“Hafka”nın klubundan ismarış: 15 min manat alsan, 5 min manatı bizə ödə!
Bizi izləyin

İdman

“Hafka”nın klubundan ismarış: 15 min manat alsan, 5 min manatı bizə ödə!

“Bakı” klubundakı problemlər hər kəsə məlumdur. Uzun müddətdir mətbuatda komandadaxili çəkişmələrdən yazılır. Hətta komandanın maliyyə problemi yaşaması da danılmaz faktdır.

Son zamanlar isə “Bakı”nın yetirməsi olan Nurlan Novruzovun klubdan pulunu ala bilməməsi məsələsi gündəmi zəbt edib. Problemlərlə dolu olan “Bakı”nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi problemlərin olduğunu etiraf etdi və bir çox mətləblərə aydınlıq gətirdi.

- Yaşar müəllim, komandadakı vəziyyət nə yerdədir?

- Hazırda komandamız yığışıb, məşqlərini davam etdirir. Qarşıdakı iki gündə tibbi yoxlama olacaq. Bundan sonra fiziki hazırlıq üzrə çalışmalara başlanılacaq.

- “Bakı” təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaqmı?

- Baş məşqçimiz İbrahim Uzunca “Pro” kateqoriyalı məşqçi olduğu üçün Türkiyədədir. İndi o, Türkiyədə bir az yubanır. Biz istəyirik ki, o, gəldikdən sonra komandaya xeyirli olacaq qərar qəbul edək. Ona görə də qrafikdə bir az dəyişiklik etmişik.

- Komandada hansısa yeniliklər gözlənilir?

- Heç kimə sirr deyil ki, maliyyə çətinliyi üzündən bəzi aparıcı oyunçular komandadan ayrılıb. Biz indi akademiyanın yetişdirdiyi 1995, 1996, 1997-cı il təvəllüdlü gənclərlə çıxış edirik. Sözsüz ki, bu gənclərin təcrübəsi az olduğundan çempionatda bu ilki göstəricilərimiz əvvəlki illərdən zəif oldu. Bizim uğurumuz ondadır ki, akademiyamızın yetişdirdiyi 10-12 nəfər futbolçunu Azərbaycan futboluna bəxş etmişik.

- Bu yaxınlarda klubun prezidenti Hafiz Məmmədovla görüşünüz olub. Bu görüşün mahiyyəti nə idi?

- Hafiz müəllimlə görüşümüz komandanın 2015-ci ildəkı planlarıyla əlaqədar olub. Bundan əlavə, bildiyiniz kimi, “Atletiko” və “Lans”la əməkdaşlığımız davam edir. Bu əməkdaşlıq çərçivəsində futbolçularımız yenidən həmin klublarda təcrübə keçəcəklər. Elə menecerimiz də hazırda bu məsələylə bağlı Madriddədir.

- Yeni transferlərlə bağlı nə düşünürsünüz?

- Yeni transferlər olmayacaq. Çünki, komandamızın maddi cəhətdən yeni oyunçular almağa gücü yoxdur. Çalışırıq ki, yerli oyunçular komandaya qayıtsın. Bunun üçün danışıqlar aparırıq. Onların əməkhaqlarında da müəyyən dəyişikliklər etməyi düşünürük.

- Yəqin ki, mətbuatdan oxumusuz. Deyirlər ki, futbolçular “Bakı”dan qaçır...

- Yox, mən elə deməzdim. Tam səmimi deyim ki, futbolçularımız bağladığı müqavilələr, öhdəliklər haqqında peşəkar deyillər. Məsələ ondadır ki, bəzi futbolçularımızı başqa klublar öz heyətlərində görmək istəyir. Artıq onları Azərbaycan futbolu görüb, tanıyır.

Klublar Komitəsinin iclasında da qərar qəbul olundu ki, “Bakı” klubunun çempionatda qalıb iştirak etməsi üçün onun futbolçularını digər klublar razılıq olmadan götürməsin.

Ona görə də futbolçularımıza demişik ki, bu gün siz “Bakı”da məsələn, ayda 1000 manat alırsızsa (simvolik olaraq), digər klublar sizə ayda 10-15 min civarında pul təklif edir. Sözsüz ki, bu, şirnikləndirici təklifdir.

Biz də buna problem yaratmırıq. Amma futbolçular yaddan çıxarır ki, növbəti Nurlanlar, Aqillər yetişdirməliyik. Bunun üçün də başqa klublar 23 yaşa qədər futbolçularımızın transferi üçün bizə təzminat ödəməlidir. Belə olan halda istənilən futbolçumuzun gedişinə mane olmayacağıq. Amma onlar bunu başa düşmürlər. Elə bilirlər ki, hansısa klub onlara 200 min verirsə, elə 200 mini götürüb gedə bilər.

Mən də onlara başa salmağa çalışıram ki, klub sizin yetişməyiniz üçün 5 il 6 ay əziyyət çəkib, müəyyən vəsait xərcləyib. Heç olmasa, düşünməlidirlər ki, onlara xərclənən pulun ən cüzi hissəsini ödəyək ki, növbəti futbolçuların da yetişməsinə kömək edək.

Amma onlar bunu baş düşmək istəmirlər. Valideynləri gəlir, futbola aidiyyatı olmayan menecerlər bura yığılır. İndi hamının meneceri peyda olub. Həmin futbolçuların valideynləri hər gün bizə müraciət edirlər ki, icazə verin övladımız başqa kluba keçsin. Mən də onlara futbolçuların hüquq və vəzifələrini başa salıram. İzah edirəm ki, onların transferi üçün bəzi şərtlər tələb olunur.

Futbolçularının yetişməsi, təhsili üçün çalışan “Bakı” klubunun gördüyü bütün işlər hər kəsin yadından çıxıb.

Buna görə də bu gün “Bakı”ya böyük təzyiqlər var. Belə çətin anda “Bakı”ya dəstək olmaq lazımdır. Mən obyektivliyi qorumaq naminə bütün bunları deyirəm.

Bizim qapılarımız açıqdır. Gəlsinlər, gördüyümüz işlərlə tanış olsunlar. Görsünlər ki, gənc futbolçuların yetişməsi üçün heç bir problem yoxdur.

Gizlətmirəm, bizim müəyyən problemlərimizin həllində AFFA-nın prezidenti Rövnəq Abdullayev və qurumun baş katibi Elxan Məmmədov bizə çox yaxından kömək olurlar.

“Bakı” və “Qəbələ”dən başqa hansı klubun 6 təbii meydançası var? Bu meydançaların Avropa standartlarına uyğun saxlanmasında “Bakı” klubu külli miqdarda vəsait sərf edib.

Bizim problemimiz A və əvəzedici komanda ilə bağlıdır. Digər 10 komandamızın bütün məşqçilərinin, hər kəsin pulu vaxtında futbolun inkişafı çərçivəsində ödənilir.

- Bəs Nurlan Novruzovla niyə problem yaranır?

- Nurlan Novruzovun bizimlə 2018-ci ilə qədər müqaviləsi var. Nurlan Novruzov əgər mətbuatda klub rəhbərliyi haqqında qeyri-səmimi ifadələr işlədirsə, bu onun gələcək karyerasında yaxşı olmayacaq. O bizim bir övladımızdır, “Bakı”nın akademiyasında təhsil alıb. Biz Nurlanın Nurlan ola bilməsi üçün xüsusi hücumçularla işləyən məşqçi tutmuşuq. Həmin məşqçilər Nurlanla və başqa hücumçularla ayrıca məşqlər keçirlər.

Diqqət etsəz görərsiz ki, Nurlan hər dəfə qol vurandan sonra onu hazırlayan məşqçiyə yaxınlaşanda onu öpüb qucaqlayıb. Sevincini bölüşüb. Bəs səni yetişdirmiş məşqçi heyətinə, rəhbərliyə qarşı mətbuat vasitəsi ilə çıxış etmək nə dərəcədə düzgündür?

Yenə deyirəm, bizdə 3 min (şərti olaraq) alırsa, başqa bir klub 15 min təklif edirsə, olsun, problem deyil. Amma o, 15 mindən 5 min manatını hər ay üçün mühasibatlığa ödəsin ki, növbəti Nurlanları, Aqilləri, Rəhmanları yetişdirə bilək.

Əvvəl bizim vəsaitimiz var idi, özümüz edə bilirdik. İndi o vəsaitimiz yoxdur axı. Buna görə də biz bu gün çıxılmaz vəziyyətdə qalmışıq. Vəziyyətdən çıxmaq üçün, futbolun inkişafı naminə biz də bu cür addımlar atmalıyıq.

- Nurlan Novruzov iddia edir ki, aylarla maaş almayıb.

- Gəlin sizə Nurlanın “Bakı” klubundan 5 il ərzində aldığı bütün əmək haqqının hamısını göstərim. Sənədlərlə sübut edim. Avqust ayından indiyədək bütün futbolçular hər ay maaş alıb. O isə düzgün olmayan hərəkət edir. Mən ürəkağrısı ilə onun mətbuatda dediklərini oxuyuram. O deyir ki, mənim məşqə gəlib-getməyə pulum yoxdur.

Fikirləşin, 21 yaşlı gənc 4 ay ərzində 13 min manat pul alıbsa, onun məşqə gəlib-gedə bilmirəm deməyi nə dərəcədə düzdür? Axı onun dedikləri həqiqətdən uzaqdır.

Mən problemlərimizi də deyirəm, çətinliklərimizi də açıqlayıram, federasiyadan dəstək almağımızı da deyirəm. Jurnalistlərlə birlikdə bu məsələnin araşdırılmasına hazıram. Gəlin, oturaq araşdıraq. Amma futbolçulara da başa salın ki, bura sizin evinizdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm