• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Məhəmməd Əli, Tayson, Cabbar, Anri, Abidal, Abel Şavyer - onları nə birləşdirir?

  • İdman
  • 24 Yanvar 2015 10:09
  • 2 506 Baxış
Məhəmməd Əli, Tayson, Cabbar, Anri, Abidal, Abel Şavyer - onları nə birləşdirir?

İdmançılar karyerası və uğurları ilə yanaşı, gündəlik həyat tərzləri ilə də diqqət mərkəzində olur. Onların dinini dəyişməsi hallarına da rast gəlirik. İslamdakı qaydalar başqa dinə mənsub insanları daha çox çəlb edir. Məşhur idmançıların bəziləri müsəlmanlığı həbsdə olarkən qəbul edib. Bunlar sırasına Məhəmməd Əli, Mayk Tayson kimi tanınmış simalar daxildir.

Publika.az dinini dəyişib islamı seçən tanınmış idmançıları təqdim edir:

İslamı seçən idmançılar dedikdə ağıla gələn ilk ad boksçu Məhəmməd Əlidir.

1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində Kassius Marsellus Kley adı ilə dünyaya gələn əfsanəvi boksçu 1964-cü ildə ağır çəkidə dünya çempionu olduqdan sonra iki vacib qərar verdi.

Dinini dəyişdirərək müsəlman olan Kley “Qara müsəlmanlar” adlı İslam təşkilatına qatılmağa qərar verdiyini və artıq təşkilatın lideri Aliya Məhəmmədin (Elijah Muhammad) ona verdiyi Məhəmməd Əli adı ilə xatırlanmaq istədiyini açıqlayır.

Aliya Məhəmməd (Elijah Muhammad) “Nation of Islam” (qısaca NOI) deyilən Amerika təşkilatının rəhbəri idi. Bu təşkilat islam ənənələrinə tam uyğun deyildi və üzvlüyə yalnız qaradərililəri qəbul edirdi. Kassiusu “NOI” təşkilatı ilə oranın ən fəal üzvü və özünün yaxın dostu Malkolm X (Malik əl-Həcc Şahbaz) tanış etmişdi. Bundan sonra boksçunun əksər təşkilat üzvləri kimi “X” soyadını götürməyi gözlənirdi. (“X” və ya “Eks” yəni “məchul, naməlum”).

Amerikadakı qaradərililər bu sonluğu ağların onlara verdiyi soyaddan imtina etmək üçün adlarına əlavə edirdilər. (Əgər kimsə təşkilata daxil olurdusa və onun orda heç bir adaşı yox idisə, onda o, sərbəst X soyadını götürə bilərdi, əgər onun adda artıq bir üzv var idisə, onda 2X, 2 başqa üzv olduğu halda isə 3X və s. soyadını götürürdü). Sonda isə Kassiusa Əli soyadının verilməsi qərarı verildi.

Qısa müddət sonra Əlinin dostu Malkolm “NOI” təşkilatını tərk edir və ənənəvi İslamı - sünniliyi qəbul edir. Bu addımından sonra boksçunun dostu elə təşkilatın üzvləri tərəfindən də güllələnərək qətlə yetirilir.

Üstündən 10 il keçdikdən sonra isə Məhəmməd Əli artıq ikinci dəfə dostu Malkolmun hərəkətini təkrarlayaraq ənənəvi müsəlman olur. Yəni 1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli islam cərəyanı olan sünni təriqətinə mənsub olduğunu bildirir. O, İslam dinini qəbul etməsini həyatının ən böyük uğuru adlandırır. “Mənə yenidən dünyaya gəlmək qismət olsaydı, bu dini 10 yaşımda qəbul edərdim” deyə açıqlamalarının birində bildirmişdi.

O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81+ kq) boks yarışlarında qalib gəlib. 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub.

Mayk Tayson da İslamı qəbul edib. Əsl adı Maykl Cerard Taysondur. O, 1966-cı il iyunun 30-da Nyu-Yorkun Bruklin əyalətində anadan olub.

1995-ci ildə həbsdə ikən İslamı qəbul edib. 20 ildən çoxdur İslam dininə sitayiş edən Mayk Malik Əbdüləziz adını götürüb.

İlk 39 görüşdə bütün rəqiblərini məğlub edib. Ümumilikdə isə 58 görüşdən 50-də qalib gəlib.

Entoni Mandayin 1975-ci il mayın 21-də Avstraliyanın Nyutaun şəhərində anadan olub. Boksçu kimi məşhurlaşsa da, eyni zamanda reqbi ilə məşğuldur. 1999-cu ildə İslamı qəbul edib. Peşəkar rinqdə keçirdiyi 43 görüşün 40-da qalib gəlib.

Boksçu Kris Yubenk 1966-cı ildə avqustun 8-də Londonda anadan olub. Müharibə əleyhinə keçirilən aksiyaların aktiv iştirakçısıdır. 1997-ci ilin martında İslamı qəbul edib. Peşəkar rinqdə 52 döyüş keçirib. Bu döyüşlərdən sadəcə 5-də məğlub olub və 2 görüşdə heç-heçəyə razılaşıb.



Denni Uilyams 1973-cü il iyulun 13-də Londonda anadan olub. Boksun məşhur simalarındandır. Peşəkar rinqdə 51 görüş keçirib, 41-də qalib gəlib. Boksçu 2004-cü ildə Mayk Taysonu məğlub edərək qəzet manşetlərində yer alıb. O da İslamı seçib və təbliği üçün çalışıb.

1969-cu il təvəllüdlü Larri Conson məşhur basketbolçu olmasa da, xeyli uğurları var. “Şarlott Hornets” və “Nyu-York Niks” klublarında çıxış edib. İslam dinini qəbul etməsində Ramazan ayının əsas rol oynadığını bildirib.

Məşhur NBA basketbolçusu Ferdinand Luis 1946-cı il aprelin 16-da anadan olub. “Los Anceles Leykers” komandasında 14 il forma geyib. Karyerası ərzində aktivinə 38387 xal, 17440 ribaund yazdırıb. 1971-ci ildə İslamı qəbul etdikdən sonra Kərim Əbdül Cabbar adını götürüb. Bilməyənlər üçün deyək ki, Cabbar Brüs Li ilə birlikdə 1978-ci ildə “Ölüm oyunu” filminə çəkilib.

Futbolun ən tanınmış simalarından Kanute 1977-ci il sentyabrın 2-də Fransanın Lion şəhərində kasıb ailədə anadan olub. Əsl adı Frederik Omar Kanutedir. 16 illik klub karyerası ərzində 564 matçda 215 qola imza atıb. Karyerasının zirvəsinə “Sevilya”da çatıb. Hücumçu mövqeyində oynamış keçmiş oyunçu futbol dünyasının müsəlman ulduzlarındandır.

20 yaşlarında İslamı qəbul edib və təbliği üçün çalışıb. Kanute müsəlman olduqdan sonra qazancının çox hissəsini kasıb ailələrə bağışlayıb. O, Anelkanı İslam dininə dəvət edib. Lakin onun İslama dəvət etdiyi tək Anelka olmayıb.

Nikolya Anelka 1979-cu il martın 14-də anadan olub. Futbolçu kimi “Arsenal”da parlayan (1997–1999) fransız forvard 2004-cü ildə islam dinini qəbul edib. Müsəlman olduqdan sonra adını Abdul-Salam Bilal kimi dəyişdirib.

Qeyd edək ki, bugünlərdə məşhur hücumçu Nikolya Anelkanın Əlcəzair klubuna keçəcəyi xəbəri yayılmışdı. 35 yaşlı veteran futbolçunun “Hüseyn Dey”ə keçidi baş tutmayıb. Əlcəzair Futbol Federasiyası yaş məhdudiyyətinə Anelkanın bu klubda oynamasına icazə verməyib.

Tyerri Anri Fransa futbolunun əfsanəsi olub. Həyatını futbola bağlayıb. “Titi” ləqəbi ilə tanınan futbolçu İslam dinini 2006-cı ildə qəbul edib. Buna görə o, həyat yoldaşından boşandıqdan sonra dinə uyğun olaraq mehriyyə ödəyir. Məvacibinin böyük bir qismini həyat yoldaşına verir.

Anri “Əl-Cəzirə” kanalına verdiyi müsahibədə bildirib ki, onda dostları Erik Abidal və Frank Riberi bu dinə maraq oyadıblar:

“Onlarla söhbət edərkən mən özümü İslama yaxın hiss etdim və bütün qəlbimlə bu dinə bağlandım. İslam mənim üçün hər şeydən üstün oldu”.

İslama üz tutandan sonra Anri hər dəfə qol vurandan sonra səcdə edir.

Erik Abidal 1979-cu il sentyabrın 11-də Fransanın Lion şəhərində anadan olub. 6 il “Barselona” (2007-2013) klubunda müdafiə xəttinin əsas simalarından biri olub. Uşaq yaşlarında İslama böyük rəğbəti olub.

Əlcəzairli Hayet Kebir adlı bir qadını sevdiyi üçün İslamı qəbul edib. Bundan sonra onunla 2007-ci ildə evlənə bilib. Daha sonra Bilal adını götürüb. Onun toy mərasimi məhz müsəlman qaydalarına uyğun keçirilib.

Bu il karyerasını başa vuran Abidal uzun müddət xərçəng xəstəliyinə qarşı mübarizə aparıb və bu mübarizədən qalib çıxıb.

Frank Riberi 1983-cü il aprelin 7-də Fransanın Bulon-sür-Mer şəhərinin Pa-de Kale əyalətində anadan olub. O, “Bavariya”nın aparıcı futbolçularından biridir. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub. Hazırda isə Bilal Riberi iki uşaq atasıdır.

Abel Şavyeri, yəqin ki, xatırlayırsız. Ekzotik saç düzümüylə azarkeşlərin yaddaşına həkk olunan portuqaliyalı veteran futbolçu “PSV”, “Everton”, “Liverpul”, “Roma”, “Midlsbro” və “Qalatasaray” kimi klublarda oynayıb. Şavyer 2003-cü ildə İslamı qəbul edəndə Türkiyədə oynayırdı. O, dinin dəyişməsinin səbəbi kimi, islamın sülh, azadlıq, bərabərlik carçısı olduğunu göstərib. 42 yaşlı keçmiş futbolçu hazırda da İslamla bağlı bütün aksiyalarda iştirak edir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR