• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yeri görünənlər – təəssüf ki, vaxtı aldatmaq mümkün deyil

  • İdman
  • 5 Yanvar 2015 18:45
  • 757 Baxış
Yeri görünənlər – təəssüf ki, vaxtı aldatmaq mümkün deyil

2014-cü ilin son günündə ser Aleks Ferqyusonun 73 yaşı tamam oldu. Onun məşqçilik karyerasını baş vurmasından az müddət keçməyib. “Mançester Yunayted”ə indi başqa mütəxəssis başçılıq edir. Ancaq bu böyük şəxsiyyətin yeri hələ də görünür. Özü də təkcə “Mançester Yunayted”də yox, Avropa futbolunda. Təkcə onunmu yeri görünür? Yox, ser Aleks Ferqyusonu xatırlayarkən, digər ünlü məşqçilər də yada düşür.

Publika.az bu gün Avropa futbolunda yeri görünən məşqçiləri yada salacaq.

Onun gedişi ilə İngiltərə koloritini itirdi

Ser Aleks Ferqyusonun “Mançester Yunayted”in tarixində hansı yeri tutduğunu müəyyənləşdirmək üçün ətraflı xatırlatmaya ehtiyac var? Varsa, xatırladaq. Dahi şotland “Old Trafford”da 27 il ərzində fantastik sayda - 38 titul qazanıb... Bu rəqəm az qala “qırmızı şeytanlar”ın digər məşqçilərinin birlikdə qazandığı titullardan çoxdu.

Ancaq Ferqyusonun böyüklüyü o klubu tərk edəndən sonra daha qabarıq hiss olundu. Onu əvəz edən Devid Moyesin “Mançester Yunayted”i dalbadal uduzmağa başladı. Elə həmin vaxt Ferqyusonla Moyesin fərqi üzə çıxdı. Ferqyuson əlinin altında olan futbolçulardan maksimumu almağı bacaran mütəxəssis idi. Çempion olmaq üçün ona 150 milyon funt sterlinq gərək olmurdu. Ancaq o heç vaxt alçaldıcı - yeddinci pillədə olmağı da düşünmürdü.

Şübhə yoxdu ki, ser Aleks olsaydı, “Mançester Yunayted” indi də “Çelsi” və “Mançester Siti” ilə rəqabət aparmağı bacarardı. Hətta onların ağlasığmaz maliyyə üstünlüklərinə rəğmən. Onun gedişi ilə İngiltərə Premyer Liqası kaloritliyini itirdi. Amma təəssüf ki, vaxtı aldatmaq mümkün deyil. Gec və ya tez, dövrlə vidalaşmaq lazım gəlir.

Ailəsinin xeyrinə seçim etdi - Qalib kimi getdi

Onun da məşqçilik karyerası titullarla zəngin oldu. 35 il ərzində o, Almaniya, İspaniya və Portuqaliyanın onlarla komandasında işlədi. Məşhur alman Мünhenqladbax “Borussiya”sını UEFA kubokunun finalına çıxartdı. “Real”la Çempionlar Liqasını qazandı. “Şalke” ilə İntertoto kubokunda qalib gəldi. Ancaq ən uğurlu mövsüm 2012/13 oldu. Onun parlaq “Bavariya”sı iştirak etdiyi bütün turnirlərdə qalib gəldi. Həmin mövsüm Haynkes FİFA tərəfindən “ilin ən yaxşı məşqçisi” mükafatını aldı.

Gözlənilməz o oldu ki, bu uğurdan sonra alman mütəxəssis şöhrətin zirvəsində futbolla vidalaşmalı oldu. Bəli, “Bavariya” onda artıq Xosep Qvardiolaya dəvət göndərməyə vaxt tapmışdı. Ancaq başqa klublar həmin vaxt Haynkesi əlləri və ayaqları ilə qopartmağa hazır idilər. Ancaq o, məşqçi üçün böhranlı olmayan 68 yaşda karyerasını bitirdi. Hələ bir neçə il də futbola fayda verə bilərdi. Amma başqa seçim etdi - Ailəsinin xeyrinə. Və qalib kimi getdi.

Xoşbəxtlik üçün daha nə lazımdı?

Onun son nailiyyətləri Avropa azarkeşlərinin diqqətindən kənarda qalıb. Marçello Lippi 3 ildir ki, Çin futbolunun rifahı naminə çalışır. Noyabrda dünyaya xəbər yayıldı ki, böyük italyan konspektlərini arxivə atmaq, fiti isə daha gənc köməkçilərinə vermək qərarına gəlib. “Mən məşqçi işləmək üçün çox qocayam. Texniki direktor vəzifəsində calışacam” demişdi “Yuventus”la Çempionlar Liqasını, İtaliya millisi ilə dünya çempionluğunu qazanan 66 yaşlı mütəxəssis.

Lakin sonradan o bildirdi ki, bu sözləri deyərkən yalnız klub işini nəzərdə tutub. Milli komandalar üçün bütün təkliflərə isə açıqdı. “Mənim daha bir məqsədim var - 2016-cı ildə keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirəm” etirafını etmişdi Lippi. Belədirsə, onda bəzi yığmaların yaxşı düşünməsinə dəyər. Titullu, təcrübəli və xarizmatik məşqçi - xoşbəxtlik üçün daha nə lazımdır? Bəli, bütün Avropa üçün maraqlı və faydalı olacaq. Artıq italyanın fikirli simasından ötrü hər kəs darıxıb.

Onun kimi məşqçilər çox olmur

Onun məşqçilik karyerasının qızıl illəri “Barselona” ilə bağlıdı. Frank Raykard Kataloniya klubu ilə 2 dəfə İspaniya çempionluğunu qazanıb, Çempionlar Liqasında qalib gəlib. O, ideal bir komandanın fundamentini tökmüşdü. Sonradan bu komandanı Xosep Qvardiola ideal səviyyəyə çatdırdı. Gənc Lonel Messi məhz Raykardın vaxtında debüt etmişdi. Özü də Frank Messinin “Yuventus”a icarəyə verilməsinə razı olmamışdı. Onun “Barselona”sının oyun üslubu belə təsvir edilirdi - “Gözəlliyi hədəf seçməklə qazanılan nəticə”.

Amma “Barsa”dan sonra Raykardın karyerasında eniş yaşandı. İki uğursuz il “Qalatasaray”da, bir bu qədər də Səudiyyə Ərəbistanında. Bundan sonra məşqçilik 52 yaşlı hollandiyalını bezdirdi. Əsas səbəb aydın idi - nəticənin və Avropa klubları tərəfindən tələbin olmaması. Futbolda onun yoxluğu hiss olunur? Əlbəttə! Raykard kimi məşqçilər çox olmur. Elə onun qeyri-adi, qəribə “Barselona”sı da.

Nə bilmək olar, bəlkə də “General” fikrini dəyişəcək...

O, qeyri-adi istedada malik idi. Toxunduğu istənilən komandanı çempion edə bilirdi. 1991-ci ildə gənc (42-ci il) alman mütəxəssis Dortmund “Borussiya”sını qəbul etdi. Ancaq o vaxt “Borussiya” böyük uğurlar barədə düşünmürdü, daha çox yaşamaq üçün mübarizə aparırdı. Lakin Ottmar Hitsfeld bir neçə illər ərzində komandanı nəinki Almaniya, həm də Avropa futbolunun zirvəsinə qaldırdı. Almaniyada “General” adlandırılan mütəxəssis sonradan “Bavariya”ya başçılıq etdi və böyük uğurlar qazandı.

2014-cü ilin iyulunda Hitsfeld İsveçrə yığması ilə 6 illik fəaliyyətdən sonra məşqçilik karyerasını bitirmək qərarına gəldi. Amma nə bilmək olar, bəlkə də “General” fikrini dəyişəcək... Hansısa bir klub onu köməyə çağıracağı təqdirdə. Necə? 2007-ci ildə də belə olmuşdu. Feliks Maqatın dağıtdığı “Bavariya”ya köməyə getmişdi. Hazırda “Borussiya” fəlakət həddindədi. Yürgen Klopp qış fasiləsindən sonra da komandanı bataqlıqdan çıxarda bilməyəcəksə, onda Hitsfeldin Dortmunda qayıdışı gözəl bir tarix olardı.

Dişlərini sıx, göz yaşları içində sevimli Runu xatırla

Dünya futbolunda doğma komandasına bu qədər sadiq olan başqa bir məşqçini axtarmağa dəyməz. Gi Ru 44 il “Oser”ə rəhbərlik edib. Burqundiya komandasını həvəskarların birinciliyindən Fransa futbolunun zirvəsinə qaldırıb.

2007-ci ildə artıq aktiv məşqçilik karyerasını bitirmişdi. Ancaq klubun rifahı naminə çalışmağa davam edirdi. Özü etiraf edir ki, bu da onu az qala intihar həddinə çatdırmışdı.

Böyükləri əvəz etmək həmişə çətindi. Necə ki, indiyə qədər “Oser” də bunu edə bilməyib. On il ərzində altı məşqçi gəlib-gedib. Komanda tarixində ilk dəfə 2011/12 mövsümündə elitanı tərk etdi. 2014-cü ilin yazında isə az qala ikinci dəstə ilə də vidalaşacaqdı. Belə məqamlarda azarkeşlərə yalnız dişlərini sıxaraq dözmək, göz yaşları içində sevimli Runu xatırlamaq qalır.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR