UEFA kubokunun qalibi gəldi, «Qəbələ» Antalya toplanışına start verdi - FOTOLAR
Bizi izləyin

İdman

UEFA kubokunun qalibi gəldi, «Qəbələ» Antalya toplanışına start verdi - FOTOLAR

Mövsümün ikinci yarısı ərəfəsində heyətini gücləndirməkdə olan “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan “qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb. "Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan orta sahə oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-2004 və 2006-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl (2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13), 5 gümüş (2000/01, 2002/03, 2003/04, 2006/07, 2008/09) medal qazanan Qay 7 dəfə (2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13) ölkə kubokunun qalibi, 3 dəfə (2002/03, 2006/07, 2008/09) finalçısı olub. 2008/09 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-06-cı illərdə “İliçevets”in formasını geyinən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.

Qeyd edək ki, 2003-2011-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.

“Qəbələ”nin məşqçilər korpusu da yeni tərkibdə fəaliyyətə başlayıb. “Qırmızı-qaralar”ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışında 5 çalışdırıcı kömək edəcək. Onlardan biri - Sənan Qurbanov bunadək çalışdığı postunda işinə davam edəcəksə, digər 4 məşqçi yenidir. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka və Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək. Hər iki ukraynalı mütəxəssis Odessa “Çernomorets”ində də Qriqorçukla birgə çalışıb. 1962-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olan Savka son 4 ildə Odessa təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Futbolçu kimi “Zvezda” (Kirovoqrad), “Prikarpatye” (İvano-Frankovsk), “Bukovina” (Çernovtsı), “Metallurq” (Zaporojye), “Karpatı” (Lvov), “Kaluş” və Slovakiyanın “Slobod” klublarında çıxış etmiş mütəxəssis baş məşqçi kimi “Texno-Sentr” (Roqatin) və “Energetik”ə (Burştın) rəhbərlik edib.

2011-ci ilin yayından “Qəbələ”yə gələnədək “Çernomorets”də işləyən Matveyev futbolçu karyerasında daha çox klubun şərəfini qoruyub. O, “MOİK-Borisfen” (Kiyev), MOİK (Kiyev), “Prikarpatye” (İvano-Frankovsk), “Volın” (Lutsk), “Tısmenitsa”, “Torpedo” (Zaporojye), “İOEUGİM-Metallurq” (Zaporojye), “Çernoqora” (İvano-Frankovsk), “Borisfen-2” (Borispol) və “Avropa”da (Priluki) çıxış edib. “Borisfen-2” (Borispol), “Boreks-Borisfen” (Borodyanka), “Borisfen” (Borispol), “Metallurq” (Donetsk), “Knyaja” (Sçastlivoye), “Prikarpatye” (İvano-Frankovsk) klublarında baş məşqçi, “Lvov”da köməkçi kimi çalışıb.

“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko isə həmkarları ilə müqayisədə daha gəncdir. 1974-cü il təvəllüdlü məşqçi qolkiper kimi “Torpedo” (Zaporojye), “Zvezda” (Kirovoqrad), “Metallurq” (Zaporojye) və “İliçevets”də çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirən Qluşenko “Metallurq”da (Zaporojye) məşqçi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin martında “Çernomorets”ə keçən gənc çalışdırıcı “qırmızı-qaralar”la anlaşanadək bu klubda işləyib.

Digər mütəxəssis Anatoli Korotiya "Qəbələ"də elmi-metodiki sahədə fəaliyyət göstərəcək. O, komandada məşqçi-analitik kimi çalışacaq.

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" bu gün qonşu ölkədə ilk məşqinə çıxıb. Roman Qriqorçukun başçılığı altında baş tutan məşqə yeni transferlər - Rəşad Sadiqov və Aleksey Qayla yanaşı, uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan Əmircanov və Viktor Mendi də qatılıb. Qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqdə iştirak etməyib.

Komanda hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm