Rəşad Sadiqov Qriqorçukdan danışdı: “Hər gün iclas keçirib bizimlə söhbət edir”
Bizi izləyin

İdman

Rəşad Sadiqov Qriqorçukdan danışdı: “Hər gün iclas keçirib bizimlə söhbət edir”

“Qəbələ”nin yeni futbolçusu - qış fasiləsində komandaya qoşulan Rəşad Sadiqov artıq komanda ilə Antalya toplanışının 2 gününü geridə qoyub. Təcrübəli yarımmüdafiəçi yeni komandası və hazırlıq prosesi ilə bağlı təəssüratlarını klubun rəsmi saytına danışıb. Sadiqov artıq kollektivə uyğunlaşdığını, özünü komandada yeni hiss etmədiyini bildirib:

“Qəbələ”nin düşərgəsində olduğum qısa müddətdə həqiqətən də çox xoş təəssüratlarım formalaşıb. Yeni komandamda çox isti qarşılandım. Sanki neçə ildir bu komandada oynayıram. Komandaya uyğunlaşmaqda heç bir çətinlik olmadı. Heyətdə bir neçə futbolçu var ki, onlarla Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparırıq. Digər yerli futbolçuların hamısı ilə də öncədən yaxşı münasibətlərimiz var. “Qəbələ”nin legionerləri ilə də rəqib kimi qarşılaşdığım vaxtlardan xoş ünsiyyətim olub. Bu üzdən də mənim üçün uyğunlaşmaq çox rahat oldu. Hazırlıqlarımız plan üzrə gedir, hamı öz ideal formasına düşməyə çalışır. Heç bir futbolçunun ilk “11-lik”dəki yeri təmin olunmayıb. Əlimdən gələni edəcəyəm ki, əsas heyətdə möhkəmlənim və komandanın uğurları üçün tər töküm”.

Yarımmüdafiəçi Antalya toplanışındakı hazırlıqlar və baş məşqçi Roman Qriqorçuk haqda da fikirlərini açıqlayıb:

“Komandanın mövsümün ikinci yarısına hazırlaşması üçün hər cür şərait yaradılıb. Türkiyənin ən yaxşı otellərindən birində məskunlaşmışıq. Toplanışın ilk günlərində əsasən fiziki hazırlıqlara üstünlük verilib. Hər şey məşqçinin tərtib etdiyi proqram üzrə gedir. Bütün futbolçular da canla-başla çalışır. Əlimizdən gələni edirik ki, daha yaxşı formada olaq və “Qəbələ” uğurlu nəticələrlə layiq olduğu pillələrdə qərarlaşsın. Komandamızın çempionatı uğurla başa vurması üçün əlimizdən gələni edəcəyik. Hələ taktiki çalışmalara başlamadığımızdan baş məşqçimiz Roman Qriqorçukun hansı oyun sisteminə üstünlük verəcəyini deyə bilmərəm. O, futbolçularla yaxşı anlaşır, ünsiyyət qurur. Bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Hər gün iclas keçirib bizimlə söhbət edir. Yəqin ki, yaxın günlərdə oyun planındakı düşüncələrini də bizimlə bölüşəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm