• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İtaliya derbisində qalib olmasa da, qəhrəmanlar oldu - VİDEO

  • İdman
  • 7 Yanvar 2015 11:00
  • 489 Baxış
İtaliya derbisində qalib olmasa da, qəhrəmanlar oldu - VİDEO

Dünən “İtaliya derbisi” ilə A seriyasının 17-ci turuna yekun vurulub.

Publika.az xəbər verir ki, turun mərkəzi oyununda lider “Yuventus” “İnter”i qəbul edib. Qalib müəyyənləşməsə də, azarkeşlər maraqlı, dramatik oyunun şahidi olub. Roberto Mançinin yetirmələri yüksək əzmkarlıq göstərərək məğlubiyyətdən qaçmağı bacarıb və Turindən bir xalla qayıdıb.

İlk hissə meydan sahiblərinin diqtəsiylə keçdi. Tevesin erkən qolundan ruhlanan “Yuventus”un hücumlarının ardı-arası kəsilmirdi. Hətta ilk yarıda “Qoca sinyora” matçın taleyini də həll edə bilərdi. Amma fasiləyə qədər başqa qol olmadı. Daha doğrusu, “İnter”in qolkiperi buna imkan vermədi. Ümumiyyətlə, Samir Handanoviç oyunda ən yaxşı üç nəfərdən biri oldu. Etibarlı oyunu və inamlı çıxışlarıyla tez-tez yerini itirən mərkəz müdafiəçilərini əla sığortalayırdı. Bundan başqa, sloveniyalı qapıçı iki epizodda real qola mane oldu.

“Yuventus”un heyətində Arturo Vidal fərqlənirdi. Böyük komandalara qarşı oyunlara və derbilərə xüsusi köklənən çilili xavbek “İnter”ə qarşı ən yaxşı oyunlarından birini keçirdi. İlk hissədə yarımmüdafiəçi özünü suda balıq kimi hiss edirdi. Elə ilk qolda da onun fantastik driblinqini və ötürməsini qeyd etməyə dəyər. Rəqib qapısına üç təhlükəli zərbə endirən Vidalın ötürmələrinin 77 faizi dəqiq olub. O, öz mövqeyində də aktiv görünürdü. “İnter”in 4 təhlükəli hücumunun qarşısını məhz çilili futbolçu aldı.

Bərabərlik qolunun müəllifi Mauro İkardi isə “İnter”in heyətində ən yaxşılardan idi. “Yuventus”un qənimi yenə də İtaliya derbisində meydanı qolsuz tərk etmədi. İkardi Buffona qol vurmağı xoşlayır. Hələ “Sampdoriya”da oynadığı vaxtlardan italyan qapıçının kabusuna çevrilən Mauro “Yuventus”a qarşı çıxdığı 4 oyunda 5 dəfə fərqlənib. Bu qarşılaşmada da əsas qəhrəman o oldu. Bir zərbəylə oyunun ssenarisini dəyişən argentinalı forvard turinliləri qorxutdu. “İnter” qalan dəqiqələrdə müdafiədə oturmadı, heç “Yuventus” da əvvəlki kimi hücuma aludə olmadı.

Bir faktı da qeyd edək ki, 54-cü dəqiqədə meydana çıxan Lukaş Podolski A seriyasında debüt etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR