• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“QIZIL TOP”: Əbədi dahi

  • İdman
  • 10 Yanvar 2015 14:33
  • 2 392 Baxış
“QIZIL TOP”: Əbədi dahi

2014-cü ilin ən yaxşı üç futbolçusundan biri Lionel Messidir. Bu, artıq dəqiq faktdı. Onun birinci, ikinci və ya üçüncü olacağını isə iki gündən sonra biləcəyik. Hələliksə, gəlin Messinin də 2014-cü ildə keçdiyi yola nəzər salaq. Axı bundan əvvəl digər iki namizəd - Ronaldo və Noyerə də yazı həsr eləmişdik.

Milli münasibət

2014 Messinin həyatında ən xoşbəxt olduğu il kimi qala bilərdi. O, özü dəfələrlə deyib ki, bütün fərdi və komanda titullarını bircə dünya çempionluğuna dəyişərdi. O, karyerasına başladığı gündən Maradonayla müqayisə olunur. Bilmirəm, ədalətlidir, ya yox. Məsələn, Maradona məhz 1986-cı ildə, dünya çempionu olandan sonra dahilik zirvəsinə ucalmışdı. Messi Avropada və xüsusilə də, İspaniyada çox populyar olsa da, vətənində ona münasibət fərqlidi. Bəlkə də bu münasibət heç vaxt Argentinada oynamamsından irəli gəlir. Məsələn, “Boka Xuniors”un Maradonası, “River Pleyt”in Françeskolisi olub. Leo isə həmişə millidə “birayaqla” oynamaqda ittiham olunub. Əlbəttə, yersiz iddiadır. Messi 2014-cü ili milliyə həsr etdi və ən böyük arzusuna çatmağa çox yaxın oldu.

Messini necə qazanmışıq?

Argentinalılar bir məqamı unudur. O, heç vaxt tam sağlam insan olmayıb. Bəlkə də zamanında həkimlərin düzgün müalicəsi olmasaydı, dünya Messi adlı dahini görməyəcəkdi. Leo uzun illər imkanlarından artıq səviyyədə futbol oynadı. Bunu biz də görmüşük. Dünya mətbuatı nahaq yerə ona “yadplanetli” adını “yapışdırmamışdı”. Onun elədiklərini başqa heç kimin ifasında görmürdük. 2014-cü ildə o, seçim qarşısında qaldı: ya “Barselona”, ya milli. Təbii ki, o, klubdakı oyunlarını yola verməklə məşğul olmadı. Amma özünü ilin ən vacib turniri üçün də qorudu. Bunu hər kəs hiss etdi. Nəticədə “Barselona” mövsümü titulsuz başa vurdu.

Reallaşmayan arzu

Argentina millisi Braziliyada təşkil olunan dünya çempionatında meydan sahibləriylə birgə favorit sayılırdı. Çoxları ənənəyə uyğun olaraq, cənubi amerikalıların Avropa komandalarını üstələyəcəyini düşünürdü. Amma həmin turnirdə bu amil heç bir rol oynamadı. Heyətə nəzər salsaq, 4 il əvvəlki turnirlə müqayisədə yaxşılığa doğru dəyişiklik olmadı. Baş məşqçi Alexandro Sabelya bilərəkdən Karlos Tevesdən imtina etdi. O, komandanın bir nəfər üçün oynamasını tələb etdi. Həmin bir nəfər Messi idi. Sanki hər şey onun tarixi missiyasını həyata keçirməsinə hesablanmışdı.

Bu məqamda yenə kiçik müqayisə aparaq. 1986-cı ildə Maradona Meksikadakı mundialda lap əvvəldən diqqət mərkəzində olmamışdı. Qrup mərhələsini birtəhər yola verən Argentina millisi 1/8 finalda Uruqvay səddini də güclə keçdi. Möcüzə bundan sonra başladı. Maradona növbəti iki oyunda xarüqələr yaradaraq komandasını finala çıxartdı. Həlledici oyunda isə komada toparlanaraq lideri üçün oynadı. Amma yenə də Dieqo finalda inanılmaz ötürməylə yekun nəticəyə təsir etdi.

Messi isə DÇ-2014-də ən yaxşı oyunlarını qrupda keçirtdi. Pley-offda bir dənə də qol vura bilmədi. Bu onun pis oynadığı anlamına gəlməməlidir. Əksinə o, özünü düşünməyərək, komandanın irəliləməsi üçün əlindən gələni etdi. Sadəcə olaraq, həmin vaxt formasının zirvəsində deyildi. Bunu Leo özü də başa düşürdü. Başa düşürdü ki, təkbaşına hamıya qalib gələ bilməyəcək. Argentina finala çıxsa da, ən vacib, ən lazımlı, ən həlledici məqamda Messi anladı ki, arzusunu gerçəkləşdirə bilməyəcək. Son dəqiqələrdəki cərimə zərbəsi yadınızdadır? Messinin topa necə ümidsiz yaxınlaşdığını burdan - Azərbaycandan da görmək olardı.

Bir şans da var

Messinin futbol tarixində yeri həmişə xüsusi olacaq. O, elə bir iz qoyub ki, bundan sonra gələcək nəsillərə əbədi nümunə göstəriləcək. Hər bir insan əvvəl-axır qəbul edir ki, o, hər şeyə qadir deyil. İstedadın və imkanların da bir sərhəddi var. 2014-cü ilin yayında Messidə məhz bunun şahidi olduq. Amma əsas odur ki, bu məqam onu ruhdan salmasın. Onu daha da gücləndirsin. Belədə 2018-ci ildə arzunu reallığa çevirmək üçün Messinin daha bir şansı olacaq.

Messi necə böyüdü?

Messinin oyununu canlı görmək şansı qazanan azarkeşlər özlərini xoşbəxt saya bilərlər. O, bizim gözümüzün qarşısında böyüdü, inkişaf etdi və dahilik zirvəsinə ucaldı. Hər şey 10 il əvvəl başlamışdı. Onun keçdiyi yola qısaca nəzər salmaq yerinə düşər. 2004-cü ildə Messi 17 yaşında “30 nömrə”ylə İspaniya çempionatında debüt etdi. Əvvəl-əvvəl o, “Barselona”nın digər ulduzlarının kölgəsində qalırdı. 2007/08 mövsümündə zədə üzündən bir müddət oynamadı. “Barsa” Kataloniya kubokundan başqa titul qazana bilmədi. 2008-ci il dönüş ili oldu. Əfsanəvi Ronaldinyo “Barsa”nı tərk etdi, onun “10 nömrə”sini ələ keçirən Leo həm də liderlik məsuliyyətini üzərinə götürdü. 2009-cu ildə təqvim ilində mümkün olan bütün 6 titulu qazandı və ilk “Qızıl top”unu aldı. Növbəti ildə 34 qolla ilk dəfə İspaniya çempionatının bombardiri oldu. “Qızıl top” mübarizəsində isə ona rəqib yox idi. 2012-ci ildə La Liqada 50 qol vuran argentinalı “sehrbaz” 4-cü dəfə “Ballon d`Or”a sahib çıxdı.

2013-cü ildə vergi qalmaqalı onun nüfuzuna da müəyyən mənada təsir etdi. Sonda “Qızıl top”u da Ronaldoya təhvil verdi. 2014-cü ildə baş verənləri də yuxarıda yazdıq. Amma ilin sonlarında çox vacib məqamlar oldu ki, onları da qeyd etməyə dəyər.

İspaniyada tayı-bərabəri yoxdur

2014-cü ilin noyabrında Messi üç yaxşı xəbər aldı. Latın Amerikasının ən yaxşı oyunçusu seçilən argentinalı bu əlamətdar hadisəni tarixə düşməklə qeyd etdi. La Liqanın 12-ci turunda “Sevilya”yla matçda (5:1) het-trik edən Leo əfsanəvi Telmo Sarranın rekordunu qırdı. O, “Barsa”da keçirdiyi 289-cu oyununda 252-ci qolunu vuraraq “Atletik”in sabiq futbolçusunu geridə qoydu. Həmin qarşılaşmada oyundaşları hər dəfə qol vurandan sonra Messini atıb-tutmaqla sevincini bölüşdü.

Amma yenə də onun uğurlarına kölgə salmağa çalışanlar oldu. Vergi məsələsi yenidən gündəmə gətirildi. Bəlkə də son vaxtlar onun “Barselona”nı tərk etməsiylə bağlı yayılan xəbərlərə rəvac verən səbəblərdən biri budur. Amma nə olur-olsun, Messinin pərəstişkarları onu həmişə dahi kimi xatırlayacaq. Belə neqativ hallar 5-10 ildən sonra heç kimin yadına düşməyəcək. Tarixdə qalan isə onun “Barselona”da qazandığı saysız-hesabsız titullar və vurduğu qollar olacaq.

Təəssüf...

Futbol son 10-15 ildə çox dəyişib. İndi çoxlarını ilk növbədə nəticə maraqlandırır. Amma gözəllik də vacibdir. Futboldan zövq almaq lazımdır. Bu zövqü azarkeşlərə yaşadan hər bir futbolçu onların gözündə dahidir, ilin oyunçusudur. Mübahisə boş şeydir. Ronaldo, Messi, İbrahimoviç, Robben, Noyer və bu kimi bir çox ulduzlar var ki, onlar ayrı-ayrılıqda hər biri “Qızıl top”a layiqdilər. Amma 2014-cü ilə görə ən güclünü ayırd etmək üçün mütləq qazanılan uğurlara və sabitliyə baxmaq lazımdır. Təəssüf ki, bu mənada Messi həm Ronaldodan, həm də Noyerdən bir balaca geri qalır.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR