Olimpiya mükafatçımız: “Pulsuzluq idmançıların ümidini qırmamalıdır”
Bizi izləyin

İdman

Olimpiya mükafatçımız: “Pulsuzluq idmançıların ümidini qırmamalıdır”

Son vaxtlar Azərbaycan Cüdo Federasiyasında axsamaların olması barədə məlumat vermişdik. İdmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də böyük narazılıqlar yaratmışdı. Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub.

Qarşıdan İlk Avropa Oyunları gəlir. Bu mötəbər yarışa qədər, demək olar ki, keçirilən bütün beynəlxalq turnirlərdə fiaskoya uğrayan cüdoçularımız nə düşünür?

Keçmiş cüdoçu, olimpiya çempionu Elnur Məmmədli vitse-prezidenti olduğu qurumun əvvəlki dönəminə qaytarılması üçün çalışdıqlarını demişdi:

“Tez bir zamanda problemlərin səbəbini öyrənib, həll etməyə çalışacağıq. Hamımız çalışacağıq ki, millinin əvvəlki səviyyəsini qaldıraq. Bu, çox vacibdir”. (http://publika.az/p/41162)

Keçmiş cüdoçu, İlk Avropa Oyunlarında Azərbaycanı samboda təmsil etməyə hazırlaşan Mövlud Mirəliyev federasiyanın və millinin durumu ilə bağlı danışıb. (http://publika.az/p/61014) O, açıqlamasında maliyyə problemi üzündən ümidsizliyə qapılmamaq lazım olduğunu deyib:

"Bizim vaxtımızda da maliyyə problemləri olub. Ancaq bu, cüdoçuların ümidini qırmırdı. Döşək üzərinə çıxanda hər şey yaddan çıxırdı, mübarizəyə davam edirdik. Hətta maliyyə problemləri üzündən yarışa 10 yox, 5 cüdoçuyla getdiyimiz vaxtlar olurdu. Amma nəticə ilə gəlirdik. İndi federasiyanın bu cür probleminin olması idmançılarımızın mübarizə əzmini qırmamalıdır. Qarşıda İlk Avropa Oyunları bizi gözləyir. Bir il sonra isə Yay Olimpiya Oyunları keçiriləcək. Mübariz olmaq, çalışmaq lazımdır".

Qeyd edək ki, bu il Azərbaycan yığması bir sıra irimiqyaslı yarışlarda iştirak edəcək. Rioda keçiriləcək Olimpiadaya lisenziya almaq baxımından yarışlarda toplanılan reytinq xallarının əhəmiyyəti qat-qat böyükdür. Builki yarışların təqvimində dörd “Böyük dəbilqə” turniri, on Qran-pri və çoxsaylı dünya kubokları nəzərdə tutulur. Yeni mövsümdə də komandamız dəfələrlə başqa ölkələrə səfər etməli olacaq. Cari ilin təqvimindəki əsas fərqlərdən biri ondan ibarətdir ki, fevralın 20-22-də Düsseldorfda keçiriləcək Qran-pri bu il üçün planlaşdırılan ilk böyük turnir olacaq.

Komandanın prioritet hədəfləri Qlazqoda keçiriləcək Avropa çempionatı, Azərbaycanda “Böyük dəbilqə” turniri, Bakıda Avropa Oyunları və Astanada dünya çempionatidir.

Olimpiadaya lisenziyaların reytinq əsasında verildiyini nəzərə alsaq, yığmamızın məşqçilər qərargahı yeni mövsüm üçün bütün strategiyanı hərtərəfli bölüşdürməlidir. Hər kateqoriyada 16 ən yaxşı cüdoçunun iştirakı ilə keçirilən “World Masters” turniri birillik fasilədən sonra yenidən təqvimə daxil edilib.

Növbəti turnir mayın axırlarında Mərakeşdə keçiriləcək. Ənənəyə görə, mövsümün ikinci yarısında bütün böyük turnirlər Asiyada keçiriləcək. Cüdoçular Özbəkistanda, Çində və Koreyada Qran-pri yarışlarında qarşılaşacaqlar, mövsümün final akkordu isə dekabrın 4-6-da Tokioda planlaşdırılan “Böyük dəbilqə” turniri olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm