Bir ətək pul veriblər, oynamağına bax...
Bizi izləyin

İdman

Bir ətək pul veriblər, oynamağına bax...

Yayda “Liverpul”dan böyük ümidlərlə transfer edilən Luis Suaresin “Barselona”ya faydalı olacağını düşünənlər daha çox idi. Amma uruqvaylı forvard gəlməmişdən özüylə xeyli problemlər gətirmişdi. Dünya çempionatındakı qalmaqala baxmayaraq, kataloniyalılar Suaresə sahib çıxdı, inandı və onun komandaya xeyir verəcəyinə ümidini itirmədi.

Aradan xeyli müddət keçib. Suares La Liqada 9 oyuna çıxıb və bir qolla yadda qalıb. Əlbəttə, buna görə hücumçunu asıb-kəsmək tələskənlik olardı. Bəlkə, o, qol vurmasa da, başqa cür fayda verir? Amma...

Statistika göstərir ki, uruqvaylı qolçunun “Barsa”ya hələ ki, ciddi xeyri dəyməyib. Əksinə onun oynadığı matçlarda komanda zəif təsir bağışlayır. 81 milyon avroya alınan futbolçu daha diqqətçəkən nəticələr ortaya qoymalıdır, daim qollarıyla diqqət mərkəzində olmalıdır. Amma Suaresdə vəziyyət fərqlidir. Onun meydana çıxmasından sonra “Barsa”nın göstəriciləri zəifləyib.

Onun xalları

Məlum diskvalifikasiya üzündən Luis La Liqada mövsümün startını buraxmalı oldu. Suaressiz mümkün xalların 91 faizini toplayan “Barselona” onunla birlikdə aktivinə cəmi 59 faiz xal yazdıra bilib. “Liverpul”un sabiq hücumçusunun meydana çıxdığı qarşılaşmalarda kataloniyalılar “Real”a, “Selta”ya, “Real Sosyedad”a məğlub olub, “Xetafe”ni isə uda bilməyib.

Onun qolları

Mövsümün əvvəlində - “Barselona”nın “xod getdiyi” vaxtlarda hamı deyirdi ki, Suares gələndən sonra bu komandanın qarşısında heç kim dayana bilməyəcək. Bəs nə oldu? Uruqvaylının meydana çıxdığı oyunlarda “Barsa”nın daha az qol vurduğu müşahidə olunur. Məsələn, mövsümün əvvəlində Luis Enrikenin yetirmələri orta hesabla hər oyuna 2,75 qol vururdusa, indi məhsuldarlıq aşağı düşüb (orta hesabla hər oyuna 2,1 qol). Son üç səfər qarşılaşmasında isə kataloniyalılar vur-tut bir dəfə fərqləniblər.

İlk səkkiz turda, Suares oyunları kənardan izləyəndə Neymar 8 oyuna 8 qol vurmuşdu. Uruqvaylı sıraya dönəndən sonra braziliyalı forvardın məhsuldarlığı zəifləyib - 7 oyuna 3 qol. Neymarla Messi meydanda daha yaxşı anlaşırdı. İndi anlaşma idealdan çox uzaq səviyyədədi.

Bu günə qədərki çıxışı ərzində Suares yalnız məhsuldar ötürmələriylə diqqət çəkib. İştirak etdiyi 9 oyunda 5 qolun ötürməsini verib. Amma bunu əldə bayraq etməyə dəyməz. Rəhbərlik onun transferinə 81 milyon avronu 5-10 məhsuldar ötürməyə görə verməyib. Suares qolları sıralamalıdır. Özü də indiki məqamda komandanın buna çox ehtiyacı var. Yeni nəfəs, yeni “partlayış” komandadakı gərginliyi azalda bilər. Söz Suaresdədi...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm