“Ekvator xəttində” 22 günlük “millətlər məclisi”
Bizi izləyin

İdman

“Ekvator xəttində” 22 günlük “millətlər məclisi”

Bazar günü daha bir böyük turnirə start veriləcək. Afrikanın ən mötəbər yarışı sayılan Millətlər Kuboku keçiriləcək. Ekvatorial Qvineyanın təşkilatçısı olduğu turnirə həmişəki kimi maraq böyükdür. Asiyayla müqayisədə “qara qitə”nin ən nüfuzlu yarışı seleksiyaçıların da diqqətindən qaçmır.

Əvvəlcə turnirin Mərakeşdən Afrikanın mərkəzi ölkəsinə “göndərilməsi” bir az söz-söhbətə səbəb oldu. Amma ölümcül ebola virusunun yayılması və titulun son qalibinin (Nigeriya) seçmə mərhələdə fiaskoya uğraması afrikalıların futbol bayramını korlamayacaq. O olmasın, bu olsun! Turnir keçiriləcək! 16 komanda 4 qrupda mübarizə aparacaq və 22 gündən sonra fevralın 8-də Afrikanın ən güclü millisi müəyyənləşəcək.

Sayca 30-cu turnirin daha maraqlı, dramatik və həyəcanverici keçəcəyi proqnozlaşdırılır. Bəzi aparıcı komandalar və ulduzlar olmasa da, mütəxəssislər yeni futbolçuların parlayacağına zəmanət verir. Həmişəki kimi Fil Dişi Sahili favoritlərdən biri kimi göstərilir, baxmayaraq ki, bu milli böyük turnirlərdə potensialını tam göstərə bilmir.

Əsas favorit isə Əlcəzair hesab olunur. Onların necə komanda olduğunu Brazilyadakı mundialda ruslar, hətta dünya çempionları almanlar da görüb. Baş məşqçi postunda dəyişiklik olsa da (Vahid Həlilhociçi köməkçisi - tanınmış futbolçu Yoan Qurkuffun atası Kristian Qurkuff əvəzləyib), heyət həminki kimi qalıb. Amma bir tendensiya var ki, çox vaxt favoritlər istəyinə çata bilmir. Odur ki, Tunis, Zambiya, Seneqal, Qana kimi özünü təsdiqləmiş millilərin şansı var. Adətən, AMK-da ulduzlar toplusu yox, intizamlı kollektiv uğura sevinir.

A qrupu: Ekvatorial Qvineya, Burkina-Faso, Qabon, Konqo.

Püşkün nəticələrindən çoxları razı qalmamışdı. Çünki ümumi rəyə görə, iki qrupda güclülər, ikisində isə ortabablar yer alıb. Bu mənada A qrupundan ciddi nəsə gözləməyə dəyməz. Burkina-Faso son illərdə qələbələri ya uzatma dəqiqələrində, ya da penalti seriyasında qazanıb. Komandanın iki aparıcı üzvü var - Pitroypa və Traore. “Atlar”ın çıxışı onların oyunundan asılı olacaq. İki il əvvəlki turnirdə bu komandanın maraqlı futbol oynadığını görmüşdük. Amma ortabab elə həmişə ortababdır.

Qabon da nəhəng sayılmır. Amma baş məşqçi Jorje Koştanın ixtiyarında Pyer-Emerik Obameyanq kimi, Avropada məşhurlaşan ulduz var. Yüksək səviyyəsi və sürəti hesabına o, hətta təkbaşına da oyunun taleyini həll etməyə qadirdir.

Ekvatorial Qvineyadan uzun-uzadı danışmağa dəyməz. Əvvəlki oyunlar göstərdi ki, meydan sahiblərinin müdafiə və hücum xəttində ciddi problemlər var. Ev sahibləridir, təşkilatçılıqla məşğul olsunlar, kifayətdir.

Konqo üçün qrupdan çıxmaq böyük uğur sayıla bilər. Qrupdakı son vəziyyəti belə təxmin etmək olar: Qabon və Burkina-Faso ilk yeri tutmağa namizəddir. Konqo onlardan birini sıradan çıxara bilər. Qvineyalılar isə böyük turnirin həyəcanını yaşayacaq.

B qrupu: Zambiya, Tunis, Kabo-Verde, Konqo DR

Bu dörd komandanın heyətində Avropada böyük klubda oynayan futbolçu yoxdur. “Kvartet”in ən güclüsü Tunis hesab olunur ki, onlar da yalnız “Monako“ və “Bordo”da təmsil olunur. Yalnız şimallılar sabit çıxış edir. Zambiya 2012-ci ildə parlasa da, indi qorxulu rəqib sayılmır. Konqolular möhkəm komanda kimi xarakterizə olunur. Amma bir qol buraxan kimi ruhdan düşən komandadır. Kabo-Verdeyə isə rəqibləri mütləq “3 xal” kimi baxır. Bununla belə, hər şey göründüyü kimi olmaya da bilər.

Qrupun favoriti Tunisdir. Digər komandaların qrupdakı son vəziyyətini təxmin etmək çətindir. Qalanları isə həm təəccübləndirə, həm də məyus edə bilər.

C qrupu: Qana, Əlcəzair, CAR, Seneqal

“Ölüm qrupu” məhz belə olur. Komandaların dördü də Afrikanın hörmətli yığmalarındandır. Təəssüf ki, onlardan ikisi qrupda qalacaq. Bu, mütləqdir. Hər birinin müsbət özəlliyi var. Kimin qrupdan çıxacağını demək çətindir.

Qana demək olar ki, 2014-cü ildə keçirdiyi bütün oyunlarda qol vurub. CAR nə rəsmi, nə də yoldaşlıq oyunlarında uduzmayıb. Əlcəzairi DÇ-2014-də gördük və o vaxtdan bəri ciddi dəyişiklik olmayıb (baş məşqçidən başqa). Seneqal da onlardan geri qalmır. Bu komandaların oyunlarında nəticəni və qrupdakı son vəziyyəti də proqnozlaşdırmaq qeyri-mümkündür.

D qrupu: Fil Dişi Sahili, Mali, Kamerun, Qvineya

İkinci “ölüm qrupu”nda müdafiə xətti qeyri-sabit olan 3 komanda var. “Fillər” az qala hər oyun top buraxır. Qvineya seçmə mərhələdə bir dəfə qapısını toxunulmaz saxlayıb. Mali isə böyük hesabları sevir. Ya özü 2-3 top fərqiylə qalib gəlir, ya da qapısından 3 top buraxır. Hər üçünün də hücum xəttiylə bağlı problemi hiss olunmur. Bir sözlə, bizi bu qrupda əyləncəli və məhsuldar oyunlar gözləyir.

İlk baxışdan aşkar favorit görünmür. “Fillər” əvvəlki kimi inadkar deyil. Mali millisi son iki AMK-da 3-cü yeri tutub. Məntiqlə bu dəfə nəticəsini yaxşlaşdırmağa çalışacaq. Kamerun “sirli qutu”ya bənzəyir. Qvineyanın bu “kvartet”də rolunun nədən ibarət olduğunu söyləmək çox çətindir.

Yəqin ki, bizi təəccübləndirəcək nəticələr olacaq bu qrupda.

Bunları bilmək maraqlıdır...

Qitədə minlərlə insanın həyatını itirməsinə səbəb olan ebola virusunun yayılması üzündən Mərakeş və ölkədə siyasi vəziyyətin qarışıq olması səbəbiylə turnirin 7 qat qalibi Misir millilərini Ekvatorial Qvineyanın yaşıl meydanlarında görməyəcəyik.

Son çempion Zambiyanı uğura daşıyan baş məşqçi Herve Renard bu dəfə Fil Dişi Sahili komandasına eyni sevinci yaşatmağa çalışacaq.

“Fənərbaxça”nın seneqallı forvardı Mussa Sou, “Qalatasaray”ın müdafiəçisi Orelyen Şedju, “Trabzonspor” üçün oynayan Yatabare də turnirdə millilərinin şərəfini qoruyacaqlar.

Bir məqamı da diqqətinizə çatdıraq. Turnirin təşkilatçılığının noyabrda Ekvatorial Qvineyaya verilməsi üzündən Bata, Malabo, Monqomo və Ebebiyin şəhərlərində nisbətən sadə bazalar tikildi.

AMK-2015. Təqvim

1-ci tur

17 yanvar

20:00 Ekvatorial Qvineya - Konqo

23:00 Burkina-Faso - Qabon

18 yanvar

20:00 Zambiya - Konqo DR

23:00 Tunis - Kabo-Verde

19 yanvar

20:00 Qana - Seneqal

23:00 Əlcəzair - CAR

20 yanvar

20:00 Fil Dişi Sahili - Qvineya

23:00 Mali - Kamerun

2-ci tur

21 yanvar

20:00 Ekvatorial Qvineya - Burkina-Faso

23:00 Qabon - Konqo

22 yanvar

20:00 Zambiya - Tunis

23:00 Kabo-Verde - Konqo DR

23 yanvar

20:00 Qana - Əlcəzair

23:00 CAR ­- Seneqal

24 yanvar

20:00 Fil Dişi Sahili - Mali

23:00 Kamerun - Qvineya

3- tur

25 yanvar

22:00 Konqo - Burkina-Faso

22:00 Qabon - Ekvatorial Qvineya

26 yanvar

22:00 Konqo DR - Tunis

22:00 Kabo-Verde - Zambiya

27 yanvar

22:00 CAR - Qana

22:00 Seneqal - Əlcəzair

28 yanvar

22:00 Kamerun - Fil Dişi Sahili

22:00 Qvineya - Mali

1/4 final: 31 yanvar - 1 fevral

1/2 final: 4 fevral - 5 fevral

3-cü yer uğrunda oyun: 7 fevral

Final: 8 fevral

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm