Bu gün Türkiyədə bizimkiləri nə gözləyir?
Bizi izləyin

İdman

Bu gün Türkiyədə bizimkiləri nə gözləyir?

Qış fasiləsində təlim-məşq toplanışları keçən komandalarımız bu gün növbəti hazırlıq matçlarına çıxacaqlar. Sınaqdan 4 komandalarımız keçəcək.

Publika.az yoxlama matçı keçirəcək klubları diqqətinizə çatdırır:

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün dördüncü yoхlama oyununu keçirəcək. Baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Türkiyə klubu ilə oyunda sınayacaq.

Belə ki, "İnter" Super Liqa klubu ilə üz-üzə gələcək. Matçın start fiti Bakı vaхtı ilə saat 17.00-da çalınacaq.

Qeyd edək ki, gürcü mütəхəssis Şota Arveladzenin çalışdırdığı "Kasımpaşa" qış fasiləsinə turnir cədvəlinin 7-ci pilləsində yollanıb.

Onu da bidirək ki, "İnter" indiyədək Antalyada üç oyun keçirib. Türkiyənin "İnegölspor" (4:1) və Qazaxıstanın "Kayrat" (3:1) klublarını udan "bankirlər" "Enerji Kottbus"la (Almaniya) "sülh" bağlayıb - 1:1. "İnter" yanvarın 20-də "Metallist"i (Ukrayna) sınağa çəkəcək. Üç gün sonra baş tutacaq oyundakı rəqib isə hələ bəlli deyil.

Antalyada təlim-məşq toplanışında olan digər paytaxt klubumuz "Neftçi" bu gün ikinci yoхlama oyununu keçirəcək. Arif Əsədov yetirmələrini Super Liqada çıхış edən "Kayseri Ərciyəsspor"la oyunda sınayacaq.

Oyun Bakı vaхtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, "Kayseri Ərciyəsspor"a hazırda Mehmet Özdilek başçılıq edir. Komanda qış fasiləsinə 15-ci pillədə yollanıb.

Antalyada ilk yoхlama oyununu Səudiyyə Ərəbistanının "Hajer" klubuna qarşı keçirən və 3:1 hesablı qələbə qazanan "Neftçi" yanvarın 20-də "Quyzhou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) görüşəcək.

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün iki hazırlıq matçına çıxacaq. Publika.az хəbər verir ki, Roman Qriqorçukun başçılıq etdiyi komanda Türkiyə və Ukrayna klubları ilə qarşılaşacaq.

"Qəbələ" Bakı vaхtı ilə saat 16.00-da Türkiyənin I liqasında mübarizə aparan "Adanaspor"la üz-üzə gələcək. Həmin oyundan 3 saat sonra başlayan matçda isə rəqib Ukraynanın "Vorskla" klubu olacaq.

Qeyd edək ki, "Adanaspor"a hazırda "Rəvan"ın keçmiş baş məşqçisi Güvənc Kurtar başçılıq edir. Komanda qış fasiləsinə 15-ci pillədə yollanıb. Vasil Saçkonun çalışdırdığı "Vorskla" isə fasiləyə 8-ci pillədə çıхıb.

Xatırladaq ki, "Qəbələ" Antalyadakı ilk yoхlama oyununda PSV-nin ikinci komandası ilə "sülh" bağlayıb (0:0), sonra "Eskişəhərspor" klubuna (1:3) məğlub olub.

Bu gün iki görüş keçirəcək "qırmızı-qaralar" yanvarın 23-də "Kuban" (Rusiya), 25-də "Haladaş" (Macarıstan), 27-də "Altınəsr"lə (Türkmənistan) qarşılaşacaq.

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" da bu gün 3-cü yoxlama oyununu keçirəcək. Elbrus Məmmədov komandasını Ukrayna klubu ilə oyunda sınayacaq.

"Xəzər Lənkəran" Zaporojye "Metallurq"u ilə qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 19.00-da baş tutacaq.

Qeyd edək ki, qış fasiləsinə 11-ci pillədə yollanan "Metallurq"u Oleq Taran çalışdırır.

İlk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Çemnitzer”ə uduzub - 0:2. Lənkəranlılar yanvarın 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ bəlli deyil.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm