Eddi İsrafilov: "Azərbaycan millisinin şərəfini layiqincə qorumağa çalışacam"
Bizi izləyin

İdman

Eddi İsrafilov: "Azərbaycan millisinin şərəfini layiqincə qorumağa çalışacam"

İspaniyanın “Qranada” klubunda çıxış edən Azərbaycan əsilli Eddi İsrafilov affa.az saytına müsahibə verib.

- İki gün əvvəl Bakıda ananız İradə xanım AFFA-nın baş katibi Elxan Məmmədov və millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşüb. Bu görüş haqda nə deyə bilərsiniz?

- Təəssüf ki, həmin görüşdə özüm iştirak edə bilmədim. Bildiyiniz kimi, İspaniya kuboku çərçivəsində “Sevilya” ilə oyunumuz oldu. Mən də əsas heyətdə meydana çıxdım və 90 dəqiqə komandama kömək etməyə çalışdım. Bəli, bir müddət əvvəl Azərbaycan yığmasında oynamaqla bağlı təklif almışdım. Anamın da qeyd etdiyi kimi müəyyən səbəblərdən komandaya dəvət edilməyim yubanırdı. Yığma komandada oynamaq istədiyimdən, bu məsələni həll etmək lazım idi. Buna görə də anam Bakıya yollandı və danışıqlar baş tutdu. Sevindirici haldır ki, danışıqlar müsbət yekunlaşdı. Çünki özüm də anamın vətəni olan bir ölkənin yığmasında oynamaq istəyirəm. Millidə oynamaq mənim üçün qürurdur. Artıq baş məşqçinin dəvətini, millinin heyətində debüt edəcəyim günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu istəyim tezliklə reallaşacaq.

- Azərbaycanla yanaşı, Anqola və İspaniya yığmasını da seçmək imkanınız ola bilərdi. Niyə üstünlüyü Azərbaycan millisinə verdiniz?

- Bəli, atam Anqoladan olduğuna görə bu ölkənin millisində də oynamaq mümkün idi. Lakin mən anamın bağlı olduğu ölkəni seçdim. Çünki anam evimizdə Azərbaycan haqda tez-tez danışır. İspaniyada da rəfiqələri var. O, Azərbaycanı uzun müddətdir tərk etsə də, vətənə bağlılığını qoruyub. Anamın Azərbaycanı unuda bilməməsi, Bakını tez-tez xatırlaması məndə də bu ölkəyə maraq yaradıb. Üstəlik, baş məşqçi Robert Prosineçki oyunlarımı izləyib. Məni daim diqqətdə saxladığına görə ona təşəkkür edirəm. İspaniya yığmasını seçməməyimə gəldikdə, həqiqəti demək lazımdır. Bu gün İspaniya yığmasının heyətində kifayət qədər tanınmış, ulduz futbolçular yer alır. Üstəlik, İspaniyada futbolçu ordusu çoxdur. Bu baş məşqçinin seçim imkanlarını genişləndirir.

- Azərbaycan haqda nə bilirsiniz?

- İndiyə qədər Azərbaycanda 2 dəfə - 1996 və 2004-cü illərdə olmuşam. Bundan əlavə, həm anamın söhbətlərindən, həm də internet resurslarından faydalanıram. Bilirəm ki, Azərbaycan bu gün sürətlə inkişaf edən ölkələrdəndir. Bir çox beynəlxalq müsabiqələrin burada keçirilməsi də bunun göstəricisidir. Üstəlik, 2020-ci ildə keçiriləcək Avropa çempionatının bir neçə oyununa Bakı ev sahibliyi edəcək. Bilirəm ki, Azərbaycanda idmana xüsusi diqqət yetirilir. Bir sözlə, müəyyən məlumatlara malikəm. Növbə tezliklə Bakıya səfər etməyimə çatıb. Baş məşqçinin dəvətini gözləyirəm. Robert Prosineçki məni yığmaya dəvət etsə, Azərbaycan millisinin şərəfini layiqincə qorumağa çalışacam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm