“Qəbələ”nin keçmiş baş məşqçisi limitdən danışdı və... yol göstərdi
Bizi izləyin

İdman

“Qəbələ”nin keçmiş baş məşqçisi limitdən danışdı və... yol göstərdi

"Qəbələ"nin keçmiş baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Hazırda "Mordoviya"nı çalışdıran mütəxəssis müsahibəsində Rusiya futbolunun bir sıra problemlərinə, o cümlədən limit məsələsinə də toxunub. Bu problemlərin Azərbaycan futbolu üçün də xarakterik olduğunu nəzərə alıb, Syominin müsahibəsini qısa ixtisarla təqdim edirik.

- Yuri Pavloviç, məzuniyyəti necə keçirdiniz?

- Sanatoriyada istirahət etdim. Orda bərpa olunmaq üçün hər cür şərait var idi. Mineral su içdim, rejimə ciddi əməl etdim.

- Bəs yeni ili harada qarşıladız?

- Bayramı şəhər kənarındakı evdə, ailəmlə birgə keçirdim.

- Bayram gecəsi nə işlə məşğul olduz?

- Televizora baxdım, prezidentin çıxışına qulaq asdım. Ancaq onu deyim ki, telekanalların bayram proqramları məni qane etmədi. Hamısı bir-birinin təkrarı idi. Ona görə də elə "birinci kanal"da qaldım.

- Ola bilər ki, bayramda gözlənilməz hədiyyə almısız?

- İndi bizim üçün ən gözlənilməz hədiyyə sabitlikdir (gülür).

- Keçək futbola. "Mordoviya"nın hazırlığı necə keçir?

- Əla! Yaxşı hava şəraiti hökm sürür və məşğələlər əla şəraitdə keçir. İstirahətdən sonra futbolçular yaxşı vəziyyətdə gəlib. İlk məşqlər göstərdi ki, məzuniyyətdə uşaqlar istirahətə deyil, həm də formanın saxlanmasına vaxt ayırıb. Ümumiyyətlə, təlim-məşq toplanışına sıfırdan başlamamışıq.

- Məşq prosesinə baxışınız da maraqlıdır...

- Futbola hər kəsin fərqli baxışı var. "Mordoviya"ya gündə iki dəfə məşq keçirəm. Bir halda ki, biz futbol oynayırıq, onda məşğələlər də rejimlə, oyun planına uyğun keçirilməlidir.

- Trenajor zalına yetirmələriniz məcburi şəkildə daxil olmalıdı?

- Yox, zalın xidmətlərindən həmişə yararlanmırıq. Digər məşğələlər də var ki, zalda yerinə yetirilən təmrinləri əvəzləməyə qadirdir.

- "Mordoviya"nın yarımmüdafiəçisi Aleksey İvanov bildirib ki, komanda çempionatı 7-ci pillədə başa vurmağı hədəfləyib. Bu, nə qədər realdır?

- Hesab edirəm ki, çempionatın yekunlarına görə "Mordoviya"nın 7-ci yeri tutması mümkündür. Qarşıda 13 çətin oyun var. Lakin biz buna qadirik. Birinci mərhələdə "Mordoviya" çox ləyaqətlə mübarizə apardı. Komandanın öz siması var ki, bu da vacib amildir. Futbolçular öz imkanlarının maksimum həddində oynayırdılar. Onlar məcbur etdilər ki, Premyer Liqada bizə hörmət etsinlər. Ən başlıcası isə odur ki, azarkeşlərimiz komandadan məmnundur.

- Sizin komandanın qapıçısı Anton Koçenkov deyib ki, yığmaya yalnız ilk beşlikdə qərarlaşan komandanın heyətindən düşmək olar. Bununla razısız?

- Yox, bu düzgün deyil. İstənilən komandanın heyətindən yığmaya düşmək olar. Bu, futbolçunun özündən daha çox asılıdır. Futbolda belə hallar olur. Yadıma Viktor Kolotov düşür. SSRİ yığmasına "Rubin"dən çağırılırdı. Əsl istedadı məşqçi həmişə tapacaq, hansı komandada oynamasından asılı olmayaraq. Klubda özünü parlaq şəkildə göstərmək lazımdır, onda yığmanın qapıları sənin üçün açılacaq.

- Maliyyə sferasında Rusiyada qeyri-sağlam maliyyə vəziyyəti yaranıb. Elə dünyada da belədi. Bu problem "Mordoviya"da özünü göstərir?

- Böhran bu və ya digər dərəcədə hər kəsə təsir edir. Həm biz, həm də rəhbərlik çalışır ki, bunun təsiri çox güclü olmasın. Hamı yaxşı başa düşür ki, oyunçunun ailəsi var. Həm də futbolçu karyerası qısadı. Futboldan sonrakı həyat üçün oyunçulara pul qazanmaq vacibdir. Çətinliklər hamıda olacaq, amma hansı yollasa onlardan qaçmaq lazımdır. Amma istənilən halda, futbolçular müqavilədə qeyd olunan şərtlərin yerinə yetirilməsini tələb etmək hüququna malikdirlər.

- Bu gün müzakirə olunan əsas mövzulardan biri də limit məsələsidir. Rusiya Futbol Federasiyası 10+15 variantını qəbul edib. İndi dövlətin qərarını gözləyirik. Siz bu məsələyə necə yanaşırsız?

- Heç bir limit futbolun inkişafına kömək etməyəcək. Problemi yalnız ölkənin bütün regionlarında uşaq-gənclər futbolunun inkişafına diqqəti artırmaqla həll etmək olar. Bunun üçün biz KXL-in (Kontinental Xokkey Liqası) yolu ilə getməliyik. Bu təşkilatın sükanı arxasında böyük adamlar durur. Problemləri dövlət səviyyəsində həll edə biləcək adamlar. RFİ prezidenti nə vaxt bunu edə biləcəksə, onda irəli getmək mümkün olacaq.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm