Rus məşqçini pərt edən məktəbli olimpiya mükafatçımız
Bizi izləyin

İdman

Rus məşqçini pərt edən məktəbli olimpiya mükafatçımız

Nazim Babayev üç təkanla tullanma üzrə azərbaycanlı idmançıdır. İlk Avropa Oyunlarının 11 elçisindən biri də odur. Mütəmadi olaraq, Bakı 2015 iştirakçılarından müsahibələr təqdim edən Publika.az bu dəfə oxuculara Nazim Babayevi yaxından tanıdacaq.

Futbolçu olmaq istədi, amma...

Nazim 1997-ci ildə Bakıda anadan olub. 2004-cü ildən 80 nömrəli məktəbdə təhsil alır. İdmana erkən yaşda başlayıb. Əvvəlcə futbola meyl edib. Amma onun zəif olduğunu deyib yüngül atletika ilə məşğul olmasını təklif ediblər. İlk məşqçisi Ziyad Xəlfəyev olub. Nazim Babayev ailənin tək övladıdır. Atası şəxsi işlə məşğuldur. Anası isə evdar xanımdır.

- Hələ də futbola marağın qalıb?

- Bəli, qalıb, amma o qədər də yox.

- Azarkeşi olduğun komandalar varmı?

- Azərbaycandan azarkeşlik etdiyim komanda “Qarabağ”dır. Dünya futbolunda isə “Barselona”nın fanatıyam.

- Bəyəndiyin futbolçular necə?

- Ən çox sevdiyim futbolçu Lionel Messidir.

- Bəs seçdiyin idman növünə marağın necə artdı?

- Öncə onu qeyd edim ki, idmana ilk dəfə babamla getmişdim. Yüngül atletikaya başladıqda isə müəllimim istedadımı gördü. Mən də vaxt getdikcə burada nəticələrimin yaxşı olduğunu gördüm və daha da səylə çalışmağa başladım.

- Ailən sənin bu idmanda davam etmək seçimini necə qarşılamışdı?

- Ailəm bunu çox yaxşı qarşıladı və mənə böyük dəstək göstərdilər. Heç qarşı olmadılar. Çünki idmanla məşğul olmaqla yanaşı, dərslərimi də yaxşı oxumuşam. Ona görə heç bir narazılıq olmayıb.

- Deməli, bir çox idmançılar kimi təhsili ikinci plana atmamısan...

- Əvvəl elə idi. Amma indi vəziyyət dəyişib. Artıq mənim üçün idman birinci plandadır. Hazırda məktəbdə oxuyuram, 11-ci sinif şagirdiyəm. Təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirəcəm.

İlk yarış və ilk qələbə...

- İlk qələbən nə vaxt olub?

- İlk dəfə 2012-ci il 1 iyun tarixində Türkiyənin İstanbul şəhərində Yılmaz Sızak beynəlxalq turnirində bürünc medal qazanmışam. Bu, ilk yarışım idi.

- İlk yarış və ilk medal - bu nəticə çoxlarını təəccübləndirmiş olardı. Maraqlıdır, reaksiyalar necə oldu?

- Reaksiyalar yaxşı idi. İlk mən ümidləri doğrultdum, əsas da məşqçimin ümidini... Bundan sonra o, mənim gələcək illərdə necə yüksək nəticələrim olacağını təxmin edə bilirdi.

- Bundan sonra hansı nəticələri qazandın?

- Yılmaz Sızak beynəlxalq turnirində qızıl medal, yeniyetmələrin Avropa olimpiya festivalında yenə qızıl medal, “Qafqaz kubok”unda bürünc və Yeniyetmələrin Avropa Olimpiya təsnifatında qızıl medal qazandım. Bundan sonra Avropa kuboku və Yeniyetmələrin II Olimpiya oyunlarında 3-cü yer tutmuşam.

Nənəm yarışlarıma gəlir

- Yarışlara, ya da məşqlərinə ailə üzvlərindən kim gəlib?

- Demək olar ki, hamı - anam, atam, babam, nənəm.

- Ən çox dəstəyi kimdən almısan? Və onlar sən yarışdaykən hiss-həyəcanlarını necə bildiriblər?

- Ən çox babam dəstək olub. Düzdür, onlar həyəcanlı olub. Amma mənim də həyəcanlanmamağım üçün bunu büruzə verməyiblər.

- Yarış zamanı nənənin dəstəyi maraqlıdır... Necə dəstək olur?

- O, həvəsləndirmək üçün mənimlə danışır. Hər şeyin yaxşı olduğunu deyir. Elə onların orada olmağı məni ruhlandırır.

“Legionerlərlə yerlilər arasında maaş fərqi var”

- Bu gün bütün idman növlərində legionerlər var. Sizdə necədir? Yerlilərlə legionerlər arasında fərq qoyulurmu?

- Bizdə də legionerlər var. Cüzi də olsa, fərq qoyulur.

- Necə?

- Əsas fərq maaşda hiss olunur.

- Bu gün Azərbaycanda böyük ümidlər bəslənən bu idman növündə səndən başqa yerli yüngül atlet varmı?

- Açığını deyim ki, yoxdur.

- I Avropa Oyunlarının idman elçilərindən biri seçilmisən. Səncə, seçilmə səbəbin nədir?

- Məncə ən başlıca səbəb 2014-cü ildə ard-arda 3 mötəbər yarışda Azərbaycanın bayrağını qaldırmağımdır. Bundan əlavə, Azərbaycanın müstəqillik tarixində atletika üzrə ilk olimpiya medalının sahibi olmağımın da təsiri var.

- Qarşıdakı hədəflərini müəyyənləşdirmisən?

- İlk növbədə Bakıda keçiriləcək Avropa Oyunlarında qızıl medal qazanmaq istəyirəm. Bundan sonra gənclər arasında keçiriləcək Avropa çempionatında qalib olmağı hədəfləmişəm. Digər beynəlxalq turnirlərdə də məqsədim ən yüksək pillələri tutmaqdır.

- Nə vaxta qədər idmanla məşğul olmaq fikrin var?

- Ayaqlarımda taqət qalana qədər (gülür).

- Karyeranı bitirdikdən sonra məşqçi işləmək istəyərsən?

- Bəli, bu uzun illər ərzində öyrəndiklərimi, mən də öz tələbələrimə öyrətmək istəyərəm.

- Yarışlar zamanı başına gələn ən maraqlı hadisələrdən birini danış...

- Yarışlarda başıma gələn hadisələrdən biri 2013-cü il Avropa Olimpiya Festivalında olub. İlk cəhddə 15.6 nəticə göstərdim və yarışın liderinə çevrildim. Orada əsas rəqibim rusiyalı idmançı idi. 5-ci cəhddə rusiyalı idmançı tullandıqdan sonra nəticəsi səhvən ekrana 15.30 verildi. Amma sonradan silinib 15.03 oldu. Bu zaman onun məşqçisi hakimlərin bu qərarı ilə razılaşmadı və etiraz etməyə getdi. Mən də bunu görüb özümü toparladım, 6-ci cəhdimdə 15.53 nəticə göstərərək heç bir narazılığa yer qoymadım. Bundan sonra rusiyalı məşqçi uduzduqlarını görüb şikayətini geri götürməyə məcbur oldu (gülür).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm