Dolmanı erməni yeməyi kimi təqdim edən rus jurnalisti türk futbolçu necə susdurdu?
Bizi izləyin

İdman

Dolmanı erməni yeməyi kimi təqdim edən rus jurnalisti türk futbolçu necə susdurdu?

“Rubin”in türk futbolçusu Karadeniz Gökdəniz Kazanda çox sevilir. Türkiyəli legioner Rusiya mətbuatına verdiyi müsahibədə olduqca maraqlı məqamlara toxunub.

Publika.az 35 yaşı yanvarın 11-də tamam olan Gökdənizin müsahibəsini qısa ixtisarla təqdim edir.

- Gökdəniz, yanvarın 11-də 35 yaşınız tamam oldu. Karyeranızı vərəqləyə bilərsiz…

- Türkiyədə belə deyirlər: “35 yaş ömürün yarısıdı”. 10 il “Trabzonspor”da çıxış etdim, 8 ildi “Rubin”dəyəm. Bu illər ərzində 600-dən çox oyuna çıxdım. Türkiyədə bir neçə kubok qazandım. Rusiyada isə 2 dəfə çempion oldum, Rusiya kuboku ilə yanaşı, 2 superkubok da əldə etdim. Hesab edirəm ki, karyeram uğurlu alınıb.

- Hansı anı “dönüş anı” adlandırmaq olar?

- 2008-ci ili. Onda “Rubin”lə müqavilə bağladım. Bu, olduqca ciddi addım idi. Kazana gələndən sonra mənim 2 övladım dünyaya gəldi. Keçilmiş yola nəzər saldıqda öz-özümə deyirəm: “Gök, sən düzgün qərar qəbul etdin”.

- Seçiminə əsasən nə təsir etdi?

- Əsas səbəb o idi ki, Berdıyev müsəlman idi. Düşündüm ki, onunla bir-birimizi anlayarıq. O vaxt çox götür-qoy etdim. Gizlətmirəm, Tatarıstanın müsəlman respublikası olması seçimimə təsir etdi.

- Azarkeşlər sizi “Rubin”in əfsanəsi hesab edirlər. Bundan sonra da burda qalacaqsız, yoxsa...

- Kazanda qalmaq istəyirəm. Klub rəhbərliyi yeni müqavilə təklif edəcəksə, düşünmədən imzalayacam. Azarkeşlər məndən razıdırsa, karyeramın sonuna qədər “Rubin”də niyə qalmayım ki?

- Hələ neçə il oynamaq istəyirsiz?

- Düşünürəm ki, 3-4 il də davam gətirə bilərəm.

- Karyeranızı bitirəndən sonra da Rusiyada qalmağı planlaşdırırsız?

- Futbolda qalmağı planlaşdırıram. Ancaq bu, hansı statusda olacaq, onu hələ müəyyənləşdirməmişəm. Məşqçi, ya da klub funksioneri kimi də çalışa bilərəm. Bu sualın müzakirəyə ehtiyacı var. Ancaq onu dəqiq bilirəm ki, karyeramı bitirəndən sonra da həyatımı “Rubin”ə bağlayacam.

- Bəs ailəniz?

- Ailəmi də yaşamaq üçün Rusiyaya gətirməyə hazıram.

- Yaxınlarınızı tez-tez görürsünüz?

- Uşaqlar Türkiyədə oxuyur. Tətil vaxtı Kazana gəlirlər. Onlar da mənim kimi, bu şəhəri çox sevirlər. Əsasən də “Kul-Şərif” məscidini və “Kazan-Arena”nı.

- Sizi sədaqətli insan kimi xarakterizə etmək olar. Belə ki, cəmisi 2 klubda çıxış etmisiz. Bu, sizin xarakterinizdən irəli gəlir?

- Hər gün klub dəyişməyə hazır olanlardan deyiləm. Səni burda sevirlərsə və hər şey səni qane edirsə, onda klubu dəyişməyə nə lüzum? “Rubin” və Kazan şəhəri mənim həyatımın bir hissəsidir.

- Son illər vətənə qayıtmaq üçün çox təklif alırsan?

- Demək olar ki, hər il. Türkiyənin 4 nəhəngi - “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” demək olar ki, hər transfer dönəmində mənə təkilf göndərir.

- Necə oldu ki, Kazan azarkeşlərinin ikonası, sevimlisi oldunuz?

- Açığı, azarkeşlərin sevgisini tam mənada qiymətləndirə bilmirəm. Əgər məni Kazanda ikona hesab edirlərsə, onda çalışmaq lazımdı ki, onların bu hörmət və ehtiramına layiq olum. Çalışacam ki, onları məyus etməyim.

- Kapitan sarğısını Kuzminə verdiyi üçün Bilyaletdinovdan incimisən?

- Hazırda bu məqam məni narahat etmir. Düzdür, əvvəlcə incimişdim. Çünki mənə heç nə deməmişdilər. Elə indi də niyə belə addım atdıqlarından xəbərsizəm.

- Kuzmin deyir ki, kapitan sarğısını sizə qaytarmaq istəyib, amma imtina etmisiz. Niyə?

- Çünki bu qərar baş məşqçinindir. Mən isə onu müzakirə etmək istəmirəm. Kuzminə böyük hörmətim var və qeyd etmək istəyirəm ki, bizim münasibətlərimiz əladı. Kuzmin həmişə kürəyini mənə söykəyə bilər. O, mənim kapitanım, mən isə “Rubin”in əsgəriyəm.

- Şəxsən məni türk çayı çox cəlb edir. Sizin sevimli rus təamınız hansıdır?

- Deyə bilmərəm ki, mütəmadi olaraq rus mətbəxinə müraciət edirəm. Ancaq oğlum Toprak şirin düyü kaşasını xoşlayır. Hər gün ondan yeyir. Hətta Türkiyəyə gedəndə də ona kaşa aparıram.

- Ruslar qürbətdə “qreçka” üçün darıxırlar. Avropada bunu tapmaq çətindir. Bəs siz hansı yeməkdən ötrü darıxırsız?

- Həyat yoldaşım gələndə mənə Türkiyədən yemək gətirir. Ancaq onu da deyim ki, Kazanda yaxşı restoranlar var. Üstəlik, “Rubin”in bazasında da əla yeməklər hazırlayırlar.

- “Rubin”in aşpazlarının hazırladığı ən dadlı yemək hansıdır?

- Onların hazırladığı borş möhtəşəmdir. Borşa bir az smetan əlavə edirəm. Onu belə dadlı ancaq burda hazırlayırlar.

- Yəqin ki, Türkiyəyə təlim-məşq toplanışına gedəndə daha çox sevinirsiz. Axı onda sevimli yeməklərinizdən dadırsız...

- Düz deyirsiz, doğma yeməklər 100 dəfə dadlıdır. Ona görə də İspaniyada olan toplanışları sevmirəm. Orda demək olar ki, ac qalıram. Gizlətmirəm, Avropaya gedən kimi orda ilk növbədə türk restoranı axtarıram.

- Ruslara Türkiyədə hansı yeməklərdən dadmağı məsləhət görərdiz?

- Onların sayı olduqca çoxdu. Trabzonda olsanız akçaabat köftəsi yeyin. Onun xüsusi dadı var. Bir də əlbəttə ki, dolmanı məsləhət görərdim.

- Dolma ki erməni yeməyidi...

- Yox, dolma türk yeməyidir. Ermənilər onu oğurlayaraq öz mətbəxlərinə əlavə ediblər.

- Bəs şirniyyatlardan?

- Bütün şirniyyatlar dadlıdır, xüsusən də paxlava.

- Bədəninizdə tatu görürəm. Orda nə yazılıb?

- Böyük qızımın adını yazmışam. Oğlanlarımın və həyat yoldaşımın da adlarının yazıldığı tatu var. Kürəyimdəki tatu isə “Rubin”in şərəfinədir.

- Saqqalınız çox uzanıb. Həyat yoldaşınız qorxmur?

- Yox, bu onun xoşuna gəlir. Deyəsən, hələ saqqalı bir qədər də uzadacam. Təkcə kiçik oğlum saqqaldan xoşlanmır. O, məni itələyir.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm