Raul etiraf etdi: “Bizim “Qalaktikos” Avropada titul qazana bilmədi”
Bizi izləyin

İdman

Raul etiraf etdi: “Bizim “Qalaktikos” Avropada titul qazana bilmədi”

Dünyanın ən populyar klublarından biri Madrid “Real”ıdır. Bu komandanın planetin hər yerində pərəstişkarı var. Bu gün “Real” deyəndə dərhal ağıla Kriştiano Ronaldo gəlir. Onun liderliyi heç kimdə şübhə doğurmur. Amma 10 il əvvəl hər şey fərqli idi. 2000-ci illərdə “Real”ın bir rəmzi vardı - Raul Qonzales. Madridli azarkeşlər hətta bəzən “Real Madrid”i “Raul Madrid” deyə çağırırdılar.

10 il ərzində çox dəyişikliklər baş verdi. Raul Madridi tərk edəndən sonra tədricən unudulmağa başladı. Amma o, sadiq “Real” fanatları üçün həmişə klubun rəmzi olaraq qalacaq. Bugünlərdə İspaniya futbolunun əfsanələrindən biri ABŞ kanallarından birinə müsahibə verib. Karyerasını vərəqləyən Raul “Qalaktikos” məsələsinə də toxunub və “Kosmos”dakı planlarından danışıb.

- “Qalaktikos” dövründən “Real”da yadınızda qalan ən yaxşı xatirə hansı olub?

- Onda əvvəlcə “Qalaktikos”un yaranmasını xatırlayaq. 2000-ci ildə Luiş Fiqu bizə qoşuldu. Sonra Zinəddin Zidan gəldi və birlikdə “Real” üçün 9-cu Çempionlar kubokunu qazandıq. Dəqiq tarix yadımda deyil, amma deyəsən, Devid Bekhem də gələndən sonra bizi “Qalaktikos” adlandırmağa başladılar. Həmin vaxt artıq braziliyalı Ronaldo da komandada idi. Amma bu heyətlə biz avrokuboklarda titul qazanmadıq. Bu faktdır. Halbuki azarkeşlər bizdən böyük zəfərlər gözləyirdi. Məsələn, Bekhem bir dəfə İspaniya çempionu oldu. O da gedənə yaxın. Bircə dəfə. Bu həmin mövsüm idi ki, baş məşqçimiz Fabio Kapello Devidin onun komandasında oynamayacağını demişdi. 2007-ci il idi səhv etmirəmsə...

- O “Real”ı indikiylə necə müqayisə etmək olar? Bu komanda yaxınlarda ardıcıl 22 qələbəylə İspaniya futbolunda rekord qırdı.

- İndiki komandanın möhtəşəm olduğunu demək lazımdır. Amma müqayisəni sevmirəm. Çünki hər dövrün öz tələbləri var.

-Yalnız bir mövsüm oynamaq imkanı qazandığınız Kriştiano Ronaldo haqda nə deyə bilərsiz?

- Onu deyim ki, karyeram ərzində onun kimi fiziki cəhətdən güclü tərəfdaşım olmayıb. O, inanılmazdır. Amma məşqlərinin tempinə baxanda bunu normal qarşılamaq lazımdır. Ronaldo bazaya hamıdan birinci gəlirdi. Bütün diqqətini hamıdan yaxşı olmağa yönəldirdi. O, “Mançester Yunayted”dən “Real”a a böyük həvəslə gəlmişdi. Düşünürəm ki, Kriştiano hazırda karyerasının zirvəsindədir. Baxmayaraq ki, İngiltərədə də əla çıxış edirdi.

- Komandanız olsaydı, hansını götürərdiz: Messini, yoxsa Ronaldonu?

- Hər ikisini.

- Sizcə, onlar Maradona və Pele zirvəsini fəth edib?

- Onların səviyyəsinə çatmaq üçün nə lazım olduğunu kim müəyyənləşdirir ki? Məsələn, mən Maradona və Peleni özümə ideal sayıram, başqası Kroyffu seçir, müasir dövrdə isə çoxları Zidanı əlçatmaz hesab edir. Əminəm ki, Ronaldo və Messi də seçilmiş dahilər sırasında olacaq. Bəziləri bunun üçün onların dünya çempionu olmasını mütləq sayır. Bəziləri isə bu fikirlə razılaşmır. Amma onların “Real” və “Barselona”da etdiklərinə fikir verin. Futbol tarixində heç kim onlar kimi bir klubda belə silinməz izlər buraxmayıb.

- İspaniya millisinin ən yaxşı dövrünün iştirakçısı olmadığınız üçün təəssüflənirsiz?

- Mən DÇ-2006-dan sonra milliylə vidalaşdım, iki il sonra İspaniya Avropa çempionu oldu. Əlbəttə, təəssüfləndim. Amma bu, Luis Araqonesin fikri idi və ona hörmət etdim.

- Nyu-Yorka alışa bilmisiz?

- Dünyanın ən gözəl şəhərlərindən biridir. Burada hər şey yüksək səviyyədədir: idmanı, mədəniyyəti, təhsili və həyat tərzini nəzərdə tuturam. “Kosmos”la müqavilə bağladığım üçün şadam. ABŞ-ın ən köklü klublarındandır. Burada iz qoymaq niyyətindəyəm. Təcrübəmi gənclərlə bölüşmək, klubun inkişafına töhfəmi vermək istəyirəm. Uzun müddət burada qalmağı planlaşdırıram.

- Hədəfiniz MLS-ə yüksəlməkdir?

- Əslində Nyu-Yorka gəlməyimin MLS-lə xüsusi əlaqəsi yoxdur. İlk növbədə mənim üçün klub, onun tarixi və yeni layihələri vacibdir. Gələcəkdə nələr olacağını isə zaman göstərəcək.

- “Nyu-York Siti” ilə anlaşan David Vilyayla görüşmüsüz?

- Onun da burda olduğunu bilirəm. Amma hələ görüşməmişik. Tezliklə bir araya gələcəyik yəqin ki. O, əla oğlandır. Yeni təcrübə onun ürəyincə olacaq. “Nyu-York Siti” rəqabət aparmaq və qələbələr qazanmaq üçün yaradılıb. Məncə, David İspaniyada əldə etdiyi nailiyyətləri burada da təkrarlayacaq.

- Nyu-Yorkun küçələrində sizi tanıyırlar?

- İnanın ki, burada dincəlirəm. Bəzi məqamlarda özümü anonim adam kimi hiss edirəm. Bu mənada bəxtim gətirib. Məsələn, Almaniya və Qətərdə belə rahat gəzə bilməzdim. Ailəmlə ətrafdakılara fikir vermədən gəzməyi xoşlayıram. Amma buranın insanları Avropa futbolunun azarkeşidir.

- Vaxtilə Pele və Frans Bekkenbauer də “Kosmos”da top qovub. Bu klubda cəlbedici nə var?

- Klubun zəngin keçmişə malik olması həmişə vacib rol oynayır. İndi komandanın qarşısında yeni səhifə açılır. Çoxları klubun əvvəlki günlərinə qayıdacağına inanmır. Amma biz yeni tarixi yazmağa çalışacağıq. Təkcə ABŞ-da yox, bütün dünyada bu klubu tanıtmaq niyyətindəyik.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm