“Simurq” müdafiə və hücum xəttini gücləndirəcək - Hazırlığa start verildi
Bizi izləyin

İdman

“Simurq” müdafiə və hücum xəttini gücləndirəcək - Hazırlığa start verildi

Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar bir necə günlük istirahətdən sonra "Simurq" hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, yanvarın 6-da Antalyaya təlim-məşq toplanışına yollanan Zaqatala klubu "Sirena Belek" otelində məskunlaşıb. Zaqatala təmsilçisi qardaş ölkəyə aşağıdakı heyətlə yola düşüb:

Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli;

Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir;

Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov;

Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Orcu Balaşlı;

Gündə iki dəfə olmaqla məşqlərə başlayan "Simurq", təlim-məşq proqramına əsasən ilk həftədə fiziki çalışmaları yerinə yetirəcək. Daha sonra taktiki və texniki hazırlıqlara start veriləcək. Bu hissədə baş məşqçi Georgi Çixradze yetirmələrini yoldaşlıq görüşlərində sınaqdan keçirəcək.

"Simurq"un təlim-məşq proqramında bəzi dəyişikliklər də edilib. Əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü olacaq. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. İkinci görüşdə "sarı-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən "Simurq" Almaniyanın "Duysburq" klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın "İrtış" və Rumıniyanın Curcu şəhərinin təmsilçisi "Astra" klubları ilə olacaq. Komandamızın sonuncu sınaqçı-rəqibi isə Ukraynanın "Volın" kollektivi olacaq.

Son yoxlama matçından sonra "Simurq" tam heyətlə ölkəyə qayıdacaq və Premyer Liqanın XIX turunun hazırlıqlarını doğma arenada davam etdirəcək.

Qış "transfer pəncərəsi"ndə Zaqatala təmsilçisi heyətini də gücləndirməyi planlaşdırır. Təlim-məşq toplanışı çərçivəsində klub rəhbərliyi məşqçilər korpusunun istəyi əsasında komandaya mərkəz müdafiəçisi və hücumcu qatmağa çalışacaq. Artıq bir necə futbolçu ilə danışıqlar gedir.

Xatırladaq ki, zaqatalalılar yeni ildə ilk transferini yanvarın 2-də gerçəkləşdirib. Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində "7" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Elnurun son klubu "Xəzər Lənkəran" olub. 2010-cu ildən Lənkəran təmsilçisinin heyətində forma geyinən təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub. "Xəzər Lənkəran"dan qabaq isə Abdullayev "Muğan"da çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm