• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

UEFA kubokunun qalibi Azərbaycan klubunda

  • İdman
  • 17 Yanvar 2015 10:55
  • 403 Baxış
UEFA kubokunun qalibi Azərbaycan klubunda

Mövsümün ikinci yarısı ərəfəsində heyətini gücləndirməkdə olan "Qəbələ" növbəti transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, bunadək Rəşad Sadiqov və ukraynalılar - Aleksey Qay və Dmitri Bezotosnı ilə anlaşan "qırmızı-qaralar" Ruslan Fominlə də müqavilə imzalayıb.

1986-cı il təvəllüdlü ukraynalı hücumçu 6 aylıq müqaviləyə imza atıb.

Ruslan Fomin “Qəbələ” ilə anlaşması barədə mətbuata belə danışıb:

“Azərbaycan mənim üçün yeni ölkədir. Elə 6 aylıq müqavilə bağlamağıma səbəb komandaya uyğunlaşmağım üçün vaxta ehtiyacımın olmasıdır. Əgər hər şey yaxşı gedərsə, mövsümün sonunda müqavilənin müddətini uzada bilərəm, heç yerə getmərəm”.

Qeyd edək ki, yaya qədər "Qəbələ"nin şərəfini qoruyacaq forvardın son klubu Odessa "Çernomorets"i olub.

Bu klubda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış etmiş, Qay və Bezotosnu ilə komanda yoldaşı olan Fomin 2014-cü ilin yayında keçdiyi Odessa təmsilçisində yarım mövsüm keçirib.

Xarkov "Arsenal"ının yetirməsi olan Fomin 2002-05-ci illərdə bu klubda oynadıqdan sonra Donetsk "Şaxtyor"una keçib və 6 il bu klubun oyunçusu olub. Bu müddətdə Fomin icarə əsasında "Metallist", "Zarya" və "İliçevets"də də çıxış edib.

Ardınca "İliçevets"lə müqavilə imzalayan hücumçu, 2014-cü ilin yayınadək bu komandanın uğurları üçün çalışıb. Karyerası ərzində Ukraynanın U-19 və U-21 yığmalarının şərəfini qorumuş Fominin ən böyük uğurları "Şaxtyor"la bağlıdı. 2008/09 mövsümündə bu komanda ilə UEFA kubokunu qazanan hücumçu, 2005/06, 2009/10-cu illərdə Ukrayna çempionu, 2008/09 mövsümündə gümüş, 2006/07 və 2007/08 mövsümlərində bürünc mükafatçı olub. Hücumçu 2006-cı ildə isə Ukrayna yığmasının heyətində gənclər arasında Avropa çempionatının gümüş medalını qazanıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR