• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Atası müəllimləri səhv saldı, qızının həyatı dəyişdi - “Mən istəmirdim, atam təkid etdi”

  • İdman
  • 9 Yanvar 2015 15:19
  • 5 708 Baxış
Atası müəllimləri səhv saldı, qızının həyatı dəyişdi - “Mən istəmirdim, atam təkid etdi”

Suğra Müqabilzadə kamandan oxatma idmanı ilə məşğul olur. Bu il Azərbaycanı Nankinq olimpiadasında təmsil edib. Bundan əlavə o, Bakıda keçirilən Federasiyalar Kuboku beynəlxalq turnirində 3-cü yerə layiq görülməklə ən böyük uğuruna imza atıb. Suğra İlk Avropa Oyunlarının 11 elçisindən biridir. 16 yaşlı Suğra Bakı - 2015-də Azərbaycanın böyük ümidlər bəslədiyi idmançılardan biridir.

Mütəmadi olaraq, Bakı - 2015 iştirakçılarından müsahibə götürən Publika.az bu dəfə oxucuları Suğra Müqabilzadəylə yaxından tanış edəcək.

- Suğra, səni yaxından tanıyaq...

- Mən 1998-ci il noyabrın 25-də Bakıda anadan olmuşam. Anam müəllimədir. Mən də onun dərs dediyi 245 saylı orta məktəbdə oxumuşam. Lakin anam öz sinifində oxumağıma icazə vermədi. Mən də onunla paralel dərs deyən müəllimənin sinfində məktəbə başladım.

- Niyə icazə vermədi?

- Anam deyirdi ki, “əgər yaxşı oxumasan, mən sənə qiymət yaza bilmərəm. Həm də arxayın olarsan”. Buna görə istəməyib onun sinfində oxuyum.

- Bəs idmana necə başladın?

- İdmana atamın təkidi ilə başlamışam. Özümün çox da həvəsim olmayıb. Atam güllə atıcısı olmağımı istəyirdi. Olimpiya mükafatçısı Zemfira Meftəhəddinova kimi... Bunun üçün də maraqlandı və Zemfira xanımın harada dərs dediyini öyrəndi. Beləliklə, məni İdman Akademiyasına gətirdi ki, məşğul olmağa başlayım. Lakin ailəm müəllimləri dəyişik salıb. Səhvən Zemfira Qəhrəmanovanın yanına gəldik. Sonradan bildilər ki, o, başqa Zemfira xanımdır (gülür). O da mənim gözəl oxatan olacağımı dedi və məni özünün yanında saxladı. Düzdür, ailəm bir neçə dəfə oxatmanı güllə atıcılığına dəyişdirməyə cəhd göstərdi. Amma müəlliməm məni buraxmadı. Sonradan nəticələrimi görüb onlar da məni dəstəklədilər. Bir sözlə, oxatmaya təsadüfən gəlmişəm.

- Bəs sənin məşqçini dəyişmək barədə qərarın nə idi?

- Düzünü deyim ki, mən idmanla məşğul olmaq istəmirdim. Ona görə də fərqi yox idi. Amma məşqçimlə vaxt keçirdikcə onu daha çox istədim, həm də idmana bağlandım. İndi Zemfira müəllimə ilə məşğul olmuram. İlk müəlliməmin yeri qəlbimdə ayrıdır. Ancaq 3 ildir ki, Natiq Fazilovla çalışıram. Məşqlərə başlayanda da çox həvəsim yox idi, atamın istəyini yerinə yetirmək üçün gedirdim. Elə olurdu ki, həftədə 2 dəfə gedib sonra qaçırdım (gülür). Amma öyrəndikcə maraqlı gəlirdi. Lakin ilk qələbədən sonra bütün buzlar əridi. Gözlənilmədən Azərbaycan çempionatında 1-ci yeri tutdum. Bundan sonra da özümə inam yarandı və oxatma həyatımın ayrılmaz bir hissəsi oldu.

- Analar, adətən, qızlarının idmanla məşğul olmasını istəmir...

- Əvvəl çox da istəmirdi. Təhsil almağımın tərəfdarı idi. Lakin mən onu inandırdım ki, hər ikisini edə bilərəm. Elə də oldu, həm onun istədiyi universitetə qəbul oldum, həm də idmanla məşğul olmağa davam edirəm. Anam məni idmanda daima dəstəkləyib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu fakültəsində oxuyuram.

- İdmanla birlikdə təhsilini davam etdirmək çətin olmur?

- Xeyr. Düzdür, imtahanlar vaxtı məşqlərə nisbətən az vaxt sərf edirəm. Amma dayandırmıram. Məsələn, gün ərzində 3-4 saat əvəzinə 2 saat məşq edirəm.

- Yarışlara, ya da məşqlərinə ailə üzvlərinizdən gələn olub?

- Xaricdə keçirilən yarışlarda ailədən heç kəs gəlməyib. Bakıda keçirilən yarışlarımda isə bacım və əmim qızı gəlib.

- Ailədə səndən başqa da idmançı var?

- Bacım və qardaşım da idmanla məşğul olur. Onlar məndən kiçikdirlər və əkizdirlər. Bacım mənim kimi oxatma ilə, qardaşım isə cüdo ilə məşğul olur.

- İdmanda ən böyük dəstəyi kimdən görmüsən?

- İdmanda ən böyük dəstəkçim atam və məşqçimdir. Onlar əllərindən gələn qədər mənə kömək etməyə çalışırlar. Mənə əsəbləşməyəndə daha ürəkdən dəstəkləyirlər (gülür).

- Necə ki, əsəbiləşməyəndə?

- Məsələn, müəlliməm nəsə basa salır, mən edirəm. Lakin 1-2 dəfədən sonra yenə alınmır. O səbir edir, edir, amma sonra çox əsəbiləşir, atam da həmişə həyəcanlanmamağı başa salır. Lakin elə olur ki, yarışda həyəcanıma görə səhvlərim meydana çıxır, bu da onu çox əsəbiləşdirir (gülür).

- Milli komandanın çətinlikləri səni yormurdu?

- Milli komandada məşqlər daha güclü keçir. Həmin vaxt məni ən çox oxatmaq yox, səhər tezdən qaçmaq yorur. Bu idmanda oxatma bacarığından əlavə, həm də fiziki cəhətdən də güclü olmaq vacibdir. Mənim kamanım çox yüngüldü, 15 kq-dır. Bundan yuxarı çəkililər də var - 21-22 kq-a qədər.

- Bu günə qədər ən güclü rəqibin kim olub?

- Mənim üçün bütün rəqiblər güclüdür. İstənilən yarışda mən pis, rəqib yaxşı ata bilər. Ya da əksinə olar. Ona gorə ən zəif idmançı da güclü rəqibdir. Həmçinin ox atarkən idmançının özündən yox, nəsə səhv etməkdən qorxuram. Öz isini düzgün yerinə yetirməmək daha qorxuludur.

- Hansısa yarışa hazırlaşmadan getmisən?

- Xaricdə keçirilən yarışların heç birinə hazırlıqsız getməmişəm.

- Bəs ölkədəki yarışlarda?

- İlk vaxtlar olub. Birdən-birə xəbər verdilər ki, yarış 1 həftə sonradır. Mənim hazırlaşmağa çox da vaxtım olmamışdı. Amma gənclər arasında keçirilən yarışda 3-cü yeri tutmuşdum.

Təəccüblü və təsadüfi nəticələr...

“Təəccüblü nəticəm də olub. Məsələn, ilk dəfə iştirak etdiyim Azərbaycan çempionatında 1 ci yer tutmuşdum. Bu yaxşı mənada məni təəccübləndirmşdi. 2014-cü ildə isə Antalyada keçirilən yarışda gözlənilmədən 3 oxum hədəfə düşmədi. Və 0 xal yazıldı. Sonradan xəbərim oldu ki, 3 oxu da kamana tərs qoymuşam (gülür). Qorxumdan müəllimə bu barədə heç nə deməmişdim.

- Məşqçin sonra nə vaxt xəbər tutdu bundan? Reaksiyası necə oldu?

- Bu barədə təzəlikcə xəbər tutub. Reaksiyası isə tərs bir baxış oldu. Qışqırsaydı, əsəbləşsəydi, ondan yaxşı olardı.

- Hansısa yarışda qalib gələndə arxayınlıq yaranır?

- Belə hal bir dəfə olub. O da yaydakı Azərbaycan çempionatından əvvəl olmuşdu. Yaxşı atacağıma əmin idim. Amma yarışın ilk günü elə həyəcanlandım ki, nəticəm yaxşı olmadı. Yenə də məqşçimin tərs baxışı məni elə qorxutdu ki, ən vacib məqamda çox gözəl nəticə göstərib qalib oldum.

- Nə vaxta qədər idmanla məşğul olmaq istəyirsən?

- Əlimdən gələn qədər məşğul olmağı düşünürəm. Bir sözlə, gücüm tükənənə qədər idmanda qalacam. Amma idmançı kimi karyeramı bitirdikdən sonra məşqçi işləmək üçün səbrim çatmaz. Yəqin ki, iqtisadiyyat sahəsində işləyərəm. Amma yenə də zaman göstərəcək. Hələ ki, oxatma ilə vidalaşmağı düşünmürəm.

- İdealın varmı?

- İdmanda idealım məşqçimdir. Həyatda isə ailəmin hər bir üzvü mənim üçün ideal biridir.

- Yaxşı idmançı olmaq üçün nə etmək lazımdır?

- Yaxşı idmançı olmaq üçün müntəzəm olaraq məşq etmək, yarış vaxtı öz həyəcanını boğa bilmək və ən əsası özünə güvənmək lazımdır.

Məqsədləri...

“İdmanda məqsədim olimpiya çempionluğu zirvəsinə yüksəlməkdir. Həyatda isə ailəmə layiqli övlad olmaqdır. Bundan əlavə ispan və ya italyanca öyrənmək istəyərdim”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR