Millimizin üzvü: "Onlar bizə istehza ilə gülürdülər"
Bizi izləyin

İdman

Millimizin üzvü: "Onlar bizə istehza ilə gülürdülər"

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 19 yaşlılardan ibarət millimiz Yaponiya (1:0) və Rusiya-2-ni (4:2) məğlub edərək qrupu 6 xalla lider kimi bitirib.

İkinci qarşılaşmada iki qola imza ataraq komandamızın qələbəsinə töhvə verən "İnter"in hücumçusu İlkin Sadıqov oyundan sonra həm matçla, həm də karyerasıyla bağlı fikirlərini bölüşüb.

- Oyunda komanda yoldaşlarım çox yaxşı oynadılar. Düzü, Rusiyadan bu cür oyun gözləmirdim. Onlar müdafiədə boşluqlar verirdilər. Oyunun əsas qırılma anı isə Elnurun 48-ci dəqiqədə 2-ci topu rəqib qapısından keçirməsi oldu. Bundan sonra hər şey xeyrimizə dəyişdi. Oyunda daha çox qol vura bilərdim. Bir epizodda isə vurduğum top rəqib oyunçunun əlinə dəysə də, hakim penalti təyin etmədi.

- Artıq qrup lideri kimi növbəti mərhələyə keçdiz. Burda isə sizi Finlandiya, Slovakiya kimi komandalar gözləyə bilər. Səncə komandamız bu yığmalarla birgə çempionluq mübarizəsi apara bilərmi?

- Əlbəttə. Mən belə fikirləşirəm ki, komandamızın yaxşı potensialı var və biz hər milliyə qarşı oynaya bilərik.

- Bu oyunda qalib gəlməyinizdə ilk oyunda son çempion Yaponiyanı yenməyinizin nə dərəcə rolu oldu?

- Bəli. Tam razıyam. Yaponiya ilə ilk oyun bizə əlavə güc verdi. Bu oyundakı qələbədən sonra ruslarla matça daha inamlı şəkildə çıxdıq. Bizi daha inamlı oynamağa sövq edən digər amil isə onların bizə qarşı hərəkətləri idi. Onlar bizə istehza ilə gülürdülər. Sanki bizi çox rahat məğlub edəcəklərini düşünürdülər. Bu da komandaya əlavə stimul verdi.

- İlk oyunda sonradan oyuna girsən də, bu matçda ilk dəqiqələrdən meydana çıxdın və iki qol vuraraq komandanın qələbəsində əsas pay sahibi oldun. Baş məşqçi Nikolay Adam oyundan sonra sənə nə dedi?

- Baş məşqçimiz oyundan sonra məni təbrik etdi və oyunumdan razı qaldığını bildirdi.

- Bu turniri xarici menecerlər də çox izləyir. Bu cür oyununu davam etdirəcəyin halda xarici klublardan da təklif ala bilərsən. Legioner həyatı yaşamağa özünü hazır sayırsanmı?

- Əlbəttə. Belə bir şey olsa çox sevinərəm. Ancaq hazırda mən "İnter"in oyunçusuyam. Klubumdan razı olsam da, qış fasiləsindən sonra bu komandada qalıb qalmayacağım müəyyənləşəcək.

Komanda.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm