“Milan”ı batıran üç adam
Bizi izləyin

İdman

“Milan”ı batıran üç adam

İtaliyada mövsüm yarılanıb. Birinci dövrədə yadda qalan xeyli məqam olsa da, bir komandanın çöküşü xüsusi diqqət çəkir. İki ildir özünə gələ bilməyən “Milan” 19 turdan sonra 26 xal toplayaraq, turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Deməli, ötən mövsümdən bu yana heç nə dəyişməyib.

“Rossonyerlər” 2013/14 mövsümünü də 8-ci yerdə tamamlayaraq, son 16 ildə ilk dəfə avrokuboklardan kənarda qalmışdı. Bu məqam azarkeşləri onsuz da məyus etmişdi. Cari mövsümdə yaşanan böhran isə onları hövsələdən çıxarıb.

Əslində dəyişən çox şey var. Birinci növbədə baş məşqçi postundakı dəyişikliyi qeyd etmək lazımdır. Filippo İnzaginin debütü pis alınmasa da, sonradan işlər düyünə düşdü. Son turda “Atalanta”ya məğlubiyyət isə “qara-qırmızılar”ın qələbəsizlik seriyasını 4 oyuna çatdırdı. Həyəcan təbilinin çalınması normaldır.

Dekabrın ortalarında “Napoli” üzərindəki qələbədən (2:0) sonra çoxları komandanın düz yolda olduğuna inanmışdı. İnzaqinin uğura gedən yolu tapdığını düşünmək olardı. Amma sonra nəsə baş verdi. Nə? Bu sualın cavabını üç nəfərdə axtarmaq lazımdır. Çünki “Milan” bu il də avrokuboksuz qalmaq təhlükəsiylə üz-üzədir.

Özünü “yandıran” İnzaqi

“Milan” fanatları üçün Filippo İnzaqi bütləşmiş biridir. Futbolçu kimi “SuperPippo” qara-qırmızı formada əlindən gələni edib. Oynadığı futbol klubun tarixinə düşmək üçün yetərli olub. O, məşqçilikdə də uğurlu olacağını hesab edirdi. Amma deyəsən bir az tələsib.

Təcrübə göstərir ki, məşqçiliyə aşağı ranqlı komandalardan, hətta B seriyasından başlamaq daha məqsədəuyğundur. Pippo isə birbaşa “Everest”ə qalxmağa cəhd etdi. Və çox güman ki, özünü “yandırdı”.

Təsadüfi deyil ki, İtaliya mətbuatı artıq bir neçə həftədir onun istefasını müzakirə edir. Azarkeşlər və mütəxəssisləri yalnız İnzaqinin mövsümün sonuna qədər postunda qalması təəccübləndirə bilər.

Qallianini Qalliani edən büdcə imiş

“Milan” Silvio Berluskoninin nəzarətindən çıxandan sonra komandaya Siciliyanın mafiya başçılarının görkəmində olan Adriano Qalliani rəhbərlik edir. Onun 20 ildir işinin öhdəsindən layiqincə gəldiyini söyləmək olar. Buna sübut kimi qazanılan 8 skudetto və 5 Çempionlar kubokunu göstərmək olar. Nəticə superdir. Amma klubun sahibi maliyyə dəstəyini minimuma endirən kimi hətta dahi Qalliani də çarəsiz qalıb. O, var-dövlət içində işləməyə alışıb. Böhranda olan komandanın vitse-prezidenti kimi isə faydasız biri imiş.

Montolivo kapitan sarğısına layiq deyil

Ötən bazar 30 yaşını qeyd edən Rikardo Montolivo “Milan”ın kapitanıdır. Hücumameylli yarımmüdafiəçi cari mövsümü olduqca zəif keçirir. Bir az sərt desək, kapitanlıq sarğısına layiq oynamır. Bunu DÇ-2014 ərəfəsində aldığı ciddi zədənin təsiriylə də bağlamaq olar. Onun qayıdışıyla da komandanın çıxışındakı ab-hava dəyişmədi. Hər halda, A seriyasının 7 matçında Montolivo meydanda olub. Onun iştirak etdiyi 3 səfər qarşılaşmasında “rossonyerlər” qələbə qazanmayıb. Rəhbərlik isə ondan daha keyfiyyətli oyun gözləyir. O, kapitan kimi meydanda döyüşməlidir. Amma mütəxəssislərin fikrincə, o, ehtiyatlı oynayır, sanki nədənsə çəkinir, sərt mübarizələrə baş qoşmur.

Kapitan komandanı arxasınca aparmalıdır, lider olmalıdır. Bəlkə indi zədələr Montolivoya tam gücüylə oynamağa imkan vermir. Bəlkə də yaxın vaxtlarda o, potensialını tam ortaya qoyacaq. Amma bunun cari mövsümdə baş verəcəyinə heç kim inanmır. O, “Milan” kimi nəhəng komandanın kapitan sarğısını daşımağa layiq deyil. Ən azı indiki dövrdə.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm