş. Amma Vüqar deyib: “Siz nə danışırsınız! Mən axıra qədər oynayacağam!”.

Artıq növbəti turda Həşimov Rusiya komandasına qalib gəlməyə kömək etdi və yekunda komandamız gümüş medal qazandı.

Xərçəng istedadı əlimizdən aldı

Vüqar Həşimov 2014-cü il yanvarın 11-də beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub; o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

Xatirəsi yad edilir

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

Ağır xəstəlikdən dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısının xatirəsinə ənənəvi turnir keçirilir.

&The New York Times& qəzeti yazdı...

ABŞ-ın nüfuzlu &The New York Times& qəzeti Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vəfatı barədə məlumat yayıb. Qəzet azərbaycanlı qrossmeysteri dünyanın aparıcı şahmatçılarından biri kimi qələmə verib.

Məqalədə qeyd olunur ki, Vüqar Həşimov riski sevən şahmatçı idi.

Qəzet Vüqar Həşimovun şahmat karyerasındakı uğurlar və qazandığı medallar haqqında geniş məlumat verib.

Məşhurlar belə xatırladı:

Ermənistanlı şahmatçı Levon Aronyan Vüqarın ölümündən təsirlənmişdi:

&Vüqarın ölümünə çox üzüldüm, elə bir oyunçunu itirmək ağırdır, çox güclü şahmatçı idi. Təəssüf, çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc adamın, həm də belə adamın ölməsi çox ağırdır&.

Vüqar Həşimovun ölümü ilə əlaqədar kədərini ifadə edən insanlar arasında Levon Aronyan erməni millətindən olan yeganə şəxs olmayıb:

Dünyanın ən tanınmış qrossmeysterlərindən olan Harri Kasparov da həmkarı Vüqar Həşimovun ölümünə biganə qala bilməmişdi:

“Uzun çəkən xəstəlikdən sonra 27 yaşında vəfat etmiş Beynəlxalq qrossmeyster Vüqar Həşimovun ailəsinə və yaxın dostlarına başsağlığı verirəm”.

Vüqarın silahdaşı Şəhriyar Məmmədyarov belə danışmışdı:

“Son turnirlərdə biz hər zaman bir yerdə oynamışıq, bir yerdə Avropa çempionu olduq. Onun son turnirindən əvvəlkinə birlikdə getmişdik. Biz o turnirdə çox gözəl planlar qururduq. Fikirləşirdik ki, qarşıda nələr etmək lazımdır ki, Azərbaycan komandası dünyanın ən güclü komandası olsun. Biz onunla Avropa çempionu olmuşuq. İlk dəfə Azərbaycan tarixini yazmışıq.

Çox təəssüflər olsun ki, gözlənilməz hadisələr baş verdi və bu hadisələrdən sonra Azərbaycan şahmatı - milli komadamız 2 ildir artıq Vüqarsız oynayırdı. Amma mən belə fikirləşirəm ki, son iki il ərzində nəinki Azərbaycan şahmatı Vüqarı itirib, bu gündən sonra bütün dünya şahmatı Vüqarı itirdi. Bütün dünya çox üzülür. Ona Azərbaycan şahmatının əjdahası deyirdilər. O, şahmatı o qədər gözəl oynayırdı ki, hamıya xoş gəlirdi. Onun qarşısında məqsədləri var idi”.

Amerikalı qrossmeyster Hikaru Nakamura da Vüqar Həşimovdan danışıb:

“Vüqar Həşimovla cəmi bir dəfə - 2012-ci ildə Veyk-an-Zeedə söhbətimiz olmuşdu. Bu onun son turniri idi və mən onunla sonuncu turda oynayırdım. Onu yaxşı tanımırdım, amma onun oyununa yaxşı bələd idim, hansı stilə üstünlük verməsini bilirdim. İnternetdə çox oynayırdı, düşünürəm ki, biz uzun illər boyu bir neçə yüz partiya oynamışıq. Belə istedadlı insanı itirmək - həqiqətən böyük faciədir. Düşünürəm ki, bu səbəbdən, insan, vaxt var ikən özünün bütün imkanlarını reallaşdırmalıdır. Zənnimcə, Vüqar Həşimov bunu edə bildi. Uzun illər boyu onun sağlamlığı ilə bağlı problemləri var idi, amma buna baxmayaraq, yüksək səviyyədə çıxış edirdi. Vüqar Həşimov planetin ən yaxşı şahmatçılarından biri idi. Mən, əlbəttə, buna nail ola bilmərəm. Məncə, bu, Vüqarın əsl şəxsiyyət olmasına, onun qabiliyyətlərinə, hər işə necə yanaşmasına dəlalət edir”.

Nişanlısı: “Sən daim mənim ürəyimdəsən”

Ölümcül xəstə olan şahmatçımız Vüqar Həşimovun son günlərinədək onun yanından çəkilməyən, nişanlısı olduğu deyilən Elizabet V. qərb mətbuatında sevdiyi insan haqqında təəssüratlarını “Vüqar Həşimovu xatırlayarkən” adlı məqalədə paylaşmışdı:

“Vüqar mənim qarşılaşdığım ən gözəl insanlardan biridir. Bizim güclü emosional sevgimiz tez bir vaxtda böyük sevgiyə çevrildi. Biz təkcə cütlük yox, həm də yaxşı dost idik. Mən şahmatdan baş çıxarmadığım üçün Vüqarın digər müsbət cəhətlərinə diqqət yetirirdim və deyim ki, onun həmin cəhətləri oyuna olan istedadından da çox idi. Vüqar sakit insan idi, özündən daha çox başqalarının qayğısına qalırdı. O, gözəl, yumşaq yumor hissinə malik, xeyirxah insan idi. Hesab edirdi ki, yalnız təbəssüm insanları xoşbəxt edə bilər. Vüqar geniş maraq dairəsinə malik bir şəxs idi: o, şeir yazır, həyat haqqında fəlsəfi fikirlər yürütməyi xoşlayır, saatlarla musiqi dinləyir, mahnıların mətnlərini tərcümə edir, lətifələr danışır və hətta öz kompüterində tennis və futbol oynayırdı.

Vüqar, mən heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın saysız-hesabsız gözəl anlara görə çox sağ ol. Sən daim mənim ürəyimdə olacaqsan, yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm