• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu “Roman” da belə bitdi

  • İdman
  • 26 Yanvar 2015 10:57
  • 499 Baxış
Bu “Roman” da belə bitdi

Parlamadan sönən ulduz: Rikelme futbolla vidalaşdı

Argentinanın futbol ənənələri çox zəngin olub. Bu ölkədən neçə-neçə istedadlar çıxıb. Amma əvvəllər bir tendensiya yaranmışdı. Ki, hər parlayan ulduzu Maradonayla müqayisə etməyə çalışırdılar. Bir gün, beş gün, sonra məlum olurdu ki, Dieqoya oxşamaq o qədər də asan deyil. Düzdür, Lionel Messi peyda olandan sonra artıq belə müqayisələr yoxa çıxdı. Gələk mətləbə.

Vaxtilə Maradonayla müqayisə edilən daha bir futbolçu var idi ki, bu günlərdə karyerasını başa vurduğunu bəyan edib. Argentinada onu əfsanə adlandırırlar. Bəlkə də haqlıdırlar. Amma biz Avropada özünü təsdiqləməyənə əfsanə demirik.

Xuan Roman Rikelme adı futbol həvəskarlarına yaxşı tanışdır. Hər halda, onun yolu nə vaxtsa “Barselona”dan keçib. Bir mövsüm Kataloniya klubunda top qovub.

1996-cı ildə karyerasına start verən Rikelme cəmi dörd klubda oynayıb: “Boka Xuniors”, “Barselona”, “Vilyarreal” və “Argentinos Xuniors”. Onun uğur kolleksiyasında beş dəfə Argentina çempionluğu, Libertadores kubokunda 3 qələbə, bir qitələrarası kubok və bir Argentina kuboku var. Milli komandada 51 oyun keçirən Roman 17 qol vurub. Maradonanın davamçısı kimi göstərilən Rikelme milli karyerasını 2008-ci ildə məhz Dieqo Maradonanın baş məşqçi postuna təyinatından sonra başa vurdu.

Gördüyünüz kimi, onun əsas uğurları Argentinayla bağlıdır. Halbuki “Barselona” onu böyük ümidlərlə transfer etmişdi. Kataloniyada ona yeni Rivaldo kimi baxırdılar. Amma bir mövsümdən sonra onun bu işin öhdəsindən gələ bilməyəcəyi məlum oldu. O, özünü Avropada tapa bilmədi. Daha doğrusu, tapdı, amma ortabab klubda. “Vilyarreal”da 4 il oynadı. Komandanın liderlərindən birinə çevrildi. 106 oyunda 36 qol vurdu. “Sarı sualti qayığ”ın 2000-ci illərdəki yüksəlişində məhz Rikelmenin də əvəzsiz xidmətləri vardı.

Avropanı çox erkən tərk edən Roman vətəninə qayıdandan sonra uzun müddət “Boka Xuniors”un uğurları üçün tər tökdü. Karyerasının sonlarında isə onu yetişdirən kluba borcunu qaytarmaq qərarına gəldi. Ötən il “Argentinos Xuniors”un formasıyla 11 oyunda meydana çıxan 36 yaşlı yarımmüdafiəçi 4 dəfə fərqləndi. İlin sonunda oradan da ayrılan veteran futbolçunun adı bir müddət Paraqvayın “Serro Portenyo” klubuyla yanaşı hallandı. Amma sonda Rikelme butslarını mismardan asmaq qərarını verdi. Onun futbolçu kimi son sözləri isə belə oldu:

“Mənim üçün əlamətdar gündür. Təsəvvür edirsiz, bundan sonra futbol oynamamağa qərar verdim. Yeni həyata başlayıram. Amma bu həyatın futbolla bağlı olub-olmayacağını hələ bilmirəm”.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR